Azərbaycan – Böyük Britaniya arasında əməkdaşlığın perspektiv istiqamətləri müzakirə edilib

 Azərbaycan – Böyük Britaniya arasında əməkdaşlığın perspektiv istiqamətləri müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpı qəbul edib. Görüşdə ikitərəfli münasibətlər, energetika sahəsində mövcud əməkdaşlıq əlaqələri və perspektiv  istiqamətlər müzakirə olunub.

Görüş zamanı Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının protokolunun icrası müzakirə edilib və protokolda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda,  cari ilin may ayında fəaliyyətə başlamış Britaniya ticarət palatasının fəaliyyətinin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyəti vurğulanıb.

Nazir iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyini, mövcud əməkdaşlığın qlobal enerji sektorunun çağırışlarına uyğun yeni inkişaf mərhələsinə daxil olduğunu bildirib.

Görüş zamanı son əməkdaşlıq sahələri də tərəflər arasında müzakirə olunub. Buraya o cümlədən,  Energetika Nazirliyi ilə Birləşmiş Krallığın Beynəlxalq Ticarət Nazirliyi arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu, BP şirkəti ilə iri miqyasda karbonsuzlaşdırılmış, inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri sahəsində imzalanmış Anlaşma Memorandumu və Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi üzrə əməkdaşlığa dair İcra Müqaviləsinə üzrə atılacaq növbəti addımlar daxildir.