Azərbaycan – Pakistan arasında Enerji üzrə Birgə İşçi Qrupun ilk iclası keçirilib
Energetika Nazirliyində Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında Enerji üzrə Birgə İşçi Qrupun onlayn formatda 1-ci iclası keçirilib.
Energetika nazirinin müavini Kamal Abbasovun və Pakistan İslam Respublikasının Energetika Nazirliyinin (Neft Bölməsi) xüsusi katibi Büşra Amanın həmsədrliyi ilə keçirilən iclasda açılış nitqi ilə çıxış edən nazir müavini iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu bildirib. İki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsində “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında enerji sahəsində əməkdaşlıq haqqında Saziş”in mühüm əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin Enerji üzrə Birgə İşçi Qrupun iki ölkə arasında əlaqələrin inkişafına yeni töhfələr verəcəyini qeyd edib.
Enerji üzrə Birgə İşçi Qrupun Pakistan tərəfindən həmsədri Buşra Aman isə çıxışında iki ölkə arasındakı dostluq münasibətlərinin mühüm əhəmiyyətini vurğulayıb və müxtəlif sahələr üzrə aparılan sıx əməkdaşlıqdan məmnunluğunu bildirib. SOCAR ilə Pakistanın neft-qaz şirkətləri arasında həyata keçirilən əməkdaşlığın daha da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Sonra iclasın gündəliyinə uyğun olaraq iki ölkə arasında enerji əməkdaşlığından irəli gələn məsələlər nəzərdən keçirilib, qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində perspektiv imkanlar barədə müzakirələr aparılıb. Neft-qaz, bərpa olunan enerjisi sahələri ilə bağlı təqdimatlar nümayiş olunub. Pakistan tərəfi Azərbaycanı müvafiq sahələr üzrə layihələrdə iştiraka dəvət edib.
İclasın sonunda onlayn formatda Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında Enerji üzrə Birgə İşçi Qrupun 1-ci iclasının Protokolu imzalanıb.
İclasda Energetika və İqtisadiyyat nazirlikləri, SOCAR, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri, həmçinin Azərbaycanın Pakistandakı və Pakistanın ölkəmizdəki səfirləri iştirak edib.