2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Azərbaycan və Britaniya arasında enerji əməkdaşlığı məsələləri müzakirə edilib
Energetika nazirinin müavini Samir Vəliyev Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki ölkə arasında dostluq münasibətlərindən bəhs edilib, Britaniyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından və ölkəmizdəki layihələrə ən çox investisiya yatıran ölkələrdən biri olması vurğulanıb. Enerji sahəsində əməkdaşlıq əlaqələrinin əhəmiyyəti və “bp” şirkətinin Azərbaycanın etibarlı tərəfdaşlarından biri kimi energetika sektorunda fəaliyyəti qeyd edilib. Şirkət tərəfindən Cəbrayıl rayonunda tikiləcək 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin bu ərazilərin “yaşıl enerji zonası” kimi inkişafına töhfə verəcəyi ifadə olunub.
Söhbət zamanı, həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi, təbii qaz təchizatı sahəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan bəhs edilib. Dənizdə külək enerjisi, “yaşıl hidrogen”, enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib, bu il Bakıda təşkili nəzərdə tutulan Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın növbəti iclasına dair fikir mübadiləsi aparılıb.