BP İcmaların inkişafı üçün 3 sosial layihəni başa çatdırıb

 BP İcmaların inkişafı üçün 3 sosial layihəni başa çatdırıb

Bu gün bp şirkəti özünün əməliyyatçısı olduğu ixrac boru kəmərləri boyunca yerləşən icmaların inkişafına yönəlmiş üç sosial layihənin uğurla tamamlandığını elan edib. Bu layihələr,  Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – “SOCAR”, “TPAO”, “PETRONAS”, “MOL”, “LUKOİL”, “NİCO”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “SGC”, “İTOCHU”, “ONGC”, “TOTAL”, “Eni”  adından icra edilib.

Bu sosial layihələrin ümumi dəyəri təxminən 900 000 AZN olub,  Tovuz, Ağstafa, Hacıqabul və Kürdəmir rayonlarında icra edilib.

Qonşu icmalarda həyata keçirilmiş sosial sərmayə təşəbbüslərinin dayanıqlı nəticələri ilə yaxından tanış olmaq üçün tərəfdaş şirkətlərin və bp-nin bir qrup nümayəndəsi 14-15 iyul tarixlərində Tovuz, Samux (“Şirin Qızıl” layihəsi), Yevlax (“Gələcəyini qur” layihəsi) və Kürdəmir rayonlarına səfər etmişdir.

Məlumat üçün bildirmək istərdik ki, Tovuz rayonunda həyata keçirilən birillik layihənin məqsədi kənd yerlərindəki qadınların kiçik sahibkarlıq səriştələrinin və bacarıqlarının inkişafına və onların məşğulluq imkanlarının artırılmasına dəstək vermək idi. Layihə çərçivəsində  aztəminatlı və həssas ailələrdən olan ümumilikdə 60 qadın üçün biznes inkişafı imkanları təmin edilib. Onlara öz kiçik bizneslərini idarə etmək üçün lazım olan bacarıqların inkişaf etdirilməsi üzrə xüsusi təlimlər keçilib, həmçinin dərzilik, saç ustalığı, qənnadı məmulatlarının bişirilməsi, arıçılıq və dəyirmançılıq kimi kiçik həcmli gəlir yaradan fəaliyyətlərə başlamaq üçün  lazımi  avadanlıqlar verilib.

Tovuz və Ağstafa rayonlarında eləcə də inklüziv təhsilə dəstək məqsədli layihə çərçivəsində 300 nəfər məktəbəqədər təhsil işçisi və orta məktəb müəllimi üçün (200 nəfər Tovuz rayonunda və 100 nəfər Ağstafa rayonunda) təkmilləşdirmə imkanları təmin edilib. Onlara inklüziv təhsil sahəsində 10 mövzu üzrə təlim keçilib və layihə çərçivəsində yerli ekspertlər tərəfindən hazırlanmış beş yeni təlim materialı təqdim  edilib. Bunlara inklüziv təhsil mühitində təlim prosesinin təşkili üzrə  praktik tövsiyələr də daxildir. Bundan əlavə, layihə çərçivəsində Tovuz rayonundakı İnklüziv Təhsil Mərkəzinə inklüziv təhsil üzrə yerli və beynəlxalq ədəbiyyat da bağışlanıb.

bp və tərəfdaşlarının həyata keçirdiyi icma infrastrukturunun yaxşılaşdırılması layihəsinin yekun mərhələsində Hacıqabul və Kürdəmir rayonlarında yerləşən ümumilikdə 200 uşaq üçün nəzərdə tutulmuş üç uşaq bağçası (biri Hacıqabulda,  ikisi isə Kürdəmirdə) təmir edilib istifadəyə verilmişdir. Bununla da, bp və tərəfdaşlarının həyata keçirdiyi layihələrin və fəaliyyətlərin qonşuluğundakı icmalarda sosial infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş, ümumi dəyəri 2 milyon AZN-dən çox olan 5 illik proqram başa çatıb. Bu iri sosial infrastruktur proqramı 2016-cı ildə başlanmışdı. Həmin proqram çərçivəsində indiyədək qonşu icmalarda ümumilikdə 14 uşaq bağçası təmir olunmuş və avadanlıqla təchiz olunmuşdur.