2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Avropa İttifaqı Azərbaycanda enerji effektivliyi tədbirlərinin icrasına dəstək verir
Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda enerji səmərəliliyinin daha da yaxşılaşdırılmasına dəstək” layihəsi çərçivəsində enerji effektivliyi, eko-dizayn və enerji etiketlənməsi ilə bağlı ictimai məlumatlılığın artırılması üzrə təlimlər keçirilib.
2021–ci ildə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun qəbulundan sonra Avropa Birliyi qanunun icrasından irəli gələn qanunvericilik aktlarının hazırlanmasını, o cümlədən digər nəzərdə tutulan tədbirlərə dəstək göstərmək məqsədi üçün “Azərbaycanda enerji səmərəliliyinin daha da yaxşılaşdırılmasına dəstək” layihəsinin maliyyələşdirilməsini həyata keçirdib. Beynəlxalq və milli ekspertlərdən ibarət ekspert qrupu Energetika Nazirliyi ilə birgə qanunda nəzərdə tutulmuş binalarda enerji effektivliyi, eko–dizayn və enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi ilə bağlı ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanması istiqamətində işləyib. Bu normativ aktların effektiv tətbiqi Azərbaycan hökumətinə ictimai və yaşayış binalarında enerji istehlakını və xərcləri azaltmağa kömək edəcəkdir. Eyni zamanda, daxili tələbatın azalması hesabına enerji ixracının artırılması, yeni müəssisələrin və iş yerlərinin yaradılması, habelə iqlim dəyişikliyinə təsirlərinin azaldılması kimi bir sıra iqtisadi, sosial və sağlamlığın qorunması kimi faydalara nail olunacaqdır. Layihə çərçivəsində aşağıdakı mövzularda bir sıra təlimlər və bacarıqların artırılması üçün sessiyalar təşkil olunub:
• Binalarda EE üçün Aİ və ən yaxşı beynəlxalq tələblər və standartlar;
• Aİ–də enerji effektivliyinin qiymətləndirilməsi və pasportlaşdırılması üzrə qabaqcıl təcrübələri;
• Aİ ekoloji dizayn və enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qanunvericiliyi və ən yaxşı beynəlxalq təcrübələr;
• Binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının əsas üsulları və tələbləri; • Binalarda enerji effektivliyi və məişət cihazlarının etiketlənməsi mövzularında məlumatlılığın artırılması üçün kommunikasiya tədbirlərinin işlənib hazırlanması.
Təlimlərdə ümumilikdə Azərbaycan hökumətinin və digər maraqlı tərəflərin 70–dən çox nümayəndəsi enerji effektivliyi mövzusunda təlimlərə qatılıb. Məlumatlılığın artırılması və kommunikasiya fəaliyyətinin inkişaf etdirilməsi üzrə sonuncu seminarda yerli biznes və Aİ–nin Merlərin Razılaşmasını imzalayan şəhərlərin nümayəndələri, Aİ–nin Gənc Səfirləri, elmi dairələr və vətəndaş cəmiyyəti daxil olmaqla Azərbaycan cəmiyyətinin müxtəlif qruplarını əhatə etmişdir.
Məlumat üçün bildirmək istəyirik ki, 2017–ci ildə EU4Energy layihəsi çərçivəsində “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun ilk layihəsi hazırlandıqdan sonra Aİ enerji effektivliyi siyasətini həyata keçirmək səylərində Azərbaycana davamlı olaraq dəstək verir. Enerji effektivliyi təmiz enerji keçidinin ən mühüm sütunu hesab olunduğu üçün Avropa İttifaqının enerji siyasətinin “ilk yanacağı” hesab olunur. Bu səbəbdən enerji və enerji effektivliyi Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətinə çevrilib.