IRENA and Azerbaijan Unveil Renewable Energy Partnership for Central Asia at COP29
BP 2024-cü ilin I rübü üzrə Biznes Əməliyyatlarının hesabatını açıqlayıb
BİZNES ƏMƏLİYYATLARI HESABATI
2024-cü ilin birinci rübünün yekunları
Azəri-Çıraq-Günəşli (AÇG)
AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2024-cü ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 115 milyon dollar əməliyyat məsrəfləri və 347 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
Yanvar ayında AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanmışdır. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır.
Birinci rübdə Azəri Mərkəzi Şərqi (ACE) layihəsi öz əsas məqsədi, yəni ACE platformasından hasilatın başlanması istiqamətində böyük irəliləyiş etdi.
Rüb ərzində ACE platformasının qurudan idarəetmə sistemi işə salındı və bununla da ACE bp-nin tam qurudan idarə olunan ilk dəniz platformasına çevrildi.
Bundan əlavə, layihə çərçivəsində ilk neft üçün tələb olunan bütün hazırlıq işləri, o cümlədən 2023-cü ilin dekabrında qazılmağa başlanmış ilk hasilat quyusunun qazma işləri, tamamlandı. Mart ayında bu quyu öz 3150 metr ümumi dərinliyinə çatdı və bütün digər hazırlıqlar bitəndən sonra 16 aprel tarixində ACE-dən ilk neft əldə olunub.
ACE platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir.
Hasilat
2024-cü ilin ilk üç ayında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (92 000), Qərbi Azəri (79 000), Şərqi Azəri (53 000), Dərinsulu Günəşli (63 000) və Qərbi Çıraq (31 000) platformalarından birlikdə – gündə orta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 31 milyon barel, yəni 4 milyon ton olub.
Rübün sonunda AÇG-də ümumilikdə 139 neft hasilatı quyusu, 43 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
Birinci rüb ərzində AÇG-də 3 neft hasilatı və 1 su injektoru quyusu tamamlanmışdır.
Səmt qazı
2024-cü ilin birinci rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,4 milyon kubmetr, ümumilikdə isə 0,7 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Səngəçal terminalı
Birinci rübdə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Rüb ərzində terminal təxminən 55 milyon bareldən çox neft və kondensat ixrac etmişdir ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilmişdir.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 75 milyon standart kubmetr (təxminən 2 milyard 660 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.
Bakı-Tbilisi-Ceyhan (BTC)
Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.
Birinci rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 33 milyon dollar, əsaslı xərclərə isə 7 milyon dollar vəsait xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 568 milyon ton (4,3 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5629 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 72 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.
Şahdəniz
Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NİKO (10,00%).
2024-cü ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 719 milyon dollar əməliyyat xərcləri və təxminən 201 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Hasilat
Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
İlin ilk üç ayında yataqdan ümumilikdə – Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və 1 milyon tondan çox (təqribən 9 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79,5 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
2024-cü ilin birinci rübündə Şahdəniz 2 layihəsi çərçivəsində daha bir uğurlu irəliləyiş oldu. Fevralın 13-də, bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılandan sonra yatağın şərq-şimal cinahından hasilat başlandı. Bununla da Şahdəniz 2 layihəsinə daxil olan beş sualtı işlənmə cinahının əhatə etdiyi bütün sualtı infrastruktur – bütün sualtı boru kəmərləri, hasilat manifoldları, sualtı elastik kabellər və birbaşa elektrik isitmə sistemi uğurla təhvil verilmiş oldu.
Xankəndi sualtı tikinti gəmisi Şahdəniz 2 çərçivəsində göstərdiyi xidmətlərin həcmini genişləndirərək layihənin quraşdırma və istismaravermə işləri ilə yanaşı yatağın işlənməsi ilə bağlı daimi fəaliyyətlərə də dəstək verməyə başladı. Bura hazırda istismarda olan bütün Şahdəniz 2 sualtı hasilat obyektlərində aparılan müxtəlif xidmətlər, tədqiqatlar və müdaxilə işləri daxildir.
Qazma əməliyyatları
Birinci rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
Rüb ərzində İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirmişdir. Bura şərq-şimal cinahında SDH03 quyusunun tamamlama işləri və qərb cinahında SDD05 quyusunun qazma işlərinin başlanması daxildir.
Ümumilikdə Şahdəniz 2 çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
Cənubi Qafqaz Boru Kəməri (CQBK)
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NİKO (10,00%).
İlin birinci rübündə CQBK-nin əməliyyat xərcləri təqribən 17,3 milyon dollar, əsaslı xərclər isə təxminən 1,2 milyon dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 61,7 milyon kubmetr olmuşdur.
Geoloji kəşfiyyat
2024-cü ilin birinci rübündə biz Azəri-Çıraq-Günəşli yatağının dərin qaz laylarının potensialını öyrənmək və həmin layların gələcək işlənmə planlarını müəyyənləşdirmək məqsədilə AÇG strukturunda qazdığımız qiymətləndirmə quyusundan (A22z) əldə olunmuş məlumatların təhlilini davam etdirdik. Quyunun qazılmasına 7 fevral 2023-cü il tarixində başlanmışdı və quyu həmin ilin aprel ayında tamamlanmışdı.
Birinci rübdə həmçinin Şahdəniz müqavilə sahəsində hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontları qiymətləndirmək məqsədilə qazılmış kəşfiyyat quyusundan (SDX-8) əldə olunmuş məlumatların təhlili davam etmişdir. Quyunun qazılmasına 20 yanvar 2023-cü il tarixində başlanmışdı və quyu dekabr ayında öz 7000 metr layihə dərinliyinə çatdıqdan sonra təhlükəsiz şəkildə müvəqqəti bağlanmışdı.
Şəfəq-Asiman dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusunda – SAX01-də aşkar edilmiş karbohidrogen ehtiyatlarının dəyərləndirilməsi və növbəti fəaliyyətlərin planlaşdırılması işləri davam etmişdir.
İşçi heyəti
2024-cü ilin birinci rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2377 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Sosial sərmayələr
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2024-cü ilin birinci rübündə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təqribən 0,2 milyon dollar vəsait xərcləmişlər. Rüb ərzində bu layihələrə hazırda davam edən 13 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxildir.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə birinci rübdə 0,4 milyon dollardan artıq vəsait xərcləyib.
Rüb ərzində bu layihələrə hazırda davam edən 11 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 4 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 1 layihə və müxtəlif mövzularda 2 konfrans və seminara dəstək fəaliyyəti daxildir.