“Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında Q Ə R A R

 “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında Q Ə R A R

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R

“Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021- ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Energetika Nazirliyi:
2.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin (bundan sonra – BOEMİS) fəaliyyətinin təşkili,
saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün;
2.2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə BOEMİS-in təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;
2.3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması,
inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq, BOEMİS-in Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi ilə birlikdə zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq
Səhmdar Cəmiyyəti bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Əsasnamənin 6.1-ci bəndində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını
təmin etmək məqsədilə həmin məlumatların BOEMİS-ə daxil edilməsini (ötürülməsini) mütəmadi təmin etsinlər və bu barədə ildə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versinlər.
4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6- 1-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 28 sentyabr 2023-cü il
№ 348

https://nk.gov.az/az/senedler/qerarlar/berpa-olunan-enerji-menbeleri-uzre-informasiya-sis-7437