bp bərpa olunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılmasını dəstəkləyəcək

 bp bərpa olunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılmasını dəstəkləyəcək

bp şirkəti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) bu gün bərpa olunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması üçün saziş imzalayıb.

Bu saziş bərpa olunan enerji sahəsində ixtisaslaşan yeni nəsil yerli mühəndislərin hazırlanması məqsədilə bp-nin iki milyon dollarlıq sosial sərmayə layihəsinin ADNSU-da həyata keçəcəyini nəzərdə tutur.

Bu, ölkə üçün tamamilə yeni bir təhsil proqramı olacaq və universitetə Azərbaycanın enerji keçidi səylərinə dəstək olacaq və ölkənin yeni enerji erasını irəli aparacaq peşəkar mütəxəssislər hazırlamağa imkan yaradacaq.

“İnanırıq ki, Xəzər regionunun gələcəyi yeni tərəfdaşlıqlara bağlıdır. Bu tərəfdaşlıqlar neft və qaz sahəsindən kənara çıxmaqla bərpa olunan enerji kimi yeni sahələri əhatə etməlidir. Bu gün başladığımız layihə Azərbaycanın yeni enerji erasına rahat keçidinə dəstək olmaq səylərimizi birləşdirmək imkanlarından biridir. Bu universitet proqramı üzrə tədris alacaq mütəxəssislər ölkənin ehtiyac duyacağı yeni bacarıq və biliklərdən istifadə etməklə, ölkənin inşa edəcəyi yeni obyektləri idarə etməklə və bütün dünyanın inkişaf etdirməyə çalışdığı yeni texnologiyaları tətbiq etməklə ölkənin enerji gələcəyinə yol açacaqlar. Bu layihə tamamilə gələcəyə yönəlib. İnanırıq ki, bu gələcək də ötən 30 il ərzində Azərbaycanla qurduğumuz tərəfdaşlıq qədər parlaq olacaq” – bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirmişdir.

Bu saziş bundan öncə bp ilə Təhsil Nazirliyi arasında yerli universitetlərin birində bir Böyük Britaniya universiteti ilə tərəfdaşlıqda bərpa olunan enerji mənbələri ixtisasları üzrə ail təhsil proqramının yaradılması üçün əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumuna əsaslanır. Bu təhsil proqramının neft-qaz mühəndislərinin hazırlanmasında bir əsrdən artıq təcrübəyə malik Azərbaycanın aparıcı universitetlərindən biri olan ADNSU-da yaradılması qərara alınmışdır.