bp və tərəfdaşları ABB Tech Akademiyasını dəstəkləməkdə davam edir

 bp və tərəfdaşları ABB Tech Akademiyasını dəstəkləməkdə davam edir

bp və onun Azərbaycanda əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşları ABB təşəbbüsü ilə həyata keçirilən “ABB Tech Akademiyası” təlim proqramına öz dəstəyini davam etdirəcək. Layihə ölkədə rəqəmsal texnologiyalar üzrə yeni nəsil işçi qüvvəsinin yaranmasına dəstək vermək məqsədi daşıyır və bp və tərəfdaşlarının Azərbaycanda ümumi mütəxəssis potensialının inkişafına töhfə vermək öhdəliyinin bir hissəsidir. bp bu layihəyə təxminən bir il əvvəl qoşulub və ABB ilə birlikdə ümumilikdə 200 nəfər Azərbaycan vətəndaşının təlimini maliyyələşdirməyi nəzərdə tutur.

Bu gün layihə ilk qrupun məzun buraxılışını qeyd edir. Bu qrupun təlimləri ötən ilin dekabr ayında  başlamışdı. Məzunlara ABB Tech Akademiyası tərəfindən proqramı bitirdiklərinə dair sertifikatlar təqdim olunub. Məzunların təlim zamanı əldə etdikləri bilik və bacarıqlar onlara öz işlərində daha effektiv olmağa imkan verəcək və daha geniş məşğulluq imkanları yaradacaq.

Hazırda həmin proqram üzrə ikinci qrupun təlimləri davam edir, üçüncü qrup isə bu il müfəssəl seçim prosesindən sonra təlimlərə başlayacaq.

ABB Tech Akademiyasının məqsədi innovativ düşünəcək, gələcəyin texnologiyalarına doğru səyləri istiqamətləndirəcək və texnoloji sıçrayışlara töhfə verəcək yeni nəsil peşəkarlar yetişdirməklə yerli İT bazarının inkişafına dəstək verməkdir.