BP-nin Baş İcraçı Direktoru Azərbaycanda qısa müddətli səfərdə olub

 BP-nin Baş İcraçı Direktoru Azərbaycanda qısa müddətli səfərdə olub

bp-nin baş icraçı direktoru Bernard Luni Azərbaycanda ikigünlük səfərdə olub. Bu, onun əvvəlcədən planlaşdırılmış işgüzar səfəridir. Səfər proqramında nəzərdə tutulduğu kimi, cənab Luni Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev ilə görüşmüş və görüşdə bp-nin Xəzər regionunda əsas biznes fəaliyyəti olan neft və qaz layihələri çərçivəsində görülən işləri müzakirə etmişdir.

Görüş zamanı cənab Luni həmçinin bp-nin Azərbaycanla uzunmüddətli tərəfdaşlıq öhdəliyinə sadiq olduğunu bir daha vurğulamış, görüləcək işlər və planlar haqqında məlumat vermiş, bp-nin Azərbaycanda və regionda bərpa olunan enerji layihələri də daxil olmaqla, enerji keçidi sahəsində yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini açıqlamışdır.

Cənab Luni Şəfəq (Sunrise) layihəsini həyata keçirmək, eləcə də neft və qaz əməliyyatlarının dekarbonizasiyasına nail olmaqla Azərbaycanın və bp-nin atmosferə emissiyaları əhəmiyyətli dərəcədə azaltmaq məqsədlərini dəstəkləyən digər imkanlar axtarmaq üçün birgə işləmək baxımından bir müddət öncə bp ilə Energetika Nazirliyi və bp ilə SOCAR  arasında imzalanmış sazişlərin əhəmiyyətini xüsusi vurğulamışdır.

Səfər çərçivəsində cənab Luni bir sıra digər görüşlər, o cümlədən bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionundakı işçi heyəti ilə də görüş keçirmişdir.