2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
bp Xəzərdə yeni rəqəmsal texnologiya tətbiq etməyə başladı
Bu yaxınlarda bp Şərqi Azəri və Qərbi Çıraq platformalarında üçölçülü (3D) vizuallaşdırma texnologiyasının tətbiqinə başlayıb. Bununla şirkət regionda əməliyyatçısı olduğu bütün obyektlərin rəqəmsal modelləşdirilməsinin birinci mərhələsinə start verib.
Bu yeni texnologiya ölçmə qabiliyyətinə malik yüksək dəqiqlikli təsvirlərdən uzaq məsafədən istifadə etməklə təftiş, planlaşdırma və yoxlama kimi bir sıra mühüm fəaliyyətləri yerinə yetirməyə imkan verir. O, həmçinin virtual rejimdə baxış imkanına malikdir və işçilərin uzaq məsafədən obyektlərə baxış keçirməsinə imkan yaradır. Bu da öz növbəsində bir sıra iş proseslərinin sadələşdirilməsinə, vaxt və xərclərin optimallaşdırılmasına, texniki təhlükəsizliyin təkmilləşdirilməsinə və komandalar arasında daha yaxın əməkdaşlığa şərait yaradır.
Şərqi Azəri platformasının 3D rəqəmsal modeli Xəzərdə bp-nin operatoru olduğu qurğuların bu vaxtadək ilk 3D modelidir. Onun hazırlanması üçün fotoqrammetrik çəkiliş aparılıb, platformanın sferik təsvirlərinin hazırlanması prosesi tamamlanıb və yekun təsvirlər emal edilərək istifadə üçün sistemə yüklənib.
bp 2021-ci ilin sonunadək AÇG yatağındakı bütün dəniz qurğularının 3D vizuallaşdırmasını həyata keçirməyi planlaşdırır və növbəti bir neçə ildə özünün regionda əməliyyatçısı olduğu digər dəniz qurğularında və Səngəçal terminalında da bu rəqəmsal texnologiyani tətbiq etməyi nəzərdə tutur.
3D vizuallaşdırma texnologiyasının tətbiqi çoxmərhələli “Rəqəmsal əkiz” layihəsinin icrasında atılan ilk addımdır. “Rəqəmsal əkiz” obyektin və ya sistemin virtual modelidir və onun bütün istismar müddətini əhatə etməklə və simulyasiya, maşın öyrənməsi və əsaslandırma vasitələrindən istifadə etməklə qərarların qəbul edilməsinə, həmçinin işin məsafədən hazırlanması və icrasına yardım edir.