Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 17-ci iclası keçirilib

 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 17-ci iclası keçirilib

Sentyabrın 9-da Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclası keçirilib. İclasda Hökumətlərarası Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edib.

İclasda çıxış edən energetika naziri, Komissiyanın həmsədri Pərviz Şahbazov

2021-ci ilin 7 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 62 milyon ABŞ dolları təşkil etdiyini və ticarət əməkdaşlığının bütün istiqamətləri üzrə ixrac-idxal əməliyyatlarının həcmini artırmaq üçün böyük potensialın mövcud olduğunu qeyd edib: “Azərbaycanda Qazaxıstanın sənaye, kənd təsərrüfatı, ticarət, xidmət, tikinti və nəqliyyat sahələrində fəaliyyət göstərən 152 müəssisəsi qeydiyyatdan keçib. 1995-2021-ci illər ərzində Azərbaycan Qazaxıstana 203,7 milyon ABŞ dolları, Qazaxıstan isə Azərbaycana 94,8 milyon ABŞ dolları sərmayə qoyub”. Enerji sahəsində ikitərəfli müsbət ticarət dinamikasının müşahidə olunduğu da diqqətə çatdırılıb: “Qazaxıstanın xam neft və neft məhsulları bu gün Xəzər dənizi ilə Azərbaycan üzərindən Qara dəniz terminallarına daşınır. 2020-ci ildə “SOCAR Trading S.A.” şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına daha çox tədarük etmək məqsədi ilə Qazaxıstan mənşəli 106 min ton xam neft alıb. Bu ilin yeddi ayında bu rəqəm 71 ​​min ton təşkil edib” – deyə nazir əlavə edib. O da vurğulanıb ki, hazırda Azərbaycanda enerji səmərəliliyi və enerjinin istehsalı və istehlakında bərpa olunan enerji mənbələrinin payının artırılması sahəsində kompleks tədbirlər görülür. Bu istiqamətdə təcrübə mübadiləsinin uğurla həyata keçirildiyi və sahəyə maraq göstərən Qazaxıstan şirkətləri ilə əməkdaşlıq imkanlarının da nəzərdən keçiriləcəyi bildirilib.

İclasda Hökumətlərarası Komissiyanın 2019-cu il oktyabrın 9-da Bakıda keçirilmiş 16-cı iclasından ötən dövr ərzində ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində mövcud vəziyyət və ikitərəfli əlaqələrin inkişafı ilə bağlı görülmüş işlər nəzərdən keçirilib, gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı növbəti addımlar müzakirə edilib, müvafiq sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün konkret istiqamətlər üzrə birgə tədbirlər müəyyənləşdirilib.

İclasın sonunda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri – Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov imzalayıblar.

Komissiyanın 18-ci iclasının 2022-ci ildə Nur-Sultanda keçirilməsi razılaşdırılıb.