2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Araz və Mil-Muğan su anbarlarından birgə istismarının 50-ci ildönümü qeyd edilib
Araz çayı boyunca inşa edilmiş Araz və Mil-Muğan su anbarlarından birgə istifadə edilməsinin 50 illiyi münasibətilə yubiley mərasimi keçirilib. Azərbaycan və İran İslam Respublikasının hökumət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş tədbir, ərazidə təşkil olunan sərgi ilə tanışlıqla başlanıb. Tədbirdə Azərbaycan tərəfdən Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, İran tərəfdən isə Şərqi Azərbaycan vilayətinin valisi Mohammad Reza Pour Mohammadi açılış nitqləri ilə çıxış ediblər.
Araz çayı üzərində Azərbaycan və İran İslam Respublikası tərəfindən tikilərək 1971-ci ildə birgə istismara verilmiş, həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı, həmçinin “Araz” SES və hər iki ölkənin ərazisində 400 min hektar sahənin suvarılmasını təmin edən Mil-Muğan su anbarının regional əməkdaşlığın inkişafında əhəmyyəti diqqətə çatdırılıb.
Tədbirdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov və İran İslam Respublikasının energetika nazirinin su məsələləri üzrə müavini Ghasem Taghızadeh də çıxış edib. Zaur Mikayılov əmin olduğunu vurğulayıb ki, mövcud su ehtiyatlarından daha səmərəli istifadənin təmin olunması, su təminatında yarana biləcək çətinliklərin vaxtında qarşısının alınması və hər iki dövlətin su və enerjiyə olan tələbatının ödənilməsi məqsədilə bu sahədə fəaliyyət bundan sonra da uğurla davam etdiriləcək. Ghasem Taghızadeh isə iki ölkə arasında Araz çayı üzrə əməkdaşlığın və rəğbətli münasibətin bütün dünyada sülh və dostluğun gözəl nümunəsi ola biləcəyini deyib.
Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov da çıxışında Araz və Mil-Muğan su anbarlarını ölkələrimiz üçün sosial-iqtisadi obyektlərdən daha çox uzunmüddətli əməkdaşlıq körpüsü adlandırıb: “Araz və Mil-Muğan su anbarları, “Araz” SES, eləcə də Araz çayı üzərində yeni layihələrin nümunəsində əminliklə deyə bilərik ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə birgə əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir. Yarım əsr ərzində bu infrastrukturlar paritet əsasda hər iki ölkənin maraqlarına xidmət edərək Azərbaycan-İran təcrübəsində transsərhəd sularından istifadənin də örnək modelini formalaşdırıb”.
Qeyd edilməlidir ki, Araz çayı üzrəndə tikilməkdə olan “Xudafərin” və “Qız Qalası” su anbarları da İran İslam Respublikası ilə birgə əməkdaşlıq çərçivəsində tikilir, müştərək istismar üçün nəzərdə tutulmuşdur.
Xəbər, Energetika Nazirliyindən rəsmi məlumatına istinadən təqdim edilir.