Energetika Nazirliyində “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” nda tədbirlərin icrası müzakirə olunub

 Energetika Nazirliyində “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” nda tədbirlərin icrası müzakirə olunub

Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə hibrid formatda kollegiya iclası keçirilib.
Kollegiyanın sədri çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə energetika sahəsində əldə olunan nailiyyətlər, aparılan əsaslı islahatlardan bəhs edib, bu sahənin daha da inkişafı, o cümlədən enerji transformasiyası istiqamətində reallaşdırılan layihələr və tədbirlər barədə danışıb, bu sahəyə xarici investisiyaların cəlb edilməsi ilə bağlı bir sıra mühüm işlərin görüldüyünu qeyd edib.
Sonra iclasın gündəliyinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə yanacaq-energetika sahəsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası məsələləri nəzərdən keçirilib, məruzələr dinlənilib.
Kollegiya iclasının gündəliyinin ikinci məsələsi üzrə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində yanacaq-energetika sahəsi üzrə nəzərdə tutulan tədbirlərin icrası məsələləri müzakirə olunub, tədbirlərin əlaqəli şəkildə icrasının təmin edilməsi ilə bağlı müvafiq əmrin imzalanması məqsədəuyğun hesab edilib.
Sonda 2022-ci ilin I yarımilliyi üzrə Energetika Nazirliyində icra intizamının vəziyyəti və vətəndaş müraciətlərinə baxılması haqqında hesabat təqdim edilib, icra intizamı, inzibati xətalar, icazələrin verilməsi, vətəndaşların qəbulu və müraciətlərə baxılması, Energetika Nazirliyinin cari il üçün təsdiq edilmiş İş Planı üzrə 1-ci yarımillikdə nəzərdə tutulmuş tapşırıqların icrası, eləcə də Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn tapşırıqların icra vəziyyəti nəzərdən keçirilib.