“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə

 “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
S Ə R Ə N C A M
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli 2620 nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə:
1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Energetika Nazirliyi:
2.1. Tədbirlər Planı üzrə əlaqələndirici funksiyasını yerinə yetirsin və Tədbirlər Planının icra vəziyyətinə dair hər il yanvar ayının 31-dək illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə əlaqələndirmə və monitorinq üzrə müvafiq işçi qrupun yaradılmasına dair təkliflərini 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Tədbirlər Planından irəli gələn tədbirlərin maliyyələşdirilməsi üçün müvafiq illər üzrə dövlət büdcəsində vəsait nəzərdə tutulmasına dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərin (payların) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması istiqamətində və Tədbirlər Planının əsas icraçıları olduqları tədbirləri üzrə zəruri işlərin görülməsini, Azərbaycan Respublikası Energetika Nazirliyinin müraciəti əsasında lazımi
məlumatların təqdim olunmasını təmin etsinlər.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 21 ” iyun 2022-ci il
№ 357s
https://nk.gov.az/az/document/6209/

 



 

2022-2026-cı illərdə işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların tətbiqi: enerji dəhlizi, damüstü günəş enerjisistemləri, nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələri

Nazirlər Kabinetinin 357s №-li Sərəncamına dair izah

https://nk.gov.az/az/document/6209/

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli 2620 nömrəli Sərəncamına əsasən qəbul edilmişdir.

Sərəncamla təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi üzrə dövlət və özəl təşkilatlar tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Həmin tədbirlər elektrik enerjisi və qaz təchizatı məqsədilə nəql və paylayıcı şəbəkələrin qurulmasını, Naxçıvandan keçməklə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizinin yaradılmasını, bərpa olunan enerji mənbələrinin potensialının ölçülməsini, Xudafərin və Qız Qalası su elektrik stansiyalarının, habelə Cəbrayıl rayonunda günəş, Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyalarının tikintisini, yaşıl texnologiyaların tətbiqi istiqamətində damüstü günəş enerji sistemlərinin quraşdırılmasını, küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyalarının tətbiqini, nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasını və s. əhatə edir.

https://nk.gov.az/az/article/2238/