BP 2023-cü il Biznes Əməliyyatları üzrə hesabatını təqdim edib

 BP 2023-cü il Biznes Əməliyyatları üzrə hesabatını təqdim edib

Biznes əməliyyatları haqqında bu məlumat Azəri-Çıraq-Günəşli yatağının əməliyyatçısı, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin idarəedicisi, həmçinin BTC boru kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin ümumi əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Caspian Sea) Limited” şirkətinin, eləcə də Şahdəniz yatağının əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Shah Deniz) Limited” şirkətinin, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, birgə press relizidir.

BİZNES ƏMƏLİYYATLARI HESABATI

 2023-cü ilin yekunları

 12 fevral 2024-cü il

 

Azəri-Çıraq-Günəşli (AÇG)

 AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

2023-cü il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 504 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 518 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

2023-cü ildə Azəri Mərkəzi Şərqi (ACE) platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınmış və AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılmışdır. Bu qurğu 16 mart tarixində dənizə yola salınanadək istismar sınaqları vasitəsilə tam yoxlanmışdı.

Aprel ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ACE platformasının üst modullarının inşa edildiyi Bibiheybətdəki tikinti-quraşdırma sahəsinə baş çəkərək tikintisi artıq başa çatmış qurğu dənizə öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olmuşdur.

Üst modulların quruda aparılması planlaşdırılan əsas istismar sınaqları ilin birinci yarısında uğurla başa çatdırıldı.

İlk dəfə olaraq təhlükəsizlik sınaqları quruda, həm də azot qazından istifadə etməklə icra olundu. Əvvəllər belə sınaqlar yalnız dənizdə platforma işə salınarkən sistemə karbohidrogen vurmaqla keçirilirdi, ACE-də isə buna ehtiyac olmadı.

Əsas istismar sınaqları bitdikdən sonra, avqust ayının 7-də ACE platformasının üst modulları inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsindən AÇG yatağı sahəsinə yola salındı. Üst modulların daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırıldığından bu işlər təxminən iki günə tamamlandı.

Daha sonra dənizdə montaj-sazlama işləri ilə layihə davam etdirildi və platforma yaşayış üçün hazır vəziyyətə gətirildi. Bu da platformada heyət sayının artırılmasına və dördüncü rübdə bir sıra mühüm işlərin başa çatdırılmasına imkan yaratdı ki, bunlardan ən mühümü dekabr ayında ACE platformasının əməliyyatlara təhvil verilməsi oldu.

Eyni zamanda, layihə çərçivəsində qazma qurğusunun hazırlığı istiqamətində işlər davam etdirildi, o cümlədən inteqrasiya olunmuş təhvilalma testi heç bir ciddi məsələ aşkarlanmadan başa çatdırıldı. Bundan sonra dörd quyu konduktoru tam dərinliyədək uğurla qazıldı və qazma sistemləri bütövlükdə təhvil verildi.

Dekabr ayının 4-də ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlandı.

İlin sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 97% tamamlanmışdı. Bu ilin əvvəllərində ACE-dən hasilatın başlanması üçün tələb olunan bütün digər işlər və hazırlıqlar qrafikə uyğun olaraq davam edir.

Hasilat

2023-cü ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (86 000), Şərqi Azəri (58 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (33 000) platformalarından birlikdə – gündə orta hesabla 363 000 barel və ya ümumilikdə təxminən 133 milyon barel, yəni 18 milyon ton olub.

Dekabr ayının 12-də AÇG Qərbi Azəri platformasından bir milyardıncı barel neft hasilatının əldə olunmasını qeyd etdi.

İlin sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

İl ərzində AÇG-də 8 neft hasilatı, 6 su injektoru və 1 qaz injektoru quyusu tamamlanmışdır.

Səmt qazı

2023-cü il ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,5 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Səngəçal terminalı

2023-cü ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

2023-cü ildə terminal təxminən 230 milyon bareldən çox neft və kondensat, o cümlədən 229 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 1 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.

Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 71 milyon standart kubmetr (təxminən 2 milyard 515 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.  

2023-cü il ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 120 milyon dollar, əsaslı xərclərə isə 46 milyon dollar vəsait xərclənmişdir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 561 milyon ton (4,2 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5557 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. BTC-nin ümumilkdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi 18 yanvar 2023-cü il tarixində qeyd edilmişdir.

2023-cü ildə BTC vasitəsilə ixrac olunmuş təqribən 30 milyon ton (təxminən 227 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 313 tankerə yüklənmiş və yola salınmışdır.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NİKO (10,00%).

 2023-cü ildə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 2 milyard 194 milyon dollar əməliyyat xərcləri və təxminən 892 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Hasilat

İl ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.

2023-cü ildə yataqdan ümumilikdə – Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 26 milyard standart kubmetr qaz və 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 77 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.

Şahdəniz 2 layihəsi

 2023-cü ildə Şahdəniz 2 layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından 2024-cü ilin əvvəllərinə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləmişdir.

Layihə çərçivəsində şərq-şimal cinahında bütün sistemin istismar üçün təhvil verilməsi başa çatdırılıb. Hazırda bu cinahın EN03 quyusunun tamamlama əməliyyatları, həmçinin sualtı və təhvilvermə işləri üzrə fəaliyyətlər davam edir.

Qazma əməliyyatları

 İl ərzində Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

İstiqlal qazma qurğusu SDF03z quyusunun təkrar tamamlama işlərini və SDF05 quyusunun tamamlama işlərini bitirmişdir.

Ümumilikdə Şahdəniz 2 çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NİKO (10,00%).

 İl ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 77,7 milyon dollar, əsaslı xərclər isə 13,8 milyon dollardan çox olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

İl ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,1 milyon kubmetr olmuşdur.

Geoloji kəşfiyyat

2023-cü ildə biz Azəri-Çıraq-Günəşli strukturunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni bir qiymətləndirmə quyusu (A22z) qazdıq. 7 fevral 2023-cü il tarixində qazılmağa başlanan quyu aprel ayında tamamlandı. Hazırda AÇG-nin dərin qaz laylarının potensialını öyrənmək məqsədilə quyudan əldə olunmuş məlumatların təhlili aparılır.

2023-cü ildə biz həmçinin Şahdəniz müqavilə sahəsində hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontları qiymətləndirmək məqsədilə yeni bir kəşfiyyat quyusu (SDX-8) qazdıq. Qazma işləri 20 yanvar tarixində başlanmış quyu dekabr ayında öz 7000 metr layihə dərinliyinə çatdıqdan sonra təhlükəsiz şəkildə müvəqqəti bağlanmışdır. Hazırda quyudan əldə olunmuş məlumatların təhlili aparılır.

2023-cü ildə biz Şəfəq-Asiman dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusundan – SAX01-dən əldə edilmiş məlumatların təhlili nəticələrinin interpretasiyasını başa çatdırdıq. Quyuda aşkar edilmiş karbohidrogen ehtiyatlarının dəyərləndirilməsi və növbəti fəaliyyətlərin planlaşdırılması işləri hazırda davam edir.

 İşçi heyətimiz

2023-cü iin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2353 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2023-cü ildə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 2 milyon dollardan artıq vəsait xərcləmişlər. İl ərzində bu layihələrə hazırda davam edən 16 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 4 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxildir.

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə il ərzində təxminən 0,9 milyon dollar vəsait xərcləyib.

İl ərzində bu layihələrə hazırda davam edən 14 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 5 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 3 layihə və müxtəlif mövzularda 18 konfrans və seminara dəstək fəaliyyəti daxildir.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.