“Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 avqust 2023-cü il

 

Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi

QAYDASI

Azərbaycan Respublikası Prezidentinin

2023-cü il 2 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 8.4, 8.6 və 9.3-cü maddələrinə əsasən, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasını, habelə istehsalçı ilə bağlanılan müqavilələrin xüsusiyyət və şərtlərini, eləcə də bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi zamanı zəmanətli tariflərin formalaşdırılması meyarlarını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. hərrac – bərpa olunan enerji mənbələri ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik enerjisi istehsal edəcək istehsalçının seçilməsi və elektrik enerjisinin satınalma müqaviləsində tətbiq ediləcək zəmanətli tarifin müəyyən edilməsi üçün açıq auksion və müsabiqə formasında keçirilən prosedur;

1.2.2. hərrac iştirakçısı – bu Qaydaya uyğun olaraq hərracda iştirak üçün təklif verən hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

1.2.3. istehsalçı – elektrik stansiyasında elektrik enerjisi istehsal edən şəxs;

1.2.4. ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədi – ixtisas uyğunluğunun müəyyənləşdirilməsi mərhələsində səlahiyyətli orqan tərəfindən hərrac iştirakçılarına təqdim edilən və hərracda iştirak üçün tələbləri ehtiva edən sənəd;

1.2.5. ilkin texniki-iqtisadi əsaslandırma – layihənin icra müddətini, texniki, maliyyə, iqtisadi, ekoloji və sosial baxımdan icrasının mümkünlüyünü, habelə zəmanətləri və Qanunda nəzərdə tutulmuş təminatları ehtiva edən sənəd;

1.2.6. layihə – bərpa olunan enerji mənbələrinin ərazisində elektrik stansiyasının tikintisinə (quraşdırılmasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına), idarə edilməsinə və istismarına yönəlmiş təşkilati, hüquqi, elmi, texnoloji və iqtisadi tədbirlərin məcmusu;

1.2.7. müqavilə üzrə öhdəliklərin icrasına təminat – istehsalçının imzalanmış müqavilələr üzrə səlahiyyətli orqan qarşısında götürdüyü öhdəliklərə verilən təminat (bank zəmanəti, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri);

1.2.8. təkliflər sorğusu sənədi – hərracın qalibinin müəyyənləşdirilməsi mərhələsində səlahiyyətli orqan tərəfindən hərrac iştirakçılarına təqdim edilən, ixtisas uyğunluğu tələblərinə cavab verən və layihənin hüquqi, texniki və maliyyə aspektlərinə dair tələbləri ehtiva edən sənəd;

1.2.9. səlahiyyətli orqan – Qanunun 8.1-ci maddəsinə uyğun olaraq, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsini həyata keçirən Azərbaycan Respublikasının Energetika Nazirliyi.

1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

1.4. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tələb edilən məlumatlar (sənədlər) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsində müəyyən edilmiş qaydada əldə olunur.

2. Layihənin həyata keçirilməsinə dair şərtlər və tələblər

2.1. Səlahiyyətli orqan, layihənin xüsusiyyətlərini nəzərə almaqla, onun həyata keçirilməsi ilə bağlı aşağıdakı tədbirləri görür:

2.1.1. layihənin icra ediləcəyi bərpa olunan enerji mənbələrinin ərazisi və elektrik stansiyasının gücü, elektrik enerjisi şəbəkəsinə qoşulma və infrastruktur məsələlərini həll edir;

2.1.2. dövlət və istehsalçı tərəfindən verilən təminatları, onların həcmini və müddətini müəyyən edir;

2.1.3. layihənin predmeti olan elektrik stansiyalarının tikintisi (quraşdırılması, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) işlərinin başlanma və bitmə tarixlərini, tərəflər arasında tətbiq ediləcək dəbbə pulunun məbləğini müəyyən edir;

2.1.4. namizədlərə dair ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədində əks olunmuş meyarları (maliyyə göstəricilərini, həyata keçirdiyi layihələri, maddi-texniki potensialını, texnoloji həlləri, icra planını, yerli işçi qüvvəsi və yerli məhsullardan istifadə) müəyyən edir;

2.1.5. layihənin istismar müddəti başa çatdıqdan sonra elektrik stansiyasının utilizasiyası şərtlərini müəyyən edir;

2.1.6. təminat müddəti başa çatdıqdan sonra elektrik enerjisinin satışı və torpaqdan istifadə ilə bağlı məsələləri həll edir;

2.1.7. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tələb olunan lisenziyaların və icazələrin siyahısını müəyyən edir;

2.1.8. müqavilə tərəfləri arasında mübahisələrin həlli üsullarına dair təklifləri təqdim edir;

2.1.9. istehsalçının seçimi üçün təqdim ediləcək bərpa olunan enerji mənbələrinin ərazisi üçün Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş tədbirləri həyata keçirir;

2.1.10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Qanunda və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan digər şərtlərə riayət olunması üçün tədbirlər görür.

2.2. Layihənin səlahiyyətli orqan tərəfindən hazırlanan ilkin texniki-iqtisadi əsaslandırmasında ərazi üzrə bərpa olunan enerji mənbələrinin potensialı, layihənin gücü, layihənin ekoloji və sosial aspektləri, ərazi üzrə aparılmış tədqiqatlar, elektrik enerjisi şəbəkəsinə qoşulma, infrastruktur, topoqrafik məlumatlar, maliyyə təhlili, layihənin ilkin dəyəri ilə bağlı məlumatlar və layihənin texnoloji aspektləri əks olunur.

2.3. Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan obyektlərin layihələndirilməsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə aid olduqda, bu obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası aparılmalıdır. ƏMTQ sənədinin hazırlanmasını hərrac və ya birbaşa cəlbetmə üsulu ilə seçilmiş istehsalçı təmin edir.

3. Müqavilələrin şərtləri

3.1. Qanunun 8.4-cü maddəsinə uyğun olaraq, aşağıdakı müqavilələr bağlanılır:

3.1.1. investisiya müqaviləsi – səlahiyyətli orqanla istehsalçı arasında;

3.1.2. elektrik enerjisinin satınalma müqaviləsi – zəmanətli alıcı ilə istehsalçı arasında;

3.1.3. elektrik şəbəkəsinə qoşulma müqaviləsi – elektrik stansiyasının qoşulacağı şəbəkədən asılı olaraq, dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi ilə istehsalçı arasında.

3.2. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan müqavilələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Qanunun, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmaqla aşağıdakılara dair məlumatlar daxil edilir:

3.2.1. müqavilənin tərəfləri;

3.2.2. müqavilənin predmeti və anlayışlar;

3.2.3. müqavilənin müddəti;

3.2.4. müqavilənin qüvvəyəminmə tarixi;

3.2.5. layihənin ümumi prinsipləri;

3.2.6. müqavilə üzrə tərəflərin öhdəlikləri, məsuliyyəti və təminatlar;

3.2.7. fors-major hallar;

3.2.8. müqaviləyə xitam verilməsinin əsasları;

3.2.9. müqaviləyə vaxtından əvvəl xitam verildikdə tərəflərin hüquq və öhdəlikləri;

3.2.10. sığorta məsələləri;

3.2.11. müqavilə üzrə tətbiq olunacaq normativ hüquqi aktlar;

3.2.12. mübahisələrin həlli qaydası;

3.2.13. müqavilədən irəli gələn məsələlərlə bağlı tərəflərin məlumatlandırılması qaydası;

3.2.14. müqavilənin dili;

3.2.15. xərclər;

3.2.16. müqavilədə dəyişiklik edilməsi qaydası və şərtləri;

3.2.17. məxfilik rejiminin təmin edilməsi şərtləri;

3.2.18. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Qanunda və Azərbaycan Respublikasının digər qanunlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan digər şərtlər.

3.3. Bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan müqaviləyə bu Qaydanın 3.2-ci bəndində göstərilənlərdən əlavə, aşağıdakı şərtlər daxil edilir:

3.3.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq alınmalı olan lisenziya və icazələrin siyahısı, habelə onların alınması ilə bağlı səlahiyyətli orqan və istehsalçının öhdəlikləri;

3.3.2. istehsalçı tərəfindən layihənin yerinə yetirilməsi təminatının şərtləri;

3.3.3. istehsalçının ölkənin iqtisadi inkişafına töhfələri ilə bağlı öhdəlikləri (yerli işçi qüvvəsi və podratçıların cəlbi, təlimlərin təşkili və s.);

3.3.4. səlahiyyətli orqan tərəfindən istehsalçıya layihənin icrası ilə bağlı verilən müstəsna hüquqların (layihədən əldə olunan gəlir, investisiya təşviqi sənədində nəzərdə tutulan güzəştlər və s.) məzmunu.

3.4. Bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan müqaviləyə bu Qaydanın 3.2-ci bəndində göstərilənlərdən əlavə, aşağıdakı şərtlər daxil edilir:

3.4.1. layihənin predmeti olan elektrik stansiyasının istismar müddəti başa çatdıqdan sonra utilizasiya şərtləri;

3.4.2. tərəflərə layihə ilə bağlı xidmətlər göstərən mütəxəssisin təyin olunması qaydası, onun hüquq və vəzifələri, xidmət haqqının ödənilməsi şərtləri;

3.4.3. elektrik stansiyasının tikintisi (quraşdırılması, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) müddətində hər hansı gecikmələr və tətbiq edilə biləcək dəbbə pulu da daxil olmaqla elektrik enerjisinin alqı-satqısı ilə bağlı əməliyyatlar;

3.4.4. zəmanətli tarifin və digər ödəmələrin müəyyənləşdirildiyi valyuta və ödəniş şərtləri;

3.4.5. vergilər, gömrük və digər dövlət ödənişləri haqqında məlumat;

3.4.6. imzalanacaq digər müqavilələr haqqında məlumat;

3.4.7. Qanuna uyğun olaraq investora verilən təminatlar və onların yerinə yetirilməsi şərtləri, habelə investor tərəfindən verilən təminatlar;

3.4.8. ölçmələrə, ölçü cihazlarına dair tələblər;

3.4.9. hesablaşma, ödəniş şərtləri və ödəniş müddəti.

3.5. Bu Qaydanın 3.1.3-cü yarımbəndində nəzərdə tutulan müqaviləyə bu Qaydanın 3.2-ci bəndində göstərilənlərdən əlavə, aşağıdakı şərtlər daxil edilir:

3.5.1. elektrik stansiyasının elektrik enerjisi şəbəkəsinə qoşulması ilə bağlı tələblər;

3.5.2. qoşulma qurğuları ilə bağlı tərəflərin öhdəlikləri;

3.5.3. elektrik stansiyasının tikintisinə və istismarına dair tələblər;

3.5.4. elektrik stansiyasına və qoşulma qurğularına münasibətdə mülkiyyət hüququ;

3.5.5. elektrik enerjisi verilişinin dayandırılması və yenidən bərpası şərtləri;

3.5.6. qoşulma haqları;

3.5.7. elektrik stansiyasının və digər tikililərin idarə edilməsi müddətində texniki xidmət və təmirlə bağlı tələblər;

3.5.8. həyata keçirilən fəaliyyət haqqında səlahiyyətli orqana təqdim olunan dövri (aylıq, rüblük, illik) hesabatlar;

3.5.9. bərpa olunan enerji mənbəyi ilə bağlı proqnoz məlumatları;

3.5.10. təhlükəsizlik qaydaları və mühafizə avadanlığı;

3.5.11. ölçmələrə, ölçü cihazlarına dair tələblər;

3.5.12. hesablaşma, ödəniş şərtləri və ödəniş müddəti.

3.6. Elektrik enerjisinin satınalınma müqaviləsi üzrə verilmiş təminatın müddəti müəyyənləşdirilərkən investisiya xərclərinin (əldə ediləcək gəlir daxil olmaqla) və investisiya məqsədilə götürülmüş kreditlərin geri qaytarılması müddəti, habelə layihənin xüsusiyyətləri, ərazidə bərpa olunan enerji mənbələrinin potensialı və investisiyanın məbləği nəzərə alınmalıdır.

3.7. Təminat müddəti başa çatdıqdan sonra istehsalçı ilə elektrik enerjisinin alıcısı arasında münasibətlər elektroenergetika sahəsinə aid normativ hüquqi aktlarla tənzimlənir.

3.8. Təminat müddətinin başa çatması torpaqdan və su obyektlərindən istifadə, infrastruktur məsələləri, o cümlədən istehsal olunan enerjinin elektrik enerjisi şəbəkəsi ilə ötürülməsi ilə bağlı tərəflərin hüquq və öhdəliklərinə təsir etmir. Bu hüquq və öhdəliklər tərəflər arasında bağlanılmış müqavilələrə və Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

3.9. Elektrik stansiyasının utilizasiyası səlahiyyətli orqanla istehsalçı arasında bağlanılan investisiya müqaviləsi ilə müəyyən edilmiş elektrik stansiyasının istismar müddəti başa çatdıqdan sonra həyata keçirilir. Utilizasiya şərtləri həmin müqavilə ilə müəyyən edilir.

3.10. Elektrik stansiyasının utilizasiyası istehsalçı tərəfindən təmin edildikdən sonra tərəflər arasında imzalanmış bütün müqavilələr üzrə öhdəliklər (müqavilələrdə nəzərdə tutulan fərqli hallar istisna olmaqla) başa çatmış hesab olunur.

3.11. Bu Qaydaya və hərrac şərtlərinə uyğun olaraq hərrac iştirakçısı olan istehsalçı aşağıdakılarla bağlı təminat verir:

3.11.1. iştirakçılar tərəfindən təqdim edilən hərrac təklifinə;

3.11.2. layihənin tikintisi ilə bağlı öhdəliklərin imzalanacaq müqavilə ilə müəyyən edilən müddətdə və qaydada icrasına.

3.12. Səlahiyyətli orqan hərrac təklifinin təminatını ilkin texniki-iqtisadi əsaslandırmada əksini tapmış layihənin ilkin dəyərinin 1 faizi məbləğində müəyyənləşdirir. Təminatın qüvvədəolma müddəti hərrac təklifinin qüvvədəolma müddətindən 30 (otuz) təqvim günü çox olmalıdır.

3.13. Səlahiyyətli orqan müqavilə üzrə öhdəliklərin icrasına təminatı ilkin texniki-iqtisadi əsaslandırmada əksini tapmış layihənin ilkin dəyərinin 2–5 faizi məbləğində müəyyənləşdirir. Təminatın qüvvədəolma müddəti elektrik stansiyasının istismara verildiyi müddətdən 30 (otuz) təqvim günü çox olmalıdır.

3.14. Bu Qaydanın 3.1-ci bəndində göstərilən müqavilələrdə nəzərdə tutulduğu halda, səlahiyyətli orqan müqavilələrin şərtlərinə əməl olunmasına dair monitorinq aparır.

4. Zəmanətli tariflərin formalaşdırılması meyarları

4.1. Zəmanətli tariflər bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac vasitəsilə, istehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə isə Qanunun 9.3-cü maddəsinə uyğun olaraq, istehsalçı ilə səlahiyyətli orqan arasında əldə edilmiş razılıq əsasında müəyyən edilir.

4.2. İstehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə, zəmanətli tariflərin müəyyənləşdirilməsi zamanı investisiya xərcləri (əldə ediləcək gəlir daxil olmaqla), bərpa olunan enerji mənbələrinin potensialı və elektrik enerjisinin istehsal gücü əsasında ehtimal olunan elektrik enerjisi istehsalının həcmi, layihənin xüsusiyyətləri, quraşdırılacaq qurğuların göstəriciləri, investisiyanın geri qaytarılma müddəti nəzərə alınır.

4.3. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi zamanı səlahiyyətli orqan zəmanətli tarifin yuxarı həddini müəyyən edir. Zəmanətli tarifin yuxarı həddi mövcud istehsalçıdan satınalma tarifindən yüksək olduğu təqdirdə, səlahiyyətli orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, zəmanətli tarifin yuxarı həddini müəyyən edir.

4.4. Hərrac iştirakçıları zəmanətli tarifin yuxarı həddi barəsində məlumatlandırılır və bu həddən yüksək təkliflər nəzərə alınmır. Elektrik enerjisi istehsalçısı birbaşa cəlbetmə yolu ilə seçildikdə, müəyyənləşdirilən zəmanətli tariflər yuxarı həddən yüksək ola bilməz.

5. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi

istehsalçısının seçilməsi üsulları

5.1. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün Qanunun 8.1-ci maddəsinə uyğun olaraq, səlahiyyətli orqan aşağıdakı üsullardan birini tətbiq edir:

5.1.1. birbaşa cəlbetmə;

5.1.2. hərracın keçirilməsi.

5.2. Dövlətin maraqları və strateji əhəmiyyət baxımından zəruri olan pilot və digər layihələr birbaşa cəlbetmə üsulu əsasında həyata keçirilir. Bu zaman səlahiyyətli orqan müvafiq əsaslandırmanı hazırlayır və birbaşa cəlbetmə üsuluna icazə verilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinə müraciət edir.

5.3. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac baş tutmadıqda, elektrik enerjisi istehsalçısı bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq seçilir.

5.4. Azərbaycan Respublikası Prezidentinin elektrik enerjisi istehsalçısının birbaşa cəlbetmə yolu ilə seçilməsinə dair razılığı əsasında səlahiyyətli orqan birbaşa cəlbetmə üsulu ilə istehsalçının seçilməsi üçün danışıqlara başlayır və danışıqların nəticəsinə uyğun olaraq, Qanunun 8.4-cü maddəsinə əsasən investisiya müqaviləsi bağlanılır.

5.5. Hərracın keçirilməsi zamanı hərrac iştirakçılarına bərabər və tamhüquqlu iştirak imkanı yaradılır.

5.6. Hərracın keçirilməsi zamanı hərracın baş tutmuş hesab edilməsi üçün hərracın ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və təkliflər sorğusu sənədinin hazırlanması mərhələlərinin hər birində azı 2 (iki) namizəd iştirak etməlidir. Namizədlərin sayı ikidən az olduqda və ya hərracın iştirakçısı olmadıqda, hərrac baş tutmamış hesab edilir.

5.7. Elektrik enerjisinin tarifi tək meyar olduqda hərrac açıq auksion formasında, tariflə yanaşı bu Qaydanın 5.9-cu bəndində nəzərdə tutulan digər meyarların qiymətləndirilməsi nəzərdə tutulduqda isə hərrac açıq müsabiqə formasında keçirilir.

5.8. Hərrac auksion formasında keçirildiyi halda ən aşağı qiymət təklifi etmiş şəxs, müsabiqə formasında keçirildiyi halda isə hərrac komissiyasının rəyinə əsasən bu Qaydanın 5.9-cu bəndində nəzərdə tutulan meyarlar üzrə ən əlverişli şərtlər təklif etmiş şəxs hərracın qalibi sayılır.

5.9. Səlahiyyətli orqan hərracın müsabiqə formasında elektrik enerjisi istehsalçısını seçmək üçün elektrik enerjisinin tarifindən əlavə, istehsalçının maliyyə göstəriciləri, həyata keçirdiyi layihələr, maddi-texniki potensialı, texnoloji həlləri, icra planı, yerli işçi qüvvəsi və yerli məhsullardan istifadə kimi meyarları da tətbiq edir.

6. Elektrik enerjisi istehsalçısının hərrac yolu ilə seçilməsi

6.1. Səlahiyyətli orqan hərracın keçirilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir:

6.1.1. hərrac komissiyası yaradır;

6.1.2. ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədini hazırlayır;

6.1.3. təkliflər sorğusu sənədini hazırlayır;

6.1.4. hərrac elanını dərc edir;

6.1.5. hərracın formasını müəyyən edir;

6.1.6. əlaqələndirici şəxsi müəyyən edir.

6.2. İxtisas uyğunluğunun müəyyənləşdirilməsi və təkliflər sorğusu sənədləri, habelə hərrac iştirakçılarına təqdim olunan digər məlumatlar Azərbaycan dilində və beynəlxalq ticarətdə geniş istifadə olunan dillərdən birində tərtib edilir. Hərrac iştirakçıları tələb olunan sənədləri və məlumatları Azərbaycan dilində və beynəlxalq ticarətdə geniş istifadə olunan dillərdən birində təqdim edirlər. Azərbaycan dilində təqdim edilməli olan sənədlərin siyahısı hərrac komissiyası tərəfindən müəyyən olunur.

6.3. Hərrac iştirakçılarından daxil olmuş təkliflərə baxılma, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərracın qalibinin seçilməsi məqsədilə səlahiyyətli orqan hərrac komissiyası yaradır. Hərrac komissiyası bu Qaydanın 3.1.1-ci yarımbəndində qeyd olunmuş müqavilə bağlanılanadək fəaliyyət göstərir.

6.4. Hərrac komissiyası sədr də daxil olmaqla 11 (on bir) üzvdən ibarət olmaqla səlahiyyətli orqan tərəfindən yaradılır. Hərrac komissiyasının sədrini səlahiyyətli orqanın rəhbəri səlahiyyətli orqanın nümayəndələri arasından təyin edir. Hərrac komissiyasının tərkibi aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən formalaşdırılır:

6.4.1. səlahiyyətli orqanın nümayəndələri – 4 nəfər;

6.4.2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi – 2 nəfər;

6.4.3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi – 1 nəfər;

6.4.4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi – 1 nəfər;

6.4.5. zəmanətli alıcının nümayəndəsi – 1 nəfər;

6.4.6. elektrik stansiyasının qoşulduğu şəbəkədən asılı olaraq, dövlət elektroenergetika müəssisəsinin və ya enerji təchizatı müəssisəsinin nümayəndəsi – 1 nəfər;

6.4.7. bərpa olunan enerji mənbələri ərazisinin yerləşdiyi müvafiq inzibati ərazi vahidi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndəsi – 1 nəfər.

6.5. Hərrac komissiyası fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər.

6.6. Hərrac komissiyasının qərarları açıq səsvermə yolu ilə komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, hərrac komissiyası sədrinin səsi həlledicidir. Hərrac komissiyanın sədri sonda səs verir. Hərrac komissiyasının iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir.

6.7. Səlahiyyətli orqan onlayn və çap mediasında, habelə beynəlxalq miqyasda yayılan mediada ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədinin açıqlanmasına azı 10 (on) iş günü qalmış hərrac elanını dərc edir.

6.8. Hərrac elanında aşağıdakı məlumatlar göstərilir:

6.8.1. hərracı keçirən səlahiyyətli orqan haqqında məlumat;

6.8.2. hərracın forması (açıq auksion və ya müsabiqə);

6.8.3. hərracla bağlı ümumi məlumatlar, o cümlədən bərpa olunan enerji mənbələrinin növü, layihənin həyata keçiriləcəyi bərpa olunan enerji mənbələrinin ərazisi və elektrik stansiyasının gücü;

6.8.4. ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədinin əldə edilməsi ilə bağlı məlumatlar, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədinin açıqlanması və bu mərhələnin başaçatma tarixi;

6.8.5. sənəd qəbuluna məsul şəxsin və əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə vasitələri (telefon nömrəsi, elektron poçt ünvanı);

6.8.6. hərracda iştirakla bağlı təkliflərin hazırlandığı dil (dillər).

6.9. Hərrac elanı Azərbaycan dilində və beynəlxalq ticarətdə geniş istifadə olunan dillərdən birində dərc edilir.

6.10. Hərrac komissiyası ixtisas uyğunluğunun müəyyənləşdirilməsi mərhələsində iştirak üçün nəzərdə tutulmuş meyarlara uyğun gələn iştirakçılara bilavasitə özü də məlumat verə bilər.

6.11. İxtisas uyğunluğunun müəyyənləşdirilməsi və təkliflər sorğusu sənədləri hərrac komissiyası tərəfindən bu Qaydanın 7-ci və 8-ci hissələrinə uyğun olaraq iştirak hüququ qazanmış hərrac iştirakçısına göndərilir. Sənədlər iştirakçıya səlahiyyətli orqan tərəfindən təqdim edilir, yaxud sifarişli poçt göndərişi və ya elektron poçt vasitəsilə göndərilir. İştirakçı sənədləri bilavasitə səlahiyyətli orqandan da götürə bilər.

6.12. Hərrac iştirakçısı təkliflərini hərrac komissiyası tərəfindən verilmiş təlimatlara və formaya uyğun olaraq təqdim edir. Bu Qaydanın tələbləri pozulmaqla, habelə müddət başa çatandan sonra təqdim olunan təkliflər qəbul edilmir.

7. İxtisas uyğunluğunun müəyyənləşdirilməsi

7.1. İştirakçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və təkliflər sorğusu göndəriləcək iştirakçıların siyahısını müəyyənləşdirmək məqsədilə ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədi hazırlanır. İxtisas uyğunluğunun müəyyənləşdirilməsi mərhələsi ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədinin açıqlanması tarixindən ən geci 90 (doxsan) iş günü ərzində yekunlaşır.

7.2. İxtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədini səlahiyyətli orqan hazırlayır və hərracda iştirak üçün müraciət etmiş iştirakçılara müraciət edildiyi tarixdən ən geci 5 (beş) iş günü ərzində bu Qaydanın 6.11-ci bəndinin ikinci cümləsində nəzərdə tutulan qaydada göndərir.

7.3. İxtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədinə, bu Qaydanın 2.2-ci bəndinə əsasən hazırlanmış ilkin texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq, layihə haqqında qısa məlumat əlavə olunur.

7.4. Hərrac komissiyası hərracın ixtisas uyğunluğunun müəyyənləşdirilməsi mərhələsinin keçirilməsi vaxtı və yeri, sənədlərin təqdim olunması üsulu, yeri və son müddəti barədə məlumatları, habelə həmin mərhələdə iştirak üçün təkliflərin hazırlanması, təqdim edilməsi, izah verilməsi ilə bağlı təlimatı, əlaqələndirici şəxs barədə məlumatı iştirakçılara təqdim edir.

7.5. Hərrac iştirakçıları ixtisas uyğunluğunun qiymətləndirilməsi ilə bağlı məlumatları ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədinin açıqlanması tarixindən ən geci 50 (əlli) iş günü ərzində səlahiyyətli orqana 2 (iki) nüsxədə təqdim edirlər.

7.6. Səlahiyyətli orqan bu Qaydanın 7.5-ci bəndi ilə müəyyən edilmiş müddətin başa çatmasına 20 (iyirmi) iş günü qalana qədər ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədində dəyişiklik edə bilər. Bununla əlaqədar hərrac komissiyası hərrac iştirakçılarını məlumatlandırır və dəyişikliklə bağlı iştirakçılar tərəfindən məlumatların təqdim edilməsi üçün imkan yaradır.

7.7. Hərrac komissiyası zərflərin açılmasını, hərrac iştirakçısı tərəfindən təqdim edilmiş sənədlərə və məlumatlara baxılmanı, onların qiymətləndirilməsini, habelə təkliflər sorğusu mərhələsində iştirak edəcək hərrac iştirakçılarının müəyyənləşdirilməsini həyata keçirir.

7.8. Zərflər açılarkən təqdim edilən məlumatlarda hər hansı bir çatışmazlıq aşkar olunduqda, hərrac komissiyası bu barədə iştirakçıya zərflərin açıldığı gündən 3 (üç) iş günü ərzində məlumat verərək, çatışmazlığın aradan qaldırılmasını təklif edir. İştirakçı məlumatı aldığı gündən 5 (beş) iş günü ərzində çatışmazlığı aradan qaldırmadıqda, hərracdan kənarlaşdırılır və hərrac komissiyası tərəfindən 3 (üç) iş günü ərzində bu barədə ona məlumat verilir.

7.9. Hərrac komissiyasının ixtisas uyğunluğunun müəyyənləşdirilməsinə dair qərarı ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədində nəzərdə tutulmuş meyarlara əsasən qəbul edilir.

7.10. Bu Qaydanın 7.8-ci bəndində nəzərdə tutulan prosedurlar başa çatdıqdan sonra təkliflər sorğusu göndəriləcək hərrac iştirakçılarının siyahısı hərrac komissiyası tərəfindən təsdiq edilir.

7.11. Bu Qaydanın 7.12-ci bəndinə uyğun olaraq, iştirakçıların siyahısı təsdiq edildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, hərrac iştirakçısına ixtisas uyğunluğunun müəyyənləşdirilməsi mərhələsinin nəticəsi haqqında yazılı məlumat verilir.

7.12. Məlumatın alındığı gündən 5 (beş) iş günü ərzində qərara yenidən baxılma ilə bağlı hərrac iştirakçısı hərrac komissiyasına müraciət etmək hüququna malikdir. Müraciətə onun verildiyi tarixdən 3 (üç) iş günü ərzində baxılır. Hərrac iştirakçısına və ya onun səlahiyyətli nümayəndəsinə müraciətin nəticəsi barədə 3 (üç) iş günündən gec olmayaraq məlumat verilir.

7.13. Bu Qaydanın 7.12-ci bəndində nəzərdə tutulan müraciətlərə baxıldıqdan sonra hərrac komissiyası ixtisas uyğunluğunun müəyyənləşdirilməsi mərhələsini yekunlaşdırır.

8. Təkliflər sorğusu

8.1. Təkliflər sorğusu mərhələsinin məqsədi ixtisas uyğunluğunun müəyyənləşdirilməsi mərhələsindən keçmiş hərrac iştirakçıları arasında qiymətləndirmə aparmaqla hərracın qalibini müəyyənləşdirməkdir.

8.2. Təkliflər sorğusu sənədini aşağıdakı məlumatlar əks olunmaqla, səlahiyyətli orqan hazırlayır:

8.2.1. hərraca çıxarılan layihənin ətraflı təsviri (layihənin məqsədi, layihənin həyata keçiriləcəyi yer, elektrik stansiyasının gücü);

8.2.2. təkliflər sorğusu sənədinin hazırlanmasına və təqdim edilməsinə dair təlimat;

8.2.3. hərraca çıxarılan layihənin texniki şərtləri;

8.2.4. hərraca çıxarılan layihənin icrası zamanı müqavilə münasibətlərinə tətbiq edilən normativ hüquqi aktlar;

8.2.5. layihənin həyata keçirilməsi üçün zəruri olan lisenziya və icazələrin siyahısı;

8.2.6. layihənin icrası üzrə istehsalçı ilə bağlanılacaq müqavilələr;

8.2.7. infrastruktur (nəqliyyat, su və elektrik enerji şəbəkələri) barədə məlumatlar;

8.2.8. hərracın qiymətləndirmə meyarları;

8.2.9. layihənin icrası ilə bağlı ekoloji tələblər;

8.2.10. səlahiyyətli orqan və zəmanətli alıcı, layihənin icrası ilə bağlı digər dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları haqqında məlumatlar.

8.3. Təkliflər sorğusu sənədi bu Qaydanın 7-ci hissəsinə uyğun olaraq təkliflər sorğusu mərhələsində iştirak hüququ qazanmış hərrac iştirakçılarına hərracın ixtisas uyğunluğunun müəyyənləşdirilməsi mərhələsi başa çatdıqdan sonra 5 (beş) iş günü ərzində bu Qaydanın 6.11-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş qaydada göndərilir.

8.4. Hərracın təkliflər sorğusu mərhələsi təkliflər sorğusu sənədinin göndərildiyi tarixdən ən geci 200 (iki yüz) iş günü ərzində keçirilir.

8.5. Hərrac iştirakçısı təkliflər sorğusu sənədini aldığı tarixdən ən geci 120 (yüz iyirmi) iş günü ərzində bu Qaydanın 8.2.2-ci yarımbəndinə uyğun olaraq, təkliflərini qapalı zərfdə 2 (iki) nüsxədə təqdim edir.

8.6. Səlahiyyətli orqan təkliflər sorğusu sənədi göndərilmiş hərrac iştirakçılarının layihənin həyata keçiriləcəyi ərazi ilə tanışlıq və layihə ilə bağlı məlumatların təqdim edilməsi üçün müzakirələr təşkil edir.

8.7. Hərracın müsabiqə forması aşağıdakı qaydada həyata keçirilir:

8.7.1. hərrac komissiyasının üzvləri müsabiqə zamanı səlahiyyətli orqan tərəfindən hazırlanmış təkliflər sorğusu sənədi, habelə istehsalçı qarşısında müəyyən edilən şərtlər və tələblər çərçivəsində hazırlanmış hərrac iştirakçılarının təkliflərinin qiymətləndirilmə meyarlarını rəhbər tuturlar;

8.7.2. bütün zərflər açıldıqdan və qiymətləndirmə başa çatdıqdan sonra hərrac komissiyası ayrı-ayrılıqda bütün iştirakçılara dair qiymətləndirmə nəticələrini əks etdirən qiymətləndirilmə formasını doldurur. Təkliflərin qiymətləndirilməsi forması səlahiyyətli orqan tərəfindən müəyyən olunur;

8.7.3. hərrac iştirakçısının qiymətləndirilmə meyarları üzrə balları toplanaraq yekun balı müəyyən edilir, ən yüksək bal toplamış iştirakçı müsabiqənin qalibi elan edilir;

8.7.4. iki və daha artıq iştirakçının yekun balı eyni olduqda, hərrac komissiyası ən aşağı tarif təklifi təqdim etmiş iştirakçını müsabiqənin qalibi elan edir.

8.8. Elektrik enerjisinin tarifi qiymətləndirmə meyarı olduğu halda hərracın auksion forması aşağıdakı ardıcıllıqla keçirilir:

8.8.1. hərrac elanı ilə təqdim edilmiş tarifdən yuxarı tarif təklifləri təqdim etmiş hərrac iştirakçılarının təklifləri qəbul olunmur və geri qaytarılır;

8.8.2. hərrac komissiyası tərəfindən təklif zərfləri açıldıqdan sonra təqdim olunmuş təkliflərə əsasən qiymət sıralanır və iştirakçılardan (hərrac iştirakçılarının sayı 5-dən çox olduqda 5, 5-dən az olduqda isə iştirakçıların sayına uyğun) qiymət təklifinin aşağı salınması istiqamətində yeni təkliflər alınır. Həmin proses sıralamada ən yüksək qiymət təklifi vermiş iştirakçıdan başlayır və təklif edilmiş ən aşağı qiymət təklifi əsas götürülür. Azalma sırası ilə iştirakçılar tərəfindən hər dəfə təklif edilən əvvəlki ən aşağı qiymətdən hərrac komissiyası tərəfindən müəyyən edilmiş həddə uyğun azaltma edilir;

8.8.3. təklif sahiblərinin təklifləri hərrac komissiyası tərəfindən aktla rəsmiləşdirilir. Bu zaman həmin akt hərrac komissiyası üzvləri və təklif sahibləri tərəfindən imzalanır;

8.8.4. auksion son təklifə çatdıqda dayandırılır. Son təklifini verən və yeni təklif irəli sürməyən iştirakçı qiymət azaltma ilə bağlı bu Qaydanın 8.8.3-cü yarımbəndində nəzərdə tutulan aktı imzalayaraq auksionda bir daha təklif vermir.

8.5. Elektrik enerjisinin zəmanətli alıcı tərəfindən satın alınması üçün ən aşağı qiymət təklifi vermiş iştirakçı auksionun qalibi hesab olunur.

9. Yekun müddəalar

9.1. Hərracın nəticəsi hərrac komissiyası və hərracın qalibi tərəfindən imzalanmış protokolla rəsmiləşdirilir. Nəticə ilə razı olmayan komissiya üzvləri xüsusi rəy əlavə etməklə protokolu imzalayırlar.

9.2. Hərracda ilk 3 (üç) yeri tutmuş iştirakçılar istisna olmaqla, digər iştirakçıların təminatı hərrac başa çatandan sonra 3 (üç) iş günü ərzində geri qaytarılır.

9.3. Hərracın qalibi ilə səlahiyyətli orqan arasında investisiya müqaviləsi hərrac başa çatandan sonra 20 (iyirmi) iş günü ərzində imzalanır və hərracın qalibi müqavilə üzrə öhdəliklərin icrasına təminatı təqdim edir.

9.4. Hərracın qalibi müqaviləni imzalamaqdan imtina etdiyi təqdirdə, verdiyi hərrac təklifinin təminatını itirir, səlahiyyətli orqan hərracda ondan sonrakı yeri tutmuş iştirakçıya investisiya müqaviləsinin imzalanması təklifini göndərir.

9.5. İnvestisiya müqaviləsi imzalandıqdan sonra 3 (üç) iş günü ərzində bu Qaydanın 9.2-ci bəndində nəzərdə tutulmuş digər iştirakçıların təminatı geri qaytarılır.

9.6. Qanuna, bu Qaydaya və investisiya müqaviləsinə uyğun olaraq investisiya müqaviləsini imzalamış hərracın qalibi ilə zəmanətli alıcı arasında elektrik enerjisinin satınalma müqaviləsi, elektrik stansiyasının qoşulacağı şəbəkədən asılı olaraq dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında isə elektrik şəbəkəsinə qoşulma müqaviləsi bağlanılır.