bp Xəzərin dayazsulu hissəsində qazma işlərinə 2021-ci ilin IV rübündə başlayacaqdır

 bp Xəzərin dayazsulu hissəsində qazma işlərinə 2021-ci ilin IV rübündə başlayacaqdır

Bugün bp Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyat qazma fəaliyyətləri (ikinci quyu) üzrə hazırlanmış Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçirib. Görüş zamanı sənədin ətraflı  təqdimatı keçirilib, ictimaiyyət, media və müstəqil araşdırma müəssisələrinin nümayənələrinin sualları cavablandırılıb.

Məlumat verildiyinə görə Abşeron yarımadası ətrafında dayazsulu hissədə kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi üçün 3 perspektiv sahə seçilib və bu ilin 4-cü rübündə qazma işlərinə  başlanılması və 3 aya qədər davam etməsi planlaşdırılır. Quyunun qazılması Abşeron  yarımadasının Bayıl buxtasına yaxın suyun dərinliyi 7 m olan hissəsində icra edilməsi və qazma prosesində geniş şəkildə müasir rəqəmsal texnologiyalardan istifadə nəzərdə tutulur.  Bu layihə, dənizin 5 və 7 m dərinliyində dayazsulu hissələrində qazma işlərinin yerinə yetirilməsi sahəsində bp –nin ilk təcrübəsi olacaqdır. 3–cü quyunun Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin isə bu ilin sonuna kimi işlənib təhvil verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında yerləşən dayazsulu ərazilərdə potensial perspektiv strukturların birgə kəşfiyyatı və işlənməsi üçün 2014-cü ilin dekabr ayında Hasilatın Pay Bölgüsü haqqında Sazişi (HPBS) imzalayıb.