Gəncə məktəblərində ingilis dilinin keyfiyyətinin artırılması layihəsi başa çatıb

 Gəncə məktəblərində ingilis dilinin keyfiyyətinin artırılması layihəsi başa çatıb

bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə icra edilən Gəncə məktəblərində ingilis dili tədrisinin keyfiyyətinin artırılmasına dəstək məqsədli təhsil proqramı uğurla tamamlanıb.

Layihə Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və bp və tərəfdaşlarının təhsilin inkişafını dəstəkləmək və ölkənin təhsil müəssisələrinin ümumi potensialını artırmaq öhdəliyinin bir hissəsidir.

Proqram xüsusi olaraq təxminən 120 məktəb müəlliminin öz ingilis dili biliklərini artırmasına və tədris metodologiyalarını təkmilləşdirməsinə yardım etmək üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə ingilis dilinin xarici dil (EFL) kimi tədrisinin ən müasir və kommunikativ formalarına əsaslanan geniş təlimlər keçirilmişdir. Buna müvafiq olaraq, proqramın kurikulumu tədris metodologiyasının bütün aspektlərini əhatə etməklə ümumi ingilis dilindən, yəni ingilis dilində şifahi və yazılı ünsiyyət və metodologiya təlimindən ibarət olub.

Layihənin bütün iştirakçıları Elm və Təhsil Nazirliyinin Gəncə–Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən seçilib. Təlim qrafiki də bu idarə tərəfindən təklif edilib və beş həftə ərzində gündə altı akademik saatdan ibarət olub. Dərslər hər birində 12 müəllim olmaqla 10 qrupda keçirilib.

Seçilmiş müəllimlərin proqram çərçivəsində irəliləyişini qiymətləndirmək üçün onlar proqramın əvvəlində dil səviyyəsi testi, proqramı bitirdikdən sonra isə Aptis testləri veriblər.

Layihənin ümumi dəyəri təxminən 261000 AZN (154000 ABŞ dolları) təşkil edib və “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən yerinə yetirilib.

Layihə BP-nin Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – “SOCAR”, “TPAO”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “SGC”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “TotalEnergies”, “Eni”, “ONGCVidesh”  birgə maliyyələşdirilib.