bp 2021-ci ilin 6 ayı üzrə biznes əməliyyatları üzrə hesabatını təqdim edib

 bp 2021-ci ilin 6 ayı üzrə biznes əməliyyatları üzrə hesabatını təqdim edib

Biznes əməliyyatları haqqında bu hesabatda, Azəri-Çıraq-Günəşli yatağının əməliyyatçısı, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin idarəedicisi, həmçinin BTC boru kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin ümumi əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Caspian Sea) Limited” şirkətinin, eləcə də Şahdəniz yatağının əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Shah Deniz) Limited” şirkətinin hər biri öz layihələrinə aid məlumat və açıqlamaları  təqdim edir.

Azəri-Çıraq-Günəşli (AÇG)

 AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

2021-ci ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 266 milyon dollar əməliyyat məsrəfləri və 846 milyon dollardan artıq əsaslı məsrəflər xərclənmişdir.

COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, ilin birinci yarısında Azəri Mərkəzi Şərqi (ACE) layihəsi eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam etmişdir.

İri avadanlıq yüklərinin və irihəcmli materialların  tikinti-quraşdırma işlərinin qrafikini dəstəkləyərək Bakıya daşınması davam etmişdir. Sualtı qurğular və birləşdirici dirsəklərin quraşdırılması üzrə mühəndis-layihə işləri ikinci rübdə başa çatmışdır.

Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləməklə davam etmişdir. Bu işlərə aşağıdakılar daxildir: qazma avadanlığı modulu üzərində qazma sahəsi göyərtəsinin quraşdırılması, mexaniki avadanlıq dəstlərinin quraşdırılması, boru xətlərinin quraşdırılması, dikəldilməsi və kabellərin çəkilməsi.  Üst modulların sürüşdürülərək yüklənməsi üçün relslərin hazırlanmasına başlanmışdır. Yaşayış modulları Bakıya çatdırılmış, quraşdırma sahəsində boşaldılmış və ilk üç modul artıq öz mövqeyinə qaldırılmışdır.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi müxtəlif sahələrdə  davam etmişdir. Mərkəzi  dayaq çərçivələrinin qaynaq işləri irəliləmiş və dayaq blokunun barjın üzərinə  sürüşdürülməsi əməliyyatına hazırlıq işlərinə başlanmışdır.

İkinci rüb ərzində həmçinin dənizdə aparılan bir sıra quraşdırma işləri də irəliləmişdir. Bunlara Şərqi Azəri platformasında ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlər daxildir.

Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi tamamlanmışdır və bununla bağlı planlaşdırlmış modifikasiya işləri bu ilin dördüncü rübündə başlanacaq.

Ümumilikdə, 2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək  üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.

2021-ci ilin birinci yarısında AÇG yatağında səmərəli hasilatı maksimuma çatdırmaq üçün məhsuldar layları daha yaxşı öyrənmək və hasilat və suvurma fəaliyyətlərini daha dəqiq planlaşdırmaq məqsədilə AÇG layihəsi çərçivəsində yüksək sıxlıqlı seysmik tədqiqat aparılmışdır. Altı ay müddətində və üç gəmi vasitəsilə həyata keçirilən tədqiqat fəaliyyətləri təhlükəsiz və qrafikə uyğun şəkildə yerinə yetirilmişdir. Tədqiqat zamanı ekipajlı gəmilərdən əlavə, həmçinin özü idarə olunan suüstü gəmi və məsafədən idarə olunan kiçik ölçülü sualtı qurğudan da istifadə edilmişdir.

 

Hasilat

İkinci rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Yarım il üçün AÇG-dən ümumi hasilat – Çıraq (30 000), Mərkəzi Azəri (111 000), Qərbi Azəri (118 000), Şərqi Azəri (78 000), Dərinsulu Günəşli (88 000) və Qərbi Çıraq (43 000) platformalarından birlikdə – gündə orta hesabla 468 000 barel və ya ümumilikdə təxminən 85 milyon barel, yəni 11 milyon ton olub.

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq ikinci rübdə Qərbi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilmişdir.

Plana əsasən Qərbi Azəri platformasından hasilat təxminən 13 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılmışdır.

İkinci rübün sonunda AÇG-də ümumilikdə 131 neft hasilat quyusu, 44 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2021-ci ilin birinci yarısında AÇG-də 6 neft hasilatı və 3 suvurma quyusu qazılmışdır.

Səmt qazı

2021-ci ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9,1 milyon kubmetr, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Səngəçal terminalı

Birinci yarımildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Altı ay ərzində terminal təxminən 115 milyon barel neft və kondensat, o cümlədən 99 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 16 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

İlk altı ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 55 milyon standart kubmetr (1 milyard 930 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.

2021-ci ilin ikinci rübündə bp Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)  təşkilatçılığı ilə Səngəçal terminalının personalı və işçi heyəti üçün iş yerində COVID-19 əleyhinə könüllü vaksinasiya kampaniyası keçirmişdir. Rübün sonuna bp əməkdaşları və işçi heyəti də daxil olmaqla terminal personalının təxminən 66%-i öz iş yerlərini tərk etmədən, iş qrafiklərinə və sahədəki karantin qaydalarına əməl etməklə peyvənd olunmuşdur.

 

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: bp (30,10%); AzBTC (25,00%); MOL (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.  

2021-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə 69 milyon dollardan artıq, əsaslı xərclərə isə 12 milyon dollardan artıq vəsait xərclənmişdir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 488 milyon tondan çox (3,66 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4796 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Ceyhan terminalında ilk iki rüb ərzində BTC vasitəsilə ixrac olunmuş 13 milyon tondan artıq (təqribən 99 milyon barel) xam neft və kondensat 137 tankerə yüklənmiş və yola salınmışdır.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

 

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: bp (operator – 28,8%), TPAO (19%), PETRONAS (15,5%), AzŞD (10%), LUKOYL (10%), NİKO (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%),

 2021-ci ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 140 milyon dollar əməliyyat xərcləri və 366 milyon dollardan çox əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

İlin ikinci rübündə Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olundu. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdır. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minmişdir. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.

 

Hasilat

Birinci yarımildə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir. Şahdəniz qazının 31 dekabr 2020-ci il tarixindən başlayaraq Avropa bazarlarına çatdırılması 2021-ci ilin birinci yarısında da davam etmişdir.

İlin ilk altı ayı ərzində yataqdan ümumilikdə – Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə 10 milyard standart kubmetr qaz və təqribən 1,9 milyon ton (15,1 milyon barel) kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

Şahdəniz 2 layihəsi

 İlin ikinci rübündə Şahdəniz 2 çərçivəsində 540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilata başlanmışdır. Bu, 2021-ci il üçün planlaşdırılmış və təhlükəsiz, qrafikə və büdcəyə uyğun yerinə yetirilmiş mühüm bir hadisədir. Dərinsulu Şərq-Cənub cinahından hasilat dənizdə bütün əlaqədar quraşdırma və istismar sınaqları uğurla başa çatdıqdan sonra 30 iyun 2021-ci il tarixində başlandı. Cinahın 2021-ci ilin üçüncü rübündə tam hasilat səviyyəsinə çatacağı gözlənilir.

Qazma əməliyyatları

 İkinci rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

İstiqlal qazma qurğusu 3 sualtı quyuda – SDF03, SDF04 və SDC05 quyularında – tamamlama işlərini bitirib. Maersk Explorer qurğusu SDH03 quyusunun alt hissəsini tam dərinliyinədək qazıb və quyu konservasiya olunub.

Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb – yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində dörd quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində bir quyu  və şərq cinahın şimal hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (28,8%), TPAO (19%), PETRONAS (15,5%), AzSCP (10%), NİKO (10%), LUKOYL (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%),

İlin birinci yarısında CQBK-nin əməliyyat xərcləri təqribən 27 milyon dollar, əsaslı xərclər isə təqribən 11 milyon dollar olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

İlin ilk altı ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 46,51 milyon kubmetr olmuşdur.

 

Geoloji kəşfiyyat

Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində  7189m dərinlikdə tamamlanıb. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Lakin bu ehtiyatların qiymətləndirilməsi üçün əlavə işlərə ehtiyac var və buna görə də nəticələrə baxmaq və qiymətləndirmə işlərinin növbəti addımlarını planlaşdırmaq məqsədilə qazma işlərinin müvəqqəti dayandırılması qərara alınıb. Bu addımlara potensial olaraq məlumatların yenidən emalı və ardınca bir yanlülə qiymətləndirmə quyusunun qazılması daxildir.

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş üç yerdə kəşfiyyat quyularının qazılması işlərinin planlaşdırılması davam edir. İlk kəşfiyyat quyusu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi 2020-ci ilin avqust ayında ictimaiyyətə açıqlandı və sənədin müzakirəsi bitdikdən sonra 2021-ci ilin yanvar ayında hökumət tərəfindən təsdiqləndi. İlk quyunun qazılması işlərinin başlanması 2021-ci ilin uçüncü rübünə planlaşdırılır.

D230 blokunda seysmik məlumatların interpretasiyası davam edir. Seysmik tədqiqatın interpretasiyasının nəticələri müsbət olarsa, bp kəşfiyyat proqramının  növbəti fəaliyyətlərini nəzərdən keçirəcək.

İşçi heyətimiz

Birinci yarımilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2344 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2021-ci ilin birinci yarısı ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təxminən 0,5 milyon dollar xərcləmişlər.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Bu qəbildən Azərbaycanda həyata keçirilmiş və hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:

  • bp-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. 2021-ci ilin birinci yarısında proqram iki əsas istiqamətdə öz fəaliyyətini davam etdirib – Bakı, Gəncə, Şəmkir, Yevlax və Tovuz rayonlarından 25 şirkəti təmsil edən sahibkarlar üçün maliyyə təlimi və SİP-də iştirak edən seçilmiş şirkətlərə müxtəlif mövzularda təlim sessiyaları. Bu müddət ərzində 25 şirkətdən 15-i proqram çərçivəsində sertifikat əldə edib.
  • bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) az təminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək məqsədi daşıyan “Gələcəyini qur” layihəsini həyata keçirir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər vermək və sosial inteqrasiya. Bu günədək layihənin iştirakçısı olmuş 315 şagirdin 282 nəfəri (90%-i) ali məktəblərə daxil olub. Layihənin nəticələri və ümumi uğurunu nəzərə alaraq bp və tərəfdaşları layihəni 2020-2021-ci tədris ilində də davam etdiriblər. Ümumilikdə 74 nəfər iştirakçısı olan builki proqramın nəticələri hazırda davam edən qəbul imtahanlarından sonra bilinəcək.
  • bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında ilkin olaraq 100 icma üzvünü əhatə edən yeni gəlir imkanları yaradılması layihəsini həyata keçirmişdir. Bu əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanlarıdır. “Şirin qızıl” adlanan bu layihə bp-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən daha iki rayonu – Ağstafa və Tovuz rayonlarını əhatə etməklə uzadılmışdır. Layihənin üç il bir ay – 2017-2021-ci illər üçün nəzərdə tutulmuş bu yeni mərhələsinin məqsədi 500 nəfərdən çox icma üzvünə fayda vermək və arıçılığın inkişafı üçün 110,000-dən çox nektar ağacı əkmək idi. Ümumilikdə 100,000-dən çox nektar ağacı əkilmiş və 530 nəfərdən çox yeni layihə benefisiarı seçilmiş və onlara təlim keçilmişdir. Layihə 2021-ci ilin yanvar ayında başa çatmışdır. Layihənin dayanıqlı nəticələri ilə yaxından tanış olmaq üçün tərəfdaş şirkətlərin və bp-nin bir qrup nümayəndəsi bu yaxınlarda Samuxda yerləşən bal ormanı sahəsinə baş çəkmişdir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsi məqsədi daşıyan bir layihəni dəstəkləyir. Layihənin təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbi tərəfindən sertifikatlaşdırılıb və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilat olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış biznes təhsili üzrə dünya səviyyəli kurikuluma əsaslanır. Bu layihə biznes idarəetmə təhsili üzrə ölkədəki cari tələbatı qarşılamağa kömək etmək üçün nəzərdə tutulub. Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramını Azərbaycana gətirərək onun ADA Universiteti nəzdində həyata keçirilməsini təmin edir. Altı modul üzrə altı aylıq tədrisdən ibarət proqramda ümumilikdə layihə müddəti ərzində 108 nəfərədək iştirakçını əhatə etməklə altı qrupun olması planlaşdırılır. Bunlardan 44 iştirakçıdan ibarət iki qrupun təlimi artıq başa çatmışdır. Ölkədəki COVID-19 karantin rejimi çərçivəsində canlı dərslərə icazə verildikdə digər qrupların təlimləri davam edəcəkdir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) kənd yerlərindəki qadınların kiçik sahibkarlıq səriştələrinin və bacarıqlarının inkişafına və onların məşğulluq imkanlarının artırılmasına dəstək layihəsini uğurla başa çatdırıb. Layihə çərçivəsində Tovuz rayonunda İcmalardakı Ailələrə Dəstək Klubu yaradılmış və həssas ailələrin uşaqlarına gündəlik qayğı mərkəzi kimi xidmət göstərmək üçün yerli hökumət orqanına təhvil verilmişdir. Bundan əlavə, aztəminatlı və həssas ailələrdən olan ümumilikdə 60 qadına öz kiçik bizneslərini idarə etmək üçün lazım olan bacarıqların inkişaf etdirilməsi üzrə xüsusi təlimlər keçilmiş, həmçinin dərzilik, saç ustalığı, qənnadı məmulatlarının bişirilməsi, arıçılıq və dəyirmançılıq kimi kiçik həcmli gəlir yaradan fəaliyyətlərə başlamaq üçün lazımi avadanlıqlar verilmişdir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanda data analitikası üzrə tədqiqat və təlim potensialının gücləndirilməsi üçün üç illik təhsil layihəsinə dəstək verir. Bu məqsədlə ADA Universitetində Kompüter Elmləri üzrə və Data Analitikası üzrə rəqabətədavamlı və dayanıqlı ikili magistr dərəcəsi (MSCS/DA) proqramı yaradılmışdır. Bundan əlavə, Data Analitikası (Data Analytics) üzrə Tədqiqat Mərkəzinin əlavə inkişaf etdirilməsi nəzərdə tutulur. Birinci qrup üçün seçilmiş 20 tələbə birinci semestri onlayn başa vuraraq Corc Vaşinqton Universitetində proqram üzrə təhsillərini davam etdirmək üçün ABŞ-a yollanıblar. Hazırda ikinci qrup üçün qəbul prosesi davam edir və indiyədək bu qrupa 13 tələbə seçilmişdir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Tovuz və Ağstafa rayonlarında inkluziv təhsilə dəstək məqsədli sosial layihəni uğurla həyata keçirmişdir. Layihə çərçivəsində 300 nəfər məktəbəqədər təhsil işçisi və orta məktəb müəlliminə inklüziv təhsil sahəsində 10 mövzu üzrə təlim keçilmiş və təlim materialı təqdim edilmişdir. Bundan əlavə, inklüziv təhsil haqqında təlim materialları və məlumat kitabları (inklüziv təhsil mühitində təlim prosesinin təşkili üzrə praktik tövsiyələr də daxil olmaqla) hazırlanmış və müəllimlər üçün inklüziv təhsil üzrə resurs mərkəzi müvafiq ədəbiyyatla təmin edilmişdir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) əlilliyi və inkişafda gecikmələri olan uşaqların müalicə xidmətinin Azərbaycanda inkişafı, həmçinin onların müalicəsi ilə məşğul olan peşəkarlara dəstək olmaq üçün sosial layihə həyata keçirir. Layihənin hədəfi ABŞ-da yerləşən Corctaun Universiteti ilə birgə ölkə daxilində uşaq inkişafı xidmətləri şəbəkəsini genişləndirmək məqsədilə yerli mütəxəssislər üçün təlimlərin keçilməsidir. Layihə çərçivəsində 100 nəfərdən çox yerli mütəxəssis və psixologiya və sosial elmlər sahəsində oxuyan tələbəyə uşaq sağlamlığı, təhsili və sosial inkişafı üzrə bir sıra vebinarlar keçilmişdir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) tələbələrin düzgün karyera seçimi etmələrinə dəstək məqsədli bir layihə həyata keçirir. Layihə çərçivəsində 124 məktəbdən ümumilikdə 508 tələbə “Karyera bələdçiliyi” testinə qatılmışdır və onlara analitik düşünmə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün test nəticələri üzrə məsləhət verilmiş və qeyri-texniki bacarıqlar üzrə təlimlər keçilmişdir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) ağacəkmə kampaniyasını təbliğ etməyə yönəlmiş ekoloji layihəni uğurla başa çatdırmışdır. Layihə çərçivəsində Bakının Xocəsən qəsəbəsi yaxınlığında 11 hektar ərazidə 10 000-dən çox ağac əkilmiş və su təchizatı və suvarma sistemi qurulmuşdur.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Beynəlxalq Bankı ilə birlikdə 200 Azərbaycan vətəndaşının təhsil almasını maliyyələşdirərək yeni bir təşəbbüsə imza atıb. Layihə ölkənin əmək bazarında yüksək peşəkarlığa malik informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacın təmin edilməsinə dəstək verir. Bu layihə bp və tərəfdaşlarının ölkədə təhsilə, təlimə və yerli potensialın yaradılmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Hazırda 30 seçilmiş mürtəxəssis bu təşəbbüs çərçivəsində keçirilən kurslarda iştirak edir.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ingilis dili müəllimlərinin və tələbələrinin ingilis dili biliklərini təkmilləşdirməyi nəzərdə tutan yeni sosial layihəyə başlayıb. Layihədən ümumilikdə 3000-dən çox tələbə və müəllimin faydalanacağı gözlənilir. İyun ayında başlanmış və 2021-ci ilin sentyabr ayınadək davam edəcək təlimlərdə iştirak etmək üçün ümumilikdə 74 müəllim qiymətləndirmədən keçib.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Samux, Goranboy və Şəmkir rayonlarından seçilmiş 30 nəfər gənc üçün biznes inkubasiya modelini tətbiq etməklə kənd yerlərində gənc sahibkarlara dəstək məqsədli yeni sosial layihəyə başlayıb. Bu layihə çərçivəsində iştirakçılara öz bizneslərinə başlamalarına dəstək olmaq üçün təlimlərin verilməsi və avadanlıqların təmin olunması nəzərdə tutulur.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) autizm üzrə yerli mütəxəssislər üçün qabaqcıl beynəlxalq təcrübələrə çıxış imkanı yaratmaqla onlara dəstək verməyi nəzərdə tutan layihə həyata keçirir. Layihə çərçivəsində beynəlxalq miqyasda təsdiqlənmiş təlim proqramlarından istifadə etməklə 60 nəfər yerli mütəxəssisin inkişafına dəstək, beynəlxalq təlim və tədris materiallarının tərcüməsi, habelə ictimai maarifləndirmə fəaliyyətləri nəzərdə tutulur. Bundan əlavə, bir qrup autizmli şəxsin öz fərdi inkişaf və biznes planlarını hazırlamasına və bununla da onların məşğulluq imkanlarının artırılmasına dəstək veriləcək.

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2021-ci ilin birinci yarısında 0,4 milyon dollardan çox vəsait xərcləmişdir.

Bu layihələr aşağıdakılardır:

  • bp şirkəti davamlılıq və tədarük-təchizatın idarə edilməsi; insan resurslarının idarə olunması; media və kütləvi kommunikasiyalar; bank işi və maliyyə bazarları; marketinqin prinsipləri; menecmentin əsasları; sosial işlərdə etik dəyərlər barədə 10 akademik dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini və çapını dəstəkləmişdir. Gözlənilir ki, layihə ali təhsil müəssisələrində adları sadalanan sahələr üzrə tədrisin keyfiyyətini qaldıracaq və bundan 10 universitetdə 17,000-dən çox tələbə faydalanacaq. Bütün kitabların tərcüməsi tamamlanıb və həmin kitablar yerli universitetlərə və kitabxanalara bağışlanıb.
  • bp şirkəti Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim və tələbələri geniş biliklərə çıxış və başqaları ilə məlumat bölüşmək imkanları ilə təmin etmək üçün rəqəmsal kitabxananın yaradılmasına dəstək verir.
  • bp şirkəti Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir. Bu tərəfdaşlığın bir hissəsi olaraq bp bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını maliyyələşdirir. 2016-cı ildə bp Azərbaycanın milli yığmalarına və hər iki milli komitəyə dəstəyini davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzatmışdır. Bu ilin may ayında bp İBSA Judo Grand Prix Bakı 2021 yarışmasına sponsorluq etdi. Yarışlara 38 ölkəni təmsil edən 350-yə yaxın idmançı və nümayəndə qatılmışdı. Hazırda bp seçilmiş bir qrup milli idmançının Tokio oyunlarında iştirakına dəstək verir.
  • Fevral ayında keçirilən IADC Drilling Caspian 2021 konfransı və sərgisinin sponsorluğu. Konfrans, qazma sənayesində mövcud çətinlikləri və ən yaxşı təcrübələri, qabaqcıl texnologiyaların inkişafını, həmçinin SƏTƏM göstəricilərinin yaxşılaşdırılması üçün istifadə edilə biləcək yeni qurğular və prosesləri müzakirə etmək üçün bu sənayenin aparıcı şirkətlərini və qazma mütəxəssislərini bir araya gətirdi.
  • bp şirkəti 2019-cu ilin sonundan öz təqaüd proqramını yenidən bərpa edib. Proqramın məqsədi universitetlərin neft-kimya sahəsi üzrə ixtisaslaşan ikinci kurs tələbələrinin ingilis dili biliklərini təkmilləşdirməkdir. Layihə nəticəsində təkmilləşmiş ingilis dili biliklərinə malik olan tələbələr öz karyera hədəflərinə doğru daha inamla irəliləmək imkanı qazanacaqlar.
  • bp xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş “Fərqli Fərdlər” konqresinə dəstəyini davam etdirir. Sözügedən konqres bu sahədə daha yaxşı nəticələr əldə etməyin yollarını araşdırmaq üçün yerli və xarici mütəxəssisləri bir araya gətirir.
  • bp şirkəti özünün ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək öhdəliyi çərçivəsində “EY İlin İş Adamı” müsabiqəsinə sponsorluq edib. Müsabiqənin məqsədi yerli bizneslərin inkişaf səylərini qiymətləndirmək və sahibkarlıq sahəsindəki nailiyyətlərini mükafatlandırmaqdır.
  • bp 2021-ci ilin aprel ayında “Rəqəmsal İdarəetmədə Süni İntellekt” mövzusunda keçirilmiş beynəlxalq konfrans və data yarışmasına sponsorluq edib. Konfransın əsas məqsədi Azərbaycanda süni intellekt əsaslı texnologiyaların tətbiqini sürətləndirmək, digər ölkələrin təcrübəsini öyrənmək və bu sahədəki yeni çağırışları və perspektivləri müəyyən etmək idi.