2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçirilib
Energetika Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə “Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu” keçirilib.
Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov və Amerika Birləşmiş Ştatlarının Ticarət Katibinin Qlobal Bazarlar üzrə Köməkçisi Arun Venkataramanın həmsədrliyi ilə keçirilən forumda bir sıra dövlət qurumları və biznes nümayəndələri iştirak ediblər.
Əvvəlcə həmsədrlər arasında ikitərəfli görüş baş tutub. Görüşdə iki ölkə arasında energetika sahəsində əlaqələrin genişləndirilməsi, yaşıl enerji üzrə əməkdaşlıq imkanlarının öyrənilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Forumda açılış nitqi ilə çıxış edən nazir müavini bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müxtəlif enerji mənbələrinin inkişafı üçün doğru zaman seçimi, uzaqgörən siyasi qərar və qətiyyətli addımlarının ardıcıllığı, bir-birini tamamlaması nəinki özümüzün, eyni zamanda tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verir və “yaşıl enerji”yə problemsiz keçidə təminat yaradır.
Çıxış zamanı bərpa olunan enerji sahəsində strateji hədəflər, görülən genişmiqyaslı işlər və reallaşdırılan layihələr haqqında məlumat verilib: “8 ay ərzində “Masdar”, “ACWA Power” və “Fortescue Future Industries” şirkəti ilə 25 QVt həcmində “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq sənədlərini imzaladıq. 2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri tələbatımızdan, potensialımız isə yaradılacaq güclərdən dəfələrlə çoxdur. 157 QVt külək enerji potensialı olan Xəzər dənizinin ölkəmizə aid sektoru, azad edilmiş ərazilər və Naxçıvan “yaşıl investisiya” üçün ən cəlbedici məkanlardır”.
Çıxışda, həmçinin Naxçıvanın zəngin günəş enerjisi potensialı, “yaşıl enerji” mərkəzinə çevirilməsi və burada 1500 MVt gücündə xarici investisiya layihələri ilə bağlı planlar haqqında danışılıb. Ümumilikdə ölkə üzrə yaradılacaq yaşıl güclərin əhəmiyyətli bir hissəsinin Türkiyə və Avropa istiqamətində ixrac edilə biləcəyi qeyd edilib.
Arun Venkataraman isə öz çıxışında deyib: “Mühüm əhəmiyyət daşıyan bu forumda ABŞ şirkətləri Azərbaycanda “yaşıl enerji” sahəsinə maraqları barədə birbaşa danışacaqlar. ABŞ-ın ticarət departamenti, habelə özəl sektoru Azərbaycana bərpa olunan enerji sahəsində müəyyən etdiyi hədəfləri əldə etməsi üçün dəstək verməyə hazırdır”.
ABŞ-ın emissiya səviyəsi yüksək olan sektorlarda karbon tullantılarının aşağı salınmasına dair öhdəliyinə sadiq olması barədə danışan Ticarət Katibinin köməkçisi bildirib: “Prezident Bayden iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə Birləşmiş Ştatlarda ətraf mühitə atılan tullantıların səviyyəsini 2050-ci il üçün sıfıra çatdırmaq öhdəliyini götürüb. Cari Administrasiya iqlim dəyişikliyi problemi ilə mübarizə üçün bütün hökümət qurumları arasında əlaqələndirilmiş yanaşma tətbiq edir”.
Sonra ölkəmizdə elektrik enerjisi istehsalında mövcud vəziyyət, elektroenergetika sahəsində qonşu ölkələrlə münasibətlər, həmçinin bərpa olunan enerji potensialı, müvafiq sahədə qanunvericilik bazası, investisiya mühiti, bu sahədə görülən işlər və cari layihələrə dair təqdimatlar nümayiş etdirilib, “yaşıl hidrogen” layihələri və “təmiz enerji” texnologiyalarının enerji balansına inteqrasiyası planları ətrafında müzakirələr aparılıb.
Yaşıl Enerji Forumu Azərbaycan və ABŞ şirkətləri arasında təşkil olunan biznes görüşlərlə davam edib.