Bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək layihəsi ilə bağlı müzakirələr aparılıb

 Bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək layihəsi ilə bağlı müzakirələr aparılıb

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), “Synergy Consulting” və digər məsləhətçi şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Energetika Nazirliyi ilə AYİB arasında əməkdaşlıq çərçivəsində “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi ilə bağlı ilk hərracın keçirilməsi müzakirə olunub. Hərracların keçirilməsi qrafiki, İxtisas Uyğunluğunun Müəyyənləşdirilməsi sənədi, hərrac komissiyasının yaradılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli Fərmanı ilə təsdiq edilib. Nazirlər Kabinetinin 2023-cü il 26 dekabr tarixli qərarı ilə Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən 300,77 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Bu ərazidə günəş elektrik stansiyasının tikintisi məqsədilə cari il ərzində hərracın keçirilməsi planlaşdırılır.