“Azərişıq” ASC Şirvanda yenidənqurma işlərini davam etdirir

 “Azərişıq” ASC Şirvanda yenidənqurma işlərini davam etdirir

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini davam etdirir. İnvestisiya layihəsi çərçivəsində Şirvan elektrik şəbəkəsində də yenidənqurma və əsaslı təmir işləri görülür. Şirvan şəhərində 35 kV-luq hava xətlərinin keçdiyi ərazidə dəmir dayaqlar basdırılıb və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilib.

Şəhərdə 35 kV-luq 754.1, 754.2 və 756 saylı hava xətlərinin keçdiyi ərazidə Tədbirlər Planına uyğun olaraq əsaslı təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir. Həmin ərazidə həmçinin, 35 kV-luq müasir tipli yeni dayaqlar basdırılır. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq  işlər görülərkən xətlər və dayaqlar əhalinin sıx məskunlaşdığı ərazilərdən çıxarılaraq daha əlverişli ərazilərdən çəkilir.

Xatırladaq ki, Şirvan şəhərinin və Hacıqabul rayonunun əksər hissələrindən keçən elektrik xətləri ötən əsrin ortalarında çəkilib. 60-70 il istismar edildiyi üçün bu xətlərin əsaslı yenidənqurmaya ehtiyacı var idi. Müasir elektrik şəbəkəsinin qurulduğu ərazilərdə sakinlər dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunurlar.