AİB Azərbaycanda “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişafında maraqlıdır

 AİB Azərbaycanda “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişafında maraqlıdır

Energetika naziri Pərviz Şahbazov Asiya İnkişaf Bankının (AİB) ölkə üzrə direktoru Kendis Makdeyqanı qəbul edib.
Energetika sektorunda aparılan islahatlar, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışan energetika naziri bu prosesdə beynəlxalq maliyyə qurumları, o cümlədən AİB-in dəstəyinin vacibliyini qeyd edib. Bildirilib ki, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamla 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair müəyyən edilmiş milli prioritetlər sırasına daxil edilib.

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi vurğulanıb. AİB ilə uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələrinin bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edən və bu sahədə yaranan münasibətləri tənzimləyən qanunun imzalanmasından sonrakı inkişaf mərhələsində də görüləcək işlərə töhfə verəcəyinə inam ifadə olunub.

Kendis Makdeyqan isə öz növbəsində AİB-in Azərbaycanda enerji sektorunda, o cümlədən “yaşıl enerji” sahəsində, xüsusi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerjidən istifadənin genişləndirilməsi istiqamətində əməkdaşlığın inkişafına dəstəyin davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Hazırda icra edilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” adlı pilot layihə üzrə görülən işlər uğurlu əməkdaşlıq nümunəsi kimi qiymətləndirilib.