BP və Tərəfdaşları 3-cü rübün yekunlarına dair Biznes Əməliyyatları Hesabatını açıqlayıb

 BP və Tərəfdaşları 3-cü rübün yekunlarına dair Biznes Əməliyyatları Hesabatını açıqlayıb

Biznes əməliyyatları haqqında bu məlumat Azəri-Çıraq-Günəşli yatağının əməliyyatçısı, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin idarəedicisi, həmçinin BTC boru kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin ümumi əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Caspian Sea) Limited” şirkətinin, eləcə də Şahdəniz yatağının əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Shah Deniz) Limited” şirkətinin, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, birgə press relizidir.

                      BİZNES ƏMƏLİYYATLARI HESABATI

 2021-ci ilin üçüncü rübünün yekunları

  

4 noyabr 2021-ci il

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

2021-ci ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə 398 milyon dollardan artıq əməliyyat məsrəfləri və təxminən 1 milyard 243 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

Üçüncü rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi, eləcə də bp-nin icraçısı olduğu digər fəaliyyətlər, plana uyğun şəkildə irəliləmişdir.

Qalan iri avadanlıq yüklərinin və irihəcmli materialların əksəriyyəti rüb ərzində Bakıya çatdırılmışdır. Son dörd iri avadanlıq dəstinin gətirilməsi bu ilin dördüncü rübünə planlaşdırılır və bununla da layihə üzrə nəzərdə tutulmuş bütün avadanlıq daşımaları başa çatmış olacaq.

Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləməklə davam etmişdir. Bu işlərə aşağıdakılar daxildir: boru xətlərinin dikəldilməsi və hidrosınaq işlərinin irəliləməsi, kabellərin çəkilməsi, üst göyərtənin son panelinin və qazma buruğunun aşağı hissəsinin quraşdırılması. Yaşayış modullarının hamısı uğurla göyərtənin üzərinə quraşdırılmışdır və bunun ardınca modulların birləşdirilməsi və daxili montaj işləri başlanmışdır. Qazma qurğusunun mexaniki tamamlanması ilə bağlı təhvil işləri plan üzrə irəliləmiş və qazma avadanlıqlarının istismar sınaq işlərinə  başlanmışdır. İstismar sınaq işləri ilk olaraq  əsas dayaq dəsti və qazma dəsti modullarından başlanmışdır.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi müxtəlif sahələrdə  davam etmişdir. Mərkəzi dayaq çərçivəsinin yana oturdulması başa çatmış, dayaq bloku qüllələrinin quraşdırılması işləri başlanmışdır.

Sualtı qurğular və birləşdirici dirsəklərin tikintisi tamamlanmaq üzrədir. Dənizdə Xankəndi gəmisinin sualtı kəsişmələri qoruma panellərini quraşdırması ilə sualtı quraşdırma işlərinə başlanmışdır.

Layihə həmçinin dənizdə aparılan digər quraşdırma işləri ilə də irəliləmişdir. Bunlara Şərqi Azəri platformasında ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlər daxildir – rüb ərzində izolyasiyalı qaz ötürücü və işəsalma modulu  quraşdırılmışdır.

Üçüncü rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 60% tamamlanmışdı. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.

Hasilat

Üçüncü rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (29 000), Mərkəzi Azəri (109 000), Qərbi Azəri (115 000), Şərqi Azəri (77 000), Dərinsulu Günəşli (87 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə – gündə orta hesabla 461 000 barel və ya ümumilikdə təxminən 126 milyon barel, yəni 17 milyon ton olub.

Sentyabrın 18-də AÇG layihəsi yataqdan 4 milyard barel ümumi hasilat əldə olunması uğurunu qeyd etdi.

AÇG-nin illik iş proqramı çərçivəsində bu il iki platformada  planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilmişdir – ikinci rübdə Qərbi Azəridə və üçüncü rübdə Çıraq platformasında.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 30 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2021-ci ilin ilk üç rübündə AÇG-də 7 neft hasilatı və 3 injektor quyusu qazılmışdır.

Səmt qazı

2021-ci ilin ilk üç rübündə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Səngəçal terminalı

2021-ci ilin üçüncü rübündə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

2021-ci ilin ilk üç rübü ərzində terminal təxminən 172 milyon barel neft və kondensat, o cümlədən 148 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 24 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

İlk üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 58 milyon standart kubmetr (2 milyard 63 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.

 

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: bp (30,10%); AzBTC (25,00%); MOL (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.  

2021-ci ilin üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə 96 milyon dollardan artıq, əsaslı xərclərə isə 22 milyon dollardan artıq vəsait xərclənmişdir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 495 milyon tondan çox (3,71 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4863 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Ceyhan terminalında ilk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 19,6 milyon ton (təxminən 148 milyon barel) xam neft və kondensat 204 tankerə yüklənmiş və yola salınmışdır.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

 

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: bp (operator – 28,83%), TPAO (19,0%), PETRONAS (15,5%), AzŞD (10,0%), LUKOYL (10,0%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi Apstrim (6,67%).

2021-ci ilin ilk üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə 1 milyard 570 milyon dollar əməliyyat xərcləri və təxminən 524 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Bu il Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olunur. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdır. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minmişdir. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.

 

Hasilat

Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.

İlin ilk doqquz ayında yataqdan ümumilikdə – Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

 

Şahdəniz 2 layihəsi

İlin ikinci rübündə Şahdəniz 2 çərçivəsində hasilata başlayan şərq-cənub cinahı üçüncü rübdə tam hasilat səviyyəsinə çatmışdır. Cinahdan hasilat səviyyəsinin artması nəticəsində 2021-ci ilin iyul ayında ilk dəfə olaraq Şahdəniz Bravo platformasından gündəlik hasilat Şahdəniz Alfa ilə eyni səviyyəyə çatmışdır.

Qərb-cənub cinahında İsrafil Hüseynov borudüzən gəmisi sualtı boruların quraşdırılmasını üçüncü rübdə uğurla və qrafiki qabaqlayaraq başa çatdırmışdır. Bu işlər zamanı gəmi özünün ən yüksək icra və məhsuldarlıq göstəricilərinə nail olmuşdur və bu da şərq-şimal cinahında 2022-ci ilin ikinci rübünə planlaşdırılan sualtı borudüzmə işlərini daha tez, 2021-ci ildə başlamağa imkan vermişdir.

Ümumilikdə, qərb-cənub cinahında bütün sualtı quraşdırma işləri 2022-ci ilin ortalarına planlaşdırılan hasilatın başlanması istiqamətində qrafikə uyğun davam edir.

Rüb ərzində həmçinin şimal cinahında son 5-ci quyudan hasilatın 2021-ci ilin dördüncü rübündə başlanmasına hazırlıq işləri davam etmişdir.

 

Qazma əməliyyatları

Üçüncü rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

İstiqlal və Maersk Explorer qazma qurğuları Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb – yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında dörd quyu, şərq-şimal cinahında iki quyu tamamlanıb; qərb- cənub cinahında bir quyu  və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (28,83%), TPAO (19,0%), PETRONAS (15,5%), AzSCP (10,0%), NİKO (10,0%), LUKOYL (10,0%), Cənub Qaz Dəhlizi Midstrim (6,67%).

İlin ilk üç rübü ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 39 milyon dollar, əsaslı xərclər isə təqribən 8 milyon dollar olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

İlin ilk doqquz ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 46,8 milyon kubmetr olmuşdur.

Avqustun 1-də CQBK-nin texniki operatorluğunun BP Eksploreyşn (Şahdəniz) Limited şirkətindən SOCAR Midstream Operations Limited şirkətinə ötürülməsi prosesi başa çatdı. Beləliklə, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv şəkildə həyata keçirmək üçün sıx əməkdaşlıq edərək 2020-ci ilin mart ayında başlamış keçid prosesini 2021-ci ilin iyul ayında uğurla tamamlamış oldular.

Texniki operatorluğun ötürülməsi Şahdənizin işlənməsinin 2-ci fazası və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələr üzrə Yekun İnvestisiya Qərarının bir hissəsi olaraq 2013-cü ilin dekabr ayında imzalanmış CQBK şirkətinin Boru Kəməri Sahibləri Sazişinin yenilənmiş variantında nəzərdə tutulmuş öhdəliklərə uyğun yerinə yetirilmişdir.

 

Geoloji kəşfiyyat

Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində  7189m dərinlikdə tamamlanıb. Hazırda qazma zamanı quyudan əldə edilmiş məlumatların təhlili aparılır. Bu təhlil  karbohidrogen kəşfini dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçün lazımdır.

Abşeron yarımadasının dayazsulu hissəsinin Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına bu il avqust ayının 16-da başlanmışdır.  Quyunun qazma işləri təxminən 2300 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir. Quyu layihə dərinliyinə çatdıqdan sonra, əldə edilmiş məlumatlar təhlil ediləcək və göstəricilər uğurlu olarsa, nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər. Layihə çərçivəsində ikinci kəşfiyyat quyusu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi 2021-ci il 1 iyul tarixində ictimaiyyətə açıqlanıb və hökumətə təqdim edilib. Quyunun bu ilin dördüncü rübündə qazılmasına müvafiq icazələrin alınması üçün sənədin hökumətlə müzakirəsi davam edir.

D230 blokunda seysmik məlumatların interpretasiyası davam edir. Seysmik tədqiqatın interpretasiyasının nəticələri müsbət olarsa, bp kəşfiyyat proqramının  növbəti fəaliyyətlərini nəzərdən keçirəcək.

İşçi heyətimiz

Üçüncü rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2287 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2021-ci ilin ilk üç rübü ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təxminən 1,1 milyon dollar xərcləmişlər.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Bu qəbildən Azərbaycanda həyata keçirilmiş və hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:

  • bp-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. 2021-ci ilin üçüncü rübündə proqram yerli təşkilatlarda bacarıqların inkişafına dəstək fəaliyyətini davam etdirib. Bura Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən 23 peşə təhsili və təlim mərkəzi üçün bacarıqların inkişafı planlarının hazırlanması daxil idi.
  • bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) az təminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək məqsədi daşıyan “Gələcəyini qur” layihəsini həyata keçirir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər və sosial inteqrasiya. Bu günədək layihənin iştirakçısı olmuş 389 şagirdin 334-ü (86%-i) ali məktəblərə daxil olub. Bu il isə hazırlıq kurslarına qoşulmuş 74 nəfər iştirakçıdan 52-si tələbə adını qazanıb. Layihənin nəticələri və ümumi uğurunu nəzərə alaraq, bp və tərəfdaşları layihəni 2021-2022-ci tədris ilində də davam etdirmək qərarına gəliblər.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsi məqsədi daşıyan bir layihəni dəstəkləyir. Layihənin təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbi tərəfindən sertifikatlaşdırılıb və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilat olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış biznes təhsili üzrə dünya səviyyəli kurikuluma əsaslanır. Bu layihə biznes idarəetmə təhsili üzrə ölkədəki tələbatı qarşılamağa kömək etmək üçün nəzərdə tutulub. Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramını Azərbaycana gətirərək onun ADA Universiteti nəzdində həyata keçirilməsini təmin edir. Altı modul üzrə altı aylıq tədrisdən ibarət proqramda ümumilikdə layihə müddəti ərzində 108-dək iştirakçını əhatə etməklə altı qrupun olması planlaşdırılır. Bunlardan 44 iştirakçıdan ibarət iki qrupun təlimi 2020-ci ilin may ayında başa çatmışdır. 39 iştirakçısı olan növbəti iki qrupun təlimi bu ilin oktyabrında başlanıb.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanda data analitikası üzrə tədqiqat və təlim potensialının gücləndirilməsi üçün üç illik təhsil layihəsinə dəstək verir. Bu məqsədlə ADA Universitetində Kompüter Elmləri üzrə və Data Analitikası üzrə rəqabətədavamlı və dayanıqlı ikili magistr dərəcəsi (MSCS/DA) proqramı yaradılmışdır. Bundan əlavə, Data Analitikası (Data Analytics) üzrə Tədqiqat Mərkəzinin əlavə inkişaf etdirilməsi nəzərdə tutulur. Birinci qrup üçün seçilmiş 20 tələbə birinci semestri onlayn başa vuraraq Corc Vaşinqton Universitetində proqram üzrə təhsillərini davam etdirmək üçün ABŞ-a yollanıblar. Hazırda ikinci qrup üçün qəbul prosesi davam edir və indiyədək bu qrupa 13 tələbə seçilmişdir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanda distant təhsilə dəstək məqsədilə yeni sosial layihəyə başlayıb. Layihə karyera planlaması, maliyyə biliyi və sahibkarlıq üzrə məktəbdənkənar təhsil materiallarının hazırlanması və televiziya kanalları və rəqəmsal platformalar vasitəsilə yayılmasını nəzərdə tutur. Bu təşəbbüsdən 13-17 yaş arası təxminən 10000 məktəblinin faydalanacağı gözlənilir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) əlilliyi və inkişafda gecikmələri olan uşaqların müalicə xidmətinin Azərbaycanda inkişafı, həmçinin onların müalicəsi ilə məşğul olan peşəkarlara dəstək olmaq üçün sosial layihə həyata keçirir. Layihə ABŞ-da yerləşən Corctaun Universiteti ilə birgə ölkə daxilində uşaq inkişafı xidmətləri şəbəkəsini genişləndirmək məqsədilə yerli mütəxəssislər üçün təlimlər nəzərdə tutur. Layihə çərçivəsində indiyədək 100 nəfərdən çox yerli mütəxəssis və psixologiya və sosial elmlər sahəsində ixtisaslaşan tələbəyə uşaq sağlamlığı, təhsili və sosial inkişafı üzrə bir sıra vebinarlar keçilmişdir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) şagirdlərin düzgün karyera seçimi etmələrinə dəstək məqsədli bir layihə həyata keçirir. Layihə çərçivəsində 124 məktəbdən ümumilikdə 508 şagird “Karyera bələdçiliyi” testinə qatılmışdır və onlara analitik düşünmə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün test nəticələri üzrə məsləhət verilmiş və qeyri-texniki bacarıqlar üzrə təlimlər keçilmişdir. Bundan əlavə, layihədə 1000-dən çox məktəb və universitet tələbəsi, həmçinin 600-dən artıq valideyn arasında sorğu aparılmışdır. Sorğunun nəticələri məktəblilərin karyera seçimi və təsiredici amillər haqda tədqiqat işinin hazırlanmasında istifadə olunacaq.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) ABB ilə birlikdə 200 Azərbaycan vətəndaşının informasiya texnologiyaları üzrə ixtisas artımı təlimlərini maliyyələşdirərək “ABB Tech Akademiyası” layihəsinə dəstək verir. Layihə ölkənin əmək bazarında yüksək peşəkarlığa malik informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacın təmin edilməsi məqsədini daşıyır. Bu layihə bp və tərəfdaşlarının ölkədə təhsilə, təlimə və yerli potensialın yaradılmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir. İndiyədək bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə 30 nəfər mütəxəssis “ABB Tech Akademiyası”-nı bitirib və daha 20 nəfər təlimlərə yeni qoşulub.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ingilis dili müəllimlərinin və tələbələrinin ingilis dili biliklərini təkmilləşdirməyi nəzərdə tutan yeni sosial layihəni dəstəkləyyir. Layihədən 3000-dən çox tələbə və müəllimin faydalanacağı gözlənilir. Ümumilikdə 74 nəfər müəllim iyun ayında başlanmış və sentyabr ayınadək davam edən təlimləri uğurla bitirib.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Samux, Goranboy və Şəmkir rayonlarından seçilmiş 30 nəfər gənc üçün biznes inkubasiya modelini tətbiq etməklə kənd yerlərində gənc sahibkarlara dəstək məqsədli yeni sosial layihəyə başlayıb. Bu layihə çərçivəsində iştirakçılara öz bizneslərinə başlamalarına dəstək olmaq üçün təlimlər keçilməsi və avadanlıqlar təmin olunması nəzərdə tutulur. Layihə iştirakçıları artıq təlimlərdən keçib, hazırda öz bizneslərini qurmaq üçün biznes planları hazırlayırlar.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) autizm üzrə yerli mütəxəssislər üçün qabaqcıl beynəlxalq təcrübələrə çıxış imkanı yaratmaqla onlara dəstək verməyi nəzərdə tutan layihə həyata keçirir. Layihə çərçivəsində beynəlxalq miqyasda təsdiqlənmiş təlim proqramlarından istifadə etməklə 60 yerli mütəxəssisin ixtisas artımına dəstək, beynəlxalq təlim və tədris materiallarının tərcüməsi, habelə ictimai maarifləndirmə fəaliyyətləri nəzərdə tutulur. Bundan əlavə, bir qrup autizmli şəxsin öz fərdi inkişaf və biznes planlarını hazırlamasına və bununla da onların məşğulluq imkanlarının artırılmasına dəstək veriləcək. Ümumilikdə 10 autizm üzrə yerli mütəxəssis təlimlərin birinci modulunu artıq başa vurub.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) qonşu icmalardakı məktəbləri alternativ və ekoloji cəhətdən təmiz enerji mənbələrinə əsaslanan təhlükəsiz istilik sistemi ilə təmin etmək məqsədi daşıyan yeni sosial sərmayə layihəsinə başlayıb.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Bakı və Gəncədə təlim və təcrübə vasitəsilə yerli işçi qüvvəsinin maliyyə biliklərini artırmaq məqsədli yeni sosial layihəyə başlayıb. 30 Bakıdan və 30-u da Gəncədən olmaqla, layihənin ümumilikdə 60 iştirakçısı öncə maliyyə, mühasibat uçotu və vergilər üzrə təlim keçəcək, daha sonra isə onlara əməli təcrübə imkanları yaradılacaq. Layihə çərçivəsində dövlət və özəl müəssisələrin işəgötürənləri ilə əmək yarmarkasının keçirilməsi də nəzərdə tutulur.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) torpaq eroziyasının və səhralaşmanın qarşısını almaqla karbon tullantılarının kompensasiya olunmasına yönəlmiş ikiillik ətraf mühit layihəsinə dəstək verir. Layihə çərçivəsində Şəmkir və Samux rayonlarında 250 000 yeni ağac əkiləcək və bundan əvvəl əkilmiş 110 000 ağaca qulluq göstəriləcək. Bundan başqa, Qobustan rayonunda seçilmiş ərazinin 1 hektarında suya qənaət edən avadanlıq və çoxqatlı əkin texnologiyası ilə innovativ ağacəkmə sistemi tətbiq ediləcək.

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2021-ci ilin ilk üç rübü ərzində 0,9 milyon dollardan çox vəsait xərcləmişdir.

Bu layihələr aşağıdakılardır:

  • bp şirkəti startap və innovasiya, korporativ maliyyə, marketinq, sosial tədqiqat, beynəlxalq münasibətlər, iqtisadi siyasət, menecment iqtisadiyyatı, biznes və iqtisadiyyat üçün statistika, ekonometrika, psixologiya və informasiya təhlükəsizliyi barədə 14 akademik dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini və çapını dəstəkləmişdir. Layihənin 15-dən çox ali təhsil müəssisələrində 16 ixtisas üzrə tədris keyfiyyətinin artırılmasına töhfə verəcəyi gözlənilir.
  • bp şirkəti Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim və tələbələr üçün geniş biliklərə çıxış və başqaları ilə məlumat bölüşmək imkanları təmin edəcək rəqəmsal kitabxananın yaradılmasına dəstək verir.
  • bp şirkəti Memarlıq və İnşaat Universitetinin elmi-tədqiqat və tədris imkanlarını artırmaq məqsədilə həmin universitetdə elektronika və elektrik mühəndisliyi, enerji səmərəliliyi və bərpa olunan enerji laboratoriyalarının yaradılmasına dəstək verir.
  • bp şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 10 000-dən çox tələbə və müəllim heyətinin nəşriyyat ehtiyaclarını təmin etmək üçün həmin universitetdə poliqrafiya və nəşriyyat mərkəzinin yaradılmasına dəstək verir.
  • bp şirkəti Azərbaycanın və dünyanın ən böyük şairlərindən biri olan Nizami Gəncəvi haqqında tanınmış Azərbaycan ziyalılarının məqalələrinin araşdırılması və təbliği məqsədli bir kitabın hazırlanmasını və nəşrinı dəstəkləyir.
  • bp şirkəti Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir. Bu dəstək çərçivəsində bp özünün səfir atletləri seçilmiş bir qrup milli idmançının Tokio 2020 Oyunlarında iştirakını dəstəkləyib. Bu il bp Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlığının 10 illiyini qeyd edir.
  • bp şirkəti Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə birgə keçirilən “Greentech Yay Düşərgəsi 2021” tədbirinə sponsorluq edib. Bu ikigünlük seminar çərçivəsində yerli və beynəlxalq mütəxəssislər, bir sıra dövlət qurumlarının nümayəndələri və yerli universitetlərin tələbələri Azərbaycanda dəniz külək enerjisindən istifadə, hidrogen istehsalının müxtəlif üsulları və bərpa olunan enerji kimi mövzularda müzakirələr aparmaq və bilik və təcrübə mübadiləsi aparmaq məqsədilə bir araya gəliblər.
  • bp şirkəti ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin geniş miqyasda tanınan və sertifikatlaşdırılmış illik proqramı olan Bakı Yay Enerji Məktəbini dəstəkləyib. Proqram qlobal və Xəzər enerji və ətraf mühit problemlərini, regional boru kəməri və enerji təhlükəsizliyinin inkişafını, energetikanın əsaslarını, enerji hüququ və iqtisadiyyatı araşdırmaq və daha yaxşı öyrənmək məqsədilə Azərbaycandan və digər ölkələrdən 40-a yaxın iştirakçını bir araya gətirib.
  • bp şirkəti tələbələrin biznes bacarıqlarını inkişaf etdirməklə sahibkarlığın təşviq edilməsinə yönəlmiş “Enactus Azərbaycan 2021” milli müsabiqəsinə sponsorluq edib.
  • bp şirkəti ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzinin təşkil etdiyi “Regional enerji təhlükəsizliyi üzrə simpozium 2021 – Qafqaz” tədbirinə dəstək verib. Simpoziumun əsas məqsədi məlumatlandırma və qabaqcıl təcrübələr barədə məlumat mübadiləsi vasitəsilə regional enerji təhlükəsizliyini təşviq etmək idi.
  • bp şirkəti ölkənin startap icmasının Avropadakı təcrübə və maliyyələşdirmə imkanlarına çıxışını təmin etmək məqsədilə yeni layihəyə sponsorluq edir. Layihə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Macarıstanın ixracın təşviqi üzrə dövlət agentliyi ilə əməkdaşlıqda həyata keçirilir. Layihəyə 20-dək yerli startapçını Macarıstan, Almaniya və Birləşmiş Krallığı əsas götürməklə Avropanın innovasiya ekosistemi ilə tanış etmək üçün nəzərdə tutulmuş bir sıra təlim fəaliyyətləri daxildir.