2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Azərbaycanın energetika naziri ABŞ Dövlət Departamentinin rəsmiləri ilə görüşüb
Vaşinqtonda səfərdə olan energetika naziri Pərviz Şahbazov Dövlət Departamentində ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk və ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşlər keçirib.
ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk ilə görüşdə COP29 tədbirinə sədrliyi dövründə Azərbaycanın “yaşıl enerji” keçidini sürətləndirən kursu, Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr (NDC), “yaşıl enerji” dəhlizi üzrə ABŞ ilə əməkdaşlığa dair məsələlər müzakirə edilib.
Azərbaycanın “yaşıl inkişaf”ına nail olmaq məqsədilə qısa müddətdə enerji sahəsində yeni qanunvericilik bazasının yaradıldığı, elektrik enerjisində bərpa olunan enerjinin payının artırılması və neft-qaz əməliyyatlarının, o cümlədən Səngəçal terminalının karbonsuzlaşdırılması üçün 2027-ci ilədək 8 sənaye miqyaslı elektrik stansiyasının istismara veriləcəyi bildirilib. Həmçinin Xəzər dənizinin 157 QVt külək enerjisi potensialı əsasında “yaşıl elektrik enerjisi” və “yaşıl qaz”ların ixracı məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən “yaşıl enerji dəhlizi”nin icra olunduğu qeyd edilib. ABŞ ilə bu enerji dəhlizi üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bundan başqa, SOCAR-ın “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na (OGDC) qoşulması, məşəldə yandırmaları sıfıra endirmək, sıfır metana çatmaqla bağlı hədəfləri ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə sadiqliyinin göstəricisi kimi dəyərləndirilib.
ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşdə isə müasir enerji təhlükəsizliyi çağırışları kontekstində Cənub Qaz Dəhlizi kimi enerji təchizatını şaxələndirən infrastrukturların inkişafı əsas müzakirə mövzusu olub. Azərbaycanın hazırda 8 ölkəyə qaz təchiz etdiyi, əlavə qaz tədarükünün Cənub Qaz Dəhlizi ilə yanaşı, “Həmrəylik Halqası”nın ötürücülük gücünün artırılmasını tələb etdiyi qeyd edilib. Cənub Qaz Dəhlizinin birinci mərhələsində olduğu kimi genişləndirilməsi prosesinə də ABŞ-nin dəstəyi istiqamətində əməkdaşlıq edilməsi razılaşdırılıb.