Birinci rübdə respublikada neft hasilatı 8,3 milyon ton, təbii qaz hasilatı isə 11,8 milyard kub metr təşkil edib

 Birinci rübdə respublikada neft hasilatı 8,3 milyon ton, təbii qaz hasilatı isə 11,8 milyard kub metr təşkil edib

2022-ci ilin birinci rübü ərzində Azərbaycanda 8,3 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

Respublika üzrə neft hasilatının 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.

Hesabat dövründə 6,7 milyon tona yaxın neft (kondensatla birlikdə) ixraca nəql olunub.

2022-ci ilin yanvar-mart aylarında ölkədə 11,8 milyard kub metr  təbii qaz hasil edilib. Qazın 3,5 milyard kub metri AÇG-dən, 6,4 milyard kub metri “Şahdəniz”dən, 1,9 milyard kub metri SOCAR üzrə hasil olunub.

Hesabat dövründə xaricə qaz satışı 5,9 milyard kub metr təşkil edib. Türkiyəyə 2,2 milyard kub metr, Avropaya 2,6 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 4 milyard kub metrdən çox qaz nəql olunub. 

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2022-ci il tarixinədək 587 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 552 milyon tona yaxın neft, “Şahdəniz”dən isə 35 milyon tondan çox kondensat çıxarılıb.

Yataqlar istismara veriləndən 2022-ci ilin 01 aprel tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 193 milyard kub metrdən çox, “Şahdəniz”dən isə 164 milyard kub metrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən 112 milyard kub metrdən çox qaz ixraca nəql edilib.

Ölkədə neftin emalı 2022-ci ilin birinci rübündə 1,6 milyon ton təşkil edib.