Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib

 Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib

Energetika Nazirliyinin internet saytına istinadən Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuartın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq qurumlarının nümayəndələri onlayn formatda iştirak ediblər.

İclasda Hökumətlərarası Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər nəzərdən keçirilib, Azərbaycan və Böyük Britaniya arasında energetika, bərpa olunan enerji və enerji səmərəliliyi, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ətraf mühit, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi imkanları müzakirə edilib.

İki ölkə arasında siyasi sahədə olduğu kimi, iqtisadi-ticarət əməkdaşlığının da uğurla inkişaf etdiyi qeyd edilib. Çoxşaxəli iqtisadi münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər və reallaşdırılan layihələrin mühüm rol oynadığı bildirilib. Bu aspektdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin aprel ayında Birləşmiş Krallığa, eyni zamanda, Böyük Britaniyanın yüksək səviyyəli hökumət nümayəndələrinin ölkəmizə səfərlərinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 34% artaraq, 704,6 milyon ABŞ dolları təşkil edib. Ötən il isə bu göstərici, pandemiyanın mənfi təsirləri ilə əlaqədar 35% azalsa da, cari ildə artım müşahidə olunur. Xüsusilə də bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 2.5 dəfə artaraq, 162.2 milyon ABŞ dolları olub.

Hökumətlərarası Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov Azərbaycanla Birləşmiş Krallıq arasında neft-qaz sahəsində 30 illik uğurlu əməkdaşlığın qlobal enerji sektorunun çağırışlarına uyğun yeni inkişaf mərhələsinə daxil olduğunu deyib: “Birləşmiş Krallığın Azərbaycan iqtisadiyyatına indiyədək yatırdığı 30.6 milyard ABŞ dolları həcmində investisiyanın 28,8 milyardı enerji sektorunun payına düşür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” Milli Prioritetinin növbəti onillikdə reallaşdırılması, bərpa olunan enerji və yaşıl texnologiyaların inkişafını təşviq edən strateji qərarı və irəli sürdüyü vəzifələrin həlli ölkələrimiz arasında enerji əməkdaşlığının şaxələnməsi üçün yeni imkanlar açır. İnteqrasiya edilmiş enerji və nəqliyyat sistemlərinin karbonsuzlaşdırılması, bərpa olunan enerji, enerji səmərəliliyi, liberal enerji bazarına keçid və elektrik şəbəkələri üzrə əməkdaşlığımız nəinki iki ölkə arasındakı münasibətlərə, həm də enerji keçidi prosesinə öz töhfəsini verəcəkdir.”

Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuart isə Azərbaycanla Böyük Britaniya arasında mövcud əlaqələrin yeni istiqamətlər üzrə inkişafına ölkəsinin dəstəyini ifadə edib: “Böyük Britaniya dənizdə külək enerjisi, intellektual enerji sistemləri, dayanıqlı tikinti, kənd təsərrüfatından yaşıl maliyyəyə və elektromobillərin istehsalına qədər ekoloji cəhətdən daha təmiz texnologiyaların tətbiqi ilə bağlı qlobal prosesi təşviq edəcək maksimum imkanlara və təcrübəyə malikdir. Ümid edirəm ki, hökumətin enerji bazarının liberallaşdırılması və islahatlarla bağlı səyləri Azərbaycanı investorlar üçün daha da cəlbedici ölkəyə çevirəcək. Gələcəkdə Britaniyanın daha çox şirkəti infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələrə dəstək verə və Azərbaycanın böyük iqtisadi potensialının üzə çıxarılmasında mühüm tərəfdaş ola bilər.”

İclasda hər iki ölkənin enerji sektorunun inkişafı, investisiya mühiti, kiçik və orta biznes üçün imkanlar, təhsil sahəsində ehtiyaclara əsaslanan gələcək planlaşdırma, ikitərəfli təhsil imkanlarının qiymətləndirilməsi, ağıllı şəhərlər, süni intellektin tətbiqi, rəqəmsal transformasiya sahələrində Azərbaycanın planlarına ümumi baxış və Böyük Britaniyanın bu sahədə təcrübəsi, rəqəmsal səhiyyə, maliyyə sektorunda islahatlar, həmçinin yaradıcı iqtisadiyyat və yaradıcı təhsil üzrə əməkdaşlıq kimi bir çox məsələlərə   dair müzakirələr aparılıb və qarşılıqlı təqdimatlar dinlənilib.

Tədbir çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq Ticarət Nazirliyi arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənəd iki ölkə arasında enerji məsələlərində əməkdaşlığı gücləndirmək və iqlim dəyişikliyi probleminin həlli imkanlarını araşdırmağı nəzərdə tutur. Memorandum çərçivəsində bərpa olunan enerji, enerji səmərəliliyi, aşağı karbonlu texnologiyalar, liberal enerji bazarına keçid və elektrik şəbəkələri sahələrində əməkdaşlıq ediləcək, məlumat və təcrübə mübadiləsi aparılacaq.

Eyni zamanda, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rəqəmsal Hökumət Xidməti arasında rəqəmsal hökumət sahəsində Niyyət Protokolu da imzalanıb.

Sonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Hökumətlərarası Komissiyanın 5-ci iclasının isə 2022-ci ildə London şəhərində keçirilməsi barədə razılıq əldə olunub.