Azərbaycanda külək enerji potensialından istifadə sahəsində araşdırmalar davam etdirilir

 Azərbaycanda külək enerji potensialından istifadə sahəsində araşdırmalar davam etdirilir

Dünya Bankının və Azərbaycan Respublikasının Energetika Nazirliyi dənizdə külək enerjisinin inkişafı çərçivəsində tədqiqatlarını davam etdirir.

Azərbaycanla Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında imzalanmış anlaşma memorandumu çərçivəsində ölkədə dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi hazırlanır.

Yol xəritəsini Böyük Britaniya mənşəli “BVG Associates” (BVGA) konsaltinq şirkəti hazırlayır. Azərbaycanda dənizdə külək enerjisi potensialının qiymətləndirilməsini və yol xəritəsinin işlənib hazırlanmasını, növbəti mərhələdə isə dənizdə müvafiq layihələrlə bağlı tenderlərin təşkili, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəkləri nəzərdə tutur.

Anlaşma Memorandumu ilə nəzərdə tutulan bütün bu işlər IFC-nin “Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı” çərçivəsində yerinə yetirilir. Bu proqram Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarə edilməsində Yardım Proqramı” – ESMAP çərçivəsində maliyyələşdirilir. ESMAP çərçivəsində aparılan ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilir.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.

Enerji Portalı məlumatı www.apa.az informasiya saytına istinadən təqdim edir.