2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Azərbaycan və İran birgə enerji layihələrinin icrasını müzakirə ediblər
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə İranın energetika naziri Əli Əkbər Mehrabian arasında geniş tərkibli görüş keçirilib.
Görüşdə iki ölkə arasında ortaq tarixi və dost münasibətlərin inkişafına dövlət başçıları tərəfindən xüsusi önəm verildiyi qeyd edilib. Bu yaxınlarda Azərbaycan və İran Prezidentlərinin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində keçirilmiş görüşünün gələcək əməkdaşlıq üçün əhəmiyyətindən bəhs edilib.
Bir çox sahələrdə olduğu kimi ikitərəfli enerji əməkdaşlığı ilə bağlı da qarşıya mühüm vəzifələrin qoyulduğu və bu görüşün birgə həyata keçirilən enerji layihələrinin inkişafına töhfə verəcəyi bildirilib.
Görüşdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin icrasından irəli gələn məsələlər və atılacaq növbəti addımlar müzakirə edilib. Hidroqovşaqlar və su elektrik stansiyaları ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb və inşa prosesinin tezliklə yekunlaşdırılmasının hər iki ölkə üçün əhəmiyyətli olacağı bildirilib.
Müzakirələr zamanı iki ölkənin energetika sahəsində əməkdaşlıq gündəliyində olan digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.