2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
“Azərişıq” ASC obyektlərdə və evlərdə elektrik enerjisinin talanması hallarını aşkarlayıb
“Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması yönündə yenilənmə işlərini davam etdirir. Bu yenilənmələr xüsusilə innovativ texnologiyalar əsasında həyata keçirilir. Bunlarla yanaşı, abonentlərlə mütamadi olaraq maarifləndirici söhbətlər də aparılır.
Görülən bütün tədbrilərə baxmayaraq, təəssüf ki, elektrik enerjisinin talanması hallarının qarşısını tam almaq mümkün olmayıb. Sayğaclara aylıq baxış zamanı həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisindən qanunsuz istifadəyə rast gəlinir.
Belə hallardan biri Xırdalan şəhərində yerləşən “Mormor” restoranında ortaya çıxıb. Belə ki, sayğaca müdaxilə olunaraq uzaqdan idarə olunan xüsusi qurğu quraşdırılıb.
Qurğudan istifadə etməklə növbəti kənar müdaxilə Göyçay rayonunda avtoservis kimi fəaliyyət gösətərən obyektlərdən birində aşkarlanıb. Məlum olub ki, abonent sayğacını xüsusi qurğu vasitəsilə dayandırıb.
Suraxanıda ərzaq mağazasında da sayğac uzaqdan idarə olunan xüsusi qurğu ilə dayandırılıb. Üstəlik bu səbəbdən yanğın baş verib və sayğac tamamilə yararsız vəziyyətə düşüb.
Xətai rayonunda fəaliyyət göstərən ət dükanına baxış keçirilən zaman da növbəti qanunsuzluq aşkarlanıb. Obyektə elektrik sayğacından kənar xətt daxil olduğu məlum olub.
Əhali abonentləri arasında da analoji hallara rast gəlinib. Astarada rayonunda evlərin birində elektrik sayğacı xüsusi “maqnit” vasitəsilə dövrədən kənarlaşdırılıb.
Eyni üsulla Sabirabad rayonunda, paytaxtda isə Görədil kəndində yerləşən evdə sayğaca kənar müdaxilə edilib.
Digər neqativ hal Xətai rayonuda aşkarlanıb. Fərdi yaşayış evinin sayğacına baxış keçirilən zaman məlum olub ki, elektrik sayğacından kənar xətt daxil olur.
Buzovna qəsəbəsində evlərin birində sayğaca qanunsuz müdaxilə olduğu ortaya çıxıb. Sayğacın giriş-çıxış xətti eyni yuvaya birləşdirilərək dövrədən kənarlaşdırılıb.
“Azərişıq” ASC tərəfindən son illərdə istismara verilən sayğacların müasir və rəqəmsal olduğunu nəzərə alsaq, bütün müdaxilə hallarını sayğac öz yaddaş blokunda saxlayır.
Laboratoriya şəraitində sayğaclara proqram əlavəsi tətbiq olunaraq həmin müdaxilə halları detaylı şəkildə öz təsdiqini tapır.
Qeyd edilən faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb və bu ardıcıl olaraq davam etdiriləcək. Həmçinin, bu cür qanunsuzluğa yol verən obyekt və müəssisələrin, şəxslərin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.