Azərbaycanda elektrik istehsalı və paylanmasında itkilər 13% azaldılıb

 Azərbaycanda elektrik istehsalı və paylanmasında itkilər 13% azaldılıb

10 iyun tarixində Azərbaycanın sədrliyi ilə videokonfrans formatında Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının Enerji Sektoru Koordinasiya Komitəsinin 31-ci iclası keçirilib. İclasda energetika nazirinin müavini Samir Vəliyev açılış nitqi ilə çıxış edib.

O, Azərbaycanın  energetika sektoru haqqında  məlumat verərək bildirib: “Son 10 ildə yeni sənaye sahələrinin yaradılması hesabına ölkədə elektrik enerjisi istehsalı 27,6%, istehlakı isə 37,8% artıb. Elektroenergetika sisteminə yatırılan investisiyalar və modernləşdirmə tədbirləri nəticəsində son 10 ildə elektrik enerjisinin səmərəliliyi və keyfiyyəti kifayət qədər yüksəldilmiş, itkilərin səviyyəsi azaldılmışdır. Nəticə etibarı ilə elektrik enerjisi istehsalı və paylanmasında itkilər 22,4%-dən 9,4%-ə, 1 kilovat-saat elektrik enerjisi istehsalına sərf olunan yanacaq istehlakı isə 319 qramdan 264 qramadək azalıb.

Eyni zamanda qeyd edilib ki, ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən biri olan enerji təhlükəsizliyini təmin etmək üçün görülən işlər Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi mövqeyini möhkəmləndirib. Qonşu ölkələrlə uğurlu əlaqələrin inkişaf etdirilməsi nəticəsində 2010-cu illə müqayisədə 2020-ci ildə elektrik enerjisi ixracı 380 milyon kilovat-saatdan 1 milyard 151 milyon kilovat-saatadək yüksəlib”.