Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu imzalanıb

 Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu imzalanıb

Bulgartransgaz (Bolqarıstan), Transgaz (Rumıniya), FGSZ (Macarıstan), Eustream (Slovakiya) və SOCAR (Azərbaycan) arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Bolqarıstan Prezidenti Rumen Radevin iştirakı ilə baş tutub. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson isə tədbirə onlayn formatda qoşulub. Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Rumıniyanın energetika naziri Virgil Daniel Popescu, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıb.
Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
İmzalanma mərasmində çıxış edən energetika naziri Pərviz Şahbazov deyib ki, dövlət liderlərimizin ölkələrimiz arasında yüksəksəviyyəli münasibətləri, həmrəyliyi və strateji tərəfdaşlığı təmin edən siyasət və xidmətlərinin töhfəsi olaraq Azərbaycandan Avropaya təbii qaz tədarükünün yeni bir istiqaməti üzrə birgə əməkdaşlığa imza atıldı: “Bu sənədin mzalanması “Həmrəylik halqası”  təşəbbüsünün həyata keçirilməsində mühüm addımdır.  Bu yeni layihə iki ildən artıqdır ki, Cənub Qaz Dəhlizi sayəsində tərəfdaşlarımızın etibarlı və sabit enerji təchizatında strateji rol oynayan Azərbaycan qazının alternativ marşrutla yeni bazarlara çıxışını təmin edəcək.”
Çıxışda “Həmrəylik halqası” marşrutundakı infrastrukturların təkmilləşdirilməsinin əhəmiyyətindən bəhs edilib və bu təşəbbüs üzrə əməkdaşlığın Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun icrasına töhfə verəcəyi qeyd edilib.