2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
bp Azərbaycanın Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlığını davam etdirəcək
Bu gün bp şirkəti Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlığının müddətini uzatmaq qərarını elan edib. Yeni sazişə əsasən bp 2024-cü ilin sonuna qədər ölkənin milli komandalarına dəstəyini davam etdirəcək.
İlkin tərəfdaşlıq sazişi London 2012 Oyunlarından əvvəl 2012-ci ilin yanvar ayında imzalanıb və həmin vaxtdan etibarən bu sazişin müddəti 2013, 2016-cı illərdə və indi isə 2024-cü ilə qədər olmaqla üç dəfə uzadılıb. Bu tərəfdaşlıq Azərbaycanda milli idmanın inkişafına dəstək məqsədilə iki komitə ilə sıx əməkdaşlıq üçün əla imkan yaradıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, bp və Azərbaycan Milli Olimpiya Komitəsi arasında imzalanan Yerli Tərəfdaşlıq haqqında Saziş Azərbaycanda Olimpiya Hərəkatına dəstək olacaqdır. Olimpiya Hərəkatının əsasında duran iki əsas məsələdən biri könüllülərin, digəri isə tərəfdaşların fəaliyyətidir. Məhz bu iki istiqamətdəki fəaliyyət Olimpiya Hərəkatını daha da möhtəşəmliyini təmin edir. O, Azərbaycanın biznes strukturları ilə əməkdaşlıq qurub birgə fəaliyyət etməkdən məmnun olduğunu bildirib. Bildirib ki, bu saziş Azərbaycan idmanının inkişafına töhfə verəcəkdir.
Həmçinin tədbirdə çixiş edən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, 10 ildən artıq bp şirkəti ilə əməkdaşlıq etdiklərini vurğulayaraq imzalanan tərəfdaşlıq haqqında saziş ölkəmizdə paralimpiya hərəkatının inkişafına daha da təkan verəcəyini bildirib. Bu müddət ərzində birlikdə müxtəlif sosial layihələr, ölkəmizin ev sahibliyi etdiyi paracüdo üzrə beynəlxalq Qran-Prilər, uşaq paralimpiya hərəkatı ilə bağlı keçirilən müxtəlif tədbirlərdə hər zaman bp şirkətinin bizimlə birlikdə olduğunu görməkdən olduqca məmnunuq.
Daha sonra o, bildirib ki, Milli Paralimpiya komandası Tokio XVI Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Məqsədimiz qarşıdan gələn Paris Yay Paralimpiya Oyunlarında bu nəticəni ən azı təkrarlamaqdır. Növbəti Paralimpiya Oyunlarına hazırlıq ərəfəsində, qarşıdan gələn beynəlxalq yarışlarda da bp kimi nüfuzlu şirkəti öz aramızda görməyə çox şad olarıq. bp şirkətinin Azərbaycanda Paralimpiya idman növlərini dəstəkləməyə davam etməsi idmanın cəmiyyətdəki hər bir şəxs üçün olduğunu bir daha vurğulamağa yardım edir. O, bp şirkəti ilə münasibətlərin bundan sonra da genişlənərək daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Xatırladaq ki, bp həmçinin Azərbaycanın çoxsaylı iri beynəlxalq idman tədbirlərində, o cümlədən müvafiq olaraq 2015 və 2017-ci illərdə Bakıda keçirilmiş birinci Avropa Oyunlarında və dördüncü İslam Oyunlarında, 2020 və 2021-ci illərdə Bakıda keçirilmiş Paracüdo üzrə Dünya Qran-Pri yarışlarında iştirakını dəstəkləmişdir.