2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Azərbaycan-Macarıstan enerji İşçi Qrupunun iclası keçirilib
Energetika Nazirliyində Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında Enerji üzrə İşçi Qrupunun hibrid formatda 4-cü iclası keçirilib.
İşçi Qrupun həmsədri, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov çıxış edərək Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, ali səviyyədə qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib. Müxtəlif səviyyələrdə keçirilmiş görüşlər və imzalanmış sənədlərin həm ənənəvi enerji, həm də yaşıl enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verdiyi, görülmüş işlərin və əldə edilmiş nəticələrin planları qabaqladığı vurğulanıb.
Macarıstan tərəfindən iclasın həmsədri, Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və iqlim diplomatiyası şöbəsinin müdiri xanım İzabella Feierabend İşçi Qrup çərçivəsində əməkdaşlığının hazırkı vəziyyəti və cari ildə atılacaq addımlarla bağlı fikirlərini bölüşüb.
İclasda İşçi Qrupun 3-cü iclasından ötən dövr ərzində görülmüş işlər barədə ətraflı məlumat verilib, neft və qaz sahəsi üzrə əməkdaşlıq, bərpa olunan enerji, enerji tənzimlənməsi və enerji səmərəliliyi sahələrində həyata keçirilən layihələrə dair təqdimatlar dinlənilib. Ötən ilin iyun ayında iki ölkənin enerji şirkətləri arasında təbii qaz təchizatı üzrə bağlanmış müqavilədən irəli gələn məsələlər nəzərdən keçirilib, orta və uzunmüddətli qaz ticarəti üzrə müzakirələrin davam etdirilməsinə maraq ifadə olunub.
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası məqsədilə keçirilmiş nazirlər görüşlərinin nəticələrinə istinad edilib, bu əməkdaşlıq platformasının hər iki ölkənin yaşıl gündəliyinin icrasına töhfə verdiyi qeyd edilib.
İclasda, həmçinin ölkələrin tənzimləyici orqanları arasında qarşılıqlı təlimlərin və seminarların təşkilinin davam etdirməsi təşviq edilib, enerji səmərəliliyi sahəsində təcrübə mübadiləsinin aparılması və enerji effektivliyi fondlarının idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İclasın sonunda Enerji üzrə İşçi Qrupun 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. İşçi qrupun növbəti iclasının gələn il Budapeştdə keçirilməsi qərara alınıb.