2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Azərbaycan “yaşıl enerji” ilə bağlı hədəflərini problemsiz və fasiləsiz reallaşdıran azsaylı ölkələrdəndir
Energetika naziri Pərviz Şahbazov “8-ci Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində “Ədalətli və sosial enerji keçidinə təkan verən amillər” mövzusunda keçirilən panel müzakirələrində çıxış edib. Nazir ədalətli enerji keçidi, enerji təchizatı ilə bağlı misli görünməmiş qeyri-müəyyənliklər şəraitində dekarbonizasiya ilə müqayisədə aktuallaşan enerji təhlükəsizliyi, eləcə də Azərbaycanın enerji müstəqilliyini təmin edən amillər və bərpa olunan enerji kursu ilə bağlı fikirlərini bölüşüb. Azərbaycanın ədalətli enerji keçidi ilə bağlı çağırışlarla həmrəy olduğu, enerji balansında bərpa olunan enerjinin mövqeyinin möhkəmlənməsi ilə bağlı səyləri dəstəklədiyi, eyni zamanda enerji resurslarının müxtəlifliyini gələcəkdə də enerji bazarında sabitliyin təminatı kimi qəbul etdiyi diqqətə çatdırılıb.
Energetika naziri deyib ki, enerji təhlükəsizliyi təmin edilmədən iqtisadi inkişaf, sosial rifah və ekoloji təhlükəsizlik mümkün deyil. Azərbaycan enerji sahəsində xarici təchizatçılardan asılılığı və enerji təhlükəsizliyində heç bir problemi olmayan ölkədir. Üstəlik həm neft-qaz, həm də elektrik enerjisi ixracatı bu gün region ölkələri ilə yanaşı Avropa ölkələrinin də enerji təhlükəsizliyinə töhfə verir: “Enerji müstəqilliyimiz, enerjiyə ehtiyacın daxili imkanlar hesabına təmin edilməsi bizim gücümüzdür, üstünlüyümüzdür. Bu, bizə imkan verir ki, enerji təhlükəsizliyindən dekarbonizasiyaya doğru addımlayaq. Enerji balansımızda yaşıl enerjinin payını daha da artıraq. Biz hazırda etibarlı tərəfdaş rolumuzu davam etdirir, həm də bərpa olunan enerji mənbələrindən geniş istifadə üzrə planlarımızı icra edirik. Deyə bilərik ki, hazırki kataklizmlər dövründə Azərbaycan yaşıl enerji ilə bağlı hədəflərini problemsiz və fasiləsiz reallaşdıran azsaylı ölkələrdəndir.”
Azərbaycanın dayanıqlı enerji sektorunun inkişafı ilə bağlı suala cavab olaraq nazir bildirib ki, ölkəmiz dayanıqlığa enerji təchizatı mənbələrinin müxtəlifliyi, ixrac marşrutları və bazarlarının diversifikasiyası ilə nail olub: “Bu gün qarşımızda duran əsas məqsəd bu dayanıqlığı daha da möhkəmləndirməkdir. Bundan ötrü qaz sektorunun inkişafı ilə yanaşı əsas diqqəti yaşıl enerjinin inkişafına yönəltmişik. Elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payını 16.5%-dən 2030-cu ilə qədər 30%-ə çatdırmağa çalışırıq.”
Müzakirələrdə TAP layihəsinin avropalı istehlakçıların enerji ilə sabit təchizatında töhfələrinə də toxunulub.
Qeyd edək ki, panel müzakirələrində Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas, Avstriyanın iqlim fəaliyyəti, ətraf mühit, enerji, mobillik, innovasiya və texnologiya üzrə federal naziri Leonore Gevessler, Fransanın ekoloji keçid məsələləri üzrə naziri Barbara Pompili, Şri-Lankanın Energetika Nazirliyinin katibi K.D.R. Olga və “Bakulu Power “şirkətinin baş icraçı direktoru Lucia Bakulumpagi-Vamala iştirak edib.