2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
BƏƏ-nin “Masdar” və ADNOC ilə bərpa olunan enerji və karbohidrogen sektorunda əməkdaşlıq müzakirə edilib
Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə BƏƏ-nin Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) Aşağı Karbon Həlləri və Beynəlxalq İnkişaf üzrə İcraçı Direktoru və “Masdar” şirkətinin İdarə Heyətinin üzvü Musabbeh Al Kaabinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlərin “Masdar” ilə irimiqyaslı bərpa olunan enerji layihələri üzrə uzunmüddətli əməkdaşlığın sütunu olduğu vurğulanıb. 230 meqavatlıq “Qaradağ” GES-in bu ilin payızında istifadəyə veriləcəyi, bununla da “Masdar”ın layihələrin vaxtında reallaşdırılmasına sadiq olduğu qeyd edilib. Ümumi gücü 4 QVt olan digər layihələrin icrası ilə bağlı da əhəmiyyətli irəliləyişlər olduğu, bərpa olunan enerji güclərinin ölkənin enerji sisteminə inteqrasiyası üçün elektrik şəbəkəsinin öyrənilməsinə “Masdar”ın dəstəyi və bu xüsusda görülən işlər diqqətə çatdırılıb. Şəbəkənin idarə edilməsi sahəsində təcrübə mübadiləsi məqsədilə yaxın vaxtlarda birgə seminar keçirilməsi razılaşdırılıb.
Həmçinin karbohidrogen sektorunda əməkdaşlığa dair SOCAR və ADNOC arasında aparılan müzakirələrə də toxunulub. Şirkətin karbonsuzlaşdırma sahəsində təcrübəsi, aşağı karbonlu enerji istehsalçısına çevrilməsi, karbon tutma, eləcə də yaşıl, mavi hidrogen və ammonyakın istehsalı ilə bağlı fəaliyyətindən bəhs edilib. Aşağı karbon həlləri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.