bp istedadlı yerli gənclər üçün beynəlxalq universitetlərə qəbul imkanını artırır

 bp istedadlı yerli gənclər üçün beynəlxalq universitetlərə qəbul imkanını artırır

Bu gün bp ölkənin yüksək ixtisaslı yerli kadrlar yetişdirmək istiqamətindəki səylərinə dəstək olaraq həyata keçirdiyi bir sosial sərmayə layihəsinin nəticələrini elan edib. Bu təhsil layihəsi bp-nin dünya səviyyəli təcrübə və bacarıqlar formalaşdırmaqla ölkənin dayanıqlı gələcəyinin qurulmasına dəstək olmaq öhdəliyinin bir hissəsi olaraq seçilib. Layihə çərçivəsində bp aparıcı beynəlxalq universitetlərə hazırlaşmaq üçün 15 istedadlı Azərbaycan gəncinin hazırlıq təlimlərini maliyyələşdirib. Layihə iştirakçıları bu cür yüksək keyfiyyətli hazırlıq kurslarının xərclərini qarşılamaq imkanı olmayan aztəminatlı ailələrdən seçiliblər. Layihə çərçivəsində qrup və fərdi şəkildə təklif olunan 10 aylıq hazırlıq kurslarında iştirakçılar əksər beynəlxalq kollec və universitetlərin tələbə qəbulu üçün istifadə etdiyi SAT və IELTS testlərinə və qəbul imtahanlarına hazırlaşıblar.  Layihədə həmçinin iştirakçıların beynəlxalq tələbələr üçün tam təqaüd təklif edən universitetlərlə əlaqə saxlamasına və həmin universitetlərə müraciət etməsinə yardım göstərilib. Hazırkı mərhələdə bütün nəticələr tam məlum olmasa da, bp-nin dəstəklədiyi 15 iştirakçıdan 12-i Türkiyənin Koç Universiteti, Niderlandın “Erasmus University Rotterdam”, Belçikanın “Ghent University”, Qlazqo Universiteti, Turin Politexnika Universiteti, Sinqapur Milli Universiteti, Honqkonq Universiteti, Koreyanın Qabaqcıl Elm və Texnologiyalar İnstitutu və Toronto Universiteti kimi Qərbin və Asiyanın yüksək reytinqli universitetlərinə qəbul olublar. Layihənin uğurla bitməsi münasibətilə bu gün keçirilən tədbirdə layihə iştirakçılarına sertifikatlar verilmişdir. Universitetlərə artıq qəbul olunmuş gənclərə isə əlavə olaraq bp planşetlər təqdim etmişdir.