bp Dayazsulu Abşeron geoloji-kəşfiyyat layihəsində 25% payını LUKOİL şirkətinə satır

 bp Dayazsulu Abşeron geoloji-kəşfiyyat layihəsində 25% payını LUKOİL şirkətinə satır

bp Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının  25%-ni LUKOYL şirkətinə satmağı razılaşdırıb.

Alqı-satqı əməliyyatı tamamlandıqdan sonra bp-nin AYDH layihəsində 25% iştirak payı olacaq. bp həmçinin geoloji-kəşfiyyat dövründə AYDH hasilatın pay bölgüsü haqqında sazişinin (HPBS) operatoru olaraq qalacaq. Sövdələşmə bitdikdən sonra AYDH sazişində iştirak payları belə olacaq: SOCAR-ın Ortaq Neft Şirkəti – 50%, bp – 25% və LUKOYL – 25%.

Bu sövdələşmənin Azərbaycan hökuməti tərəfindən təsdiq olunduqdan sonra  2021-ci il 1 iyul tarixindən qüvvəyə  minməklə bu ilin dördüncü rübündə başa çatacağı gözlənilir.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Biz LUKOYL şirkətinin AYDH layihəsi tərəfdaşlığına qoşulmasından çox məmnunuq. Bu, bizim Şahdəniz layihəsindəki uğurlu əməkdaşlığımızın davamı olacaq. Əgər uğurlu olarsa, həm Azərbaycana, həm də bizim tərəfdaşlığımıza dəyərlər gətirəcək bu layihənin geoloji-kəşfiyyat proqramını LUKOYL və SOCAR-la yaxından işləyərək həyata keçirəcəyik.”

Vahid Ələkbərov, LUKOYL şirkətinin prezidenti: “LUKOYL-un bp və SOCAR-ın layihəsinə qoşulması Rusiya və Azərbaycanın enerji sahəsində beynəlxalq əməklaşlığın inkişafı ilə bağlı milli maraqlarına uyğundur. İnanıram ki, tərəfdaşların topladığı bütün elmi və texniki ehtiyatlar Abşeron yarımadasının dayaz sularındakı bu  perspektiv sahənin işlənməsinə təkan verəcək.”

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AYDH dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS bp və SOCAR arasında 2014-cü ilin dekabr ayında Bakıda imzalanıb və 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunub. AYDH dəniz blokunun Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına 16 avqust tarixində başlanıb və qazma işlərinin 2021-ci ilin 4-cü rübündə tamamlanacağı gözlənilir. Quyunun ümumi dərinliyinin 2424 metrə çatacağı planlaşdırılır. Bundan sonra quyudan əldə edilmiş məlumat analiz ediləcək və göstəricilər uğurlu olarsa, nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.