2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Azərbaycan “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunda təmsil olunub
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskva şəhərində keçirilən “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edib. Bir sıra ölkələrin hökumət rəsmilərinin, beynəlxalq təşkilatlar və neft-qaz şirkətləri rəhbərlərinin, nüfuzlu tədqiqat və media nümayəndələrinin qatıldığı Forumda ənənəvi və bərpa olunan enerji mənbələrindən istifadə, energetika sahəsində beynəlxalq əməkdaşlığın yeni istiqamətləri, karbon neytrallığı, enerji keçidi və bir çox digər aktual mövzular müzakirə edilib.
Nazir “Ənənəvi enerjinin gələcəyi: dünya karbohidrogenlərdən imtina etməyə hazırdırmı?” adlı sessiya üzrə müzakirələrdə iştirak edib. Sessiyada ənənəvi enerji daşıyıcılarının qlobal enerji balansında mövqeyi, mövcud enerji infrastrukturunun yeni enerji mənbələrinə uyğunlaşdırılması, reallaşdırılmaqda olan neft-qaz layihələrinin potensialının enerjiyə olan tələbatın ödənilməsi üçün yetərliliyi, karbohidrogen mənşəli enerji daşıyıcılarından istifadə ilə enerji keçidinin mümkünlüyü və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Pərviz Şahbazov qazın enerji keçidindəki tənzimləyici roluna dair suala cavab olaraq bildirib ki, hazırda ekoloji cəhətdən ən təmiz karbohidrogen yanacaq növü hesab olunan qaz sənayesinə investisiyaların azaldılması gələcəkdə ekologiyaya mənfi təsiri daha çox olan enerji daşıyıcılarından istifadənin artırılmasına səbəb ola bilər. Bu baxımdan mövcud vəziyyətdə enerji keçidinə dair verilən qərarların ekoloji təhlükəsizlik və enerji təhlükəsizliyi məsələlərinə kompleks yanaşma əsasında formalaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.