2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
“Ağıllı şəhər” konsepsiyası sakinlərinə nələri vəd edir?
Ağıllı şəhər nədir?
Şəhər problemlərinin həlli üçün əməliyyat səmərəliliyinin artırılmasında, ictimaiyyətlə qarşılıqlı məlumatların paylanılmasında və bununla belə həm dövlət xidmətlərinin keyfiyyətini, həm də vətəndaş rifahını yaxşılaşdırmaq üçün informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə edən şəhərlər “ağıllı şəhər” kateqoriyasına aid edilir. Ağıllı şəhərlərdə vətəndaşların şəhərin mövcud imkanlarından istifadə rahatlığı, adi şəhərlərlə müqayisədə çox yüksəkdir.
Ağıllı şəhərlərin əsas vəzifəsi smart texnologiya və məlumat təhlilindən istifadə edərək vətəndaşların həyat keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, şəhər funksiyalarını optimallaşdırmaq və iqtisadi artımı sürətləndirməkdir. Yəni məsələ, insanların hökumət tərəfindən onlara göstərilən xidmətlərdən necə faydalanmasından və birtərəfli qazanılan mənfəətdən deyil, qarşılıqlı olaraq hər iki tərəf üçün səmərəliliyin yüksəldilməsindən gedir. Bu konsepsiyada əsas qiymətləndirmə nə qədər çox texnologiyaya sahib olmaqda deyil, texnologiyaların tətbiqi ilə hansı xidmətlərin və işlərin səmərəli və rahat şəkildə görülməsidir.
Bir şəhərin ağıllılığını təyin etmək üçün bir neçə xüsusiyyət nəzərə alınır. Nümunə üçün əsas sayılan bəzi xüsusiyyətləri sıralayaq:
- texnologiyaya əsaslanan infrastruktur;
- ekoloji təşəbbüslər;
- yüksək səviyyəli, funksional ictimai nəqliyyat sistemi;
- inamlı şəhər planlama hissi;
- şəhər daxilində yaşayan, işləyən və onun resurslarından istifadə edə bilən insanlar.
Ağıllı şəhərin müvəffəqiyyəti, hökumətin dövlət obyektlərindən tutmuş özəl sektorlara kimi qarşılıqlı, güclü bir əlaqə qurma qabiliyyətindən daha çox asılıdır. Rəqəmsal məlumatlara əsaslanan bir mühit yaratmaq və idarə etmək üçün görülən işlər hökumət və özəl sektorlar arasında razılıqlı həyata keçirilirsə, həmin layihəyə sərf olunan xərcləri bir neçə dəfəyə qədər azaltmaq mümkün olur. Bu o deməkdir ki, xırda obyektlərdən böyük təşkilatlara, orqanlara qədər onlara məxsus resurslar ortaq şəkildə, mərkəzi məlumat bazası olmaqla local şəbəkə şəklində istismar olunacaqdır.
Ağıllı şəhər necə işləyir?
Ağıllı şəhərlərdə, həyat keyfiyyətini yüksəltmək və iqtisadi artıma nail olmaq kimi məqsədlərə çatmaq üçün əlaqəli IoT (İnternet of Things) cihazlarından və digər texnologiyalardan istifadə edirlər. Tətbiq olunan texnologiya isə qəbul olunan informasiyaların tipindən asılı olaraq ya müstəqil şəkildə müəyyən alqoritmlə yazılmış proqrama əsaslanaraq nəzərdə tutulan əməliyyatları icra edə bilir, ya da ki, icra prosesi üçün toplanan məlumatların təhlili və analizini ekspertlərə həvalə edir. Ümumiyyətlə, uğurlu ağıllı şəhərlər dörd addımı izləyir:
- Toplanma – Şəhər boyu ağıllı sensorlar məlumatları real vaxtda toplayır.
- Analiz – Ağıllı sensorlar tərəfindən toplanan məlumatlar müəyyən fikirlər əldə etmək üçün qiymətləndirilir.
- Kommunikasiya– Təhlil mərhələsində seçilən fikirlər güclü ünsiyyət şəbəkələri vasitəsi ilə qərar verənlərə ötürülür.
- Fəaliyyət – Şəhərlər, məlumatlar əsasında təhlil olunmuş nəticələrdən istifadə etməklə, əməliyyatları və aktiv idarəetməni optimallaşdırır, sakinlərin həyat keyfiyyətini yaxşılaşdırır.
Əlavə olaraq, əldə olunan məlumatları təhlil etmək və bunun əsasında ehtiyac olunan işləri həyata keçirtmək üçün müstəqil podratçılarla işləmək kimi versiya da dünya təcrübəsində özünü doğruldur. Bununla belə ağıllı şəhərin çalışması üçün tətbiq olunan bütün sistem avadanlıqlarına və hissələrinə profilaktik baxışlar, ehtiyac olunan təmir işləri, genişləndirmə və təkmilləşdirmə kimi işlər də seçilmiş peşəkar ixtisaslı podratçı ekspertlərə həvalə olunur. Bu səbəbdən ağıllı şəhərin uğuru, tək bir layihəni tamamlamaqdan daha çox, müsbət əlaqələr qurmağa və onlar ilə münasibətləri inteqrasiya etməyə yönəlir.
Dünyada ağıllı şəhərlərin siyahısına aşağıdakılar daxildir:
Kansas City (Missuri), San Diego (Kaliforniya), Columbus (Ohayo), New York(Amerika B.Ş), Toronto (Kanada), Sinqapur, Vyana (Avstriya), Barselona (İspaniya), Tokio (Yaponiya), Reykyavik (İslandiya), London (İngiltərə), Melburn (Avstraliya), Dubay (Birləşmiş Ərəb Əmirlikləri), Hong Kong (Çin) və s.
Ağıllı şəhər konsepsiyasında ağıllı enerji şəbəkəsinin rolu?
Bu gün elektrik enerjisi istehsalında qlobal bir tendensiya var ki, bu da ənənəvi elektrik stansiyalarından bərpa olunan (xüsusilə külək və günəş enerjisi) enerjiyə doğru mutasiya etməkdir. Bərpa olunan enerjinin iqtisadi və ekoloji üstünlükləri ilə yanaşı, həm də enerji tükənməzliyi və ətraf mühütə dəyən ziyanın cüzi miqdarda olması səbəbləri ilə hazırda dünyanın hər yerində alternativ enerji mənbələrinə olan maraq gündən-günə artmaqdadır.
Ənənəvi elektrik enerji stansiyalarının elektrik enerji bazarı mexanizmlərinə uyğun olaraq planlaşdırıldığı və idarə olunduğu halda, külək və günəş kimi dəyişkən enerji resursları (Variable Energy Resources-VERs) stoxastik təbiətdən qaynaqlanan hava şəraitindən asılı olduğu üçün onları qabaqcadan müəyyən etmək və planlaşdırmaq mümkün olmur.
VER-lər ümumilikdə 3 əsas xüsusiyyəti ilə fərqlənir – dəyişkənlik, qeyri-müəyyənlik və məkan asılılığı. Bu xüsusiyyətlər səbəbi ilə dəyişən enerji resurslarının mövcud enerji sisteminə inteqrasiyası, ənənəvi şəbəkə sistemində və şəhər tələbatçılarında köklü dəyişiklik tələbini irəli sürür. Ağıllı şəhərlərin ənənəvi şəhərlərlə müqayisədə əsas üstün cəhəti kimi burada smart grid texnologiyasını (intelektual smart texnologiyaları ilə kütləvi şəkildə VER-lərin enerji sisteminə inteqrasıyasına imkan verən) sinxron olaraq səmərəli şəkildə tətbiq etməyin mümkün olmasını göstərmək olar.
Bu gün tələbatçıların tələbini ödəmək, onları fasiləsiz, keyfiyyətli və etibarlı enerji təchizatı ilə təmin etmək və istehlakçıların şüurunda yeni növ enerji mənbələrin istifadəçisinə çevrilmək marağını yaratmaq da əsas şərtlərdəndir. Bunun üçün güc sisteminin dayanıqlığı, ənənəvi enerji mənbələrinə nisbətən sərfəli qiymətin olması və s. şərtlərin olması tələbi formalaşır ki, bu tələblər smart city-lərdə smart grid texnologiyasının tətbiqi ilə yüksək səviyyədə ödənilir. Bu sahədə daha böyük nailiyyətlərin əldə olunması üçün dünya səviyyəsində elmi araşdırmalar aparılmaqdadır.
Tam formalaşmış ağıllı şəhərlərdə (alternatıv enerji resurslarının kütləvi inteqrasiya olunduğu, Smart Grid Texnologiyası ilə işləyən) ənənəvi enerji sistemindən fərqli olaraq sakinlər hətta adət halını aldığımız Brownout (yükün azaldılması məqsədi ilə qısa müddətli sistem gərginliyinin 5-20% azaldılması), Blackout (enerji təchizatının hər hansı qəza səbəbindən tamamilə dayandırılması) və Load Shedding (Sistemin dayanıqlığının saxlanması məqsədi ilə bilərəkdən tələbatçıların bir qisminin müvəqqəti olaraq şəbəkədən təcrid olunması) kimi hallar ilə qarşılaşmırlar.
Əsas çatışmamazlığı kimi savadlı kadr ehtiyacına tələbin yüksək olması, şərtlərdən və şəraitdən asılı olaraq nisbətən yüksək investisiya tələbinin olması və mərkəzi məlumat bazasının mümkün ola biləcək kiber hücumlara məruz qalması riskini göstərmək olar.
Aşağıdakı təsvirdə ənənəvi (solda) və ağıllı texnologiyaya əsaslanan VER-lərin inteqrasiya olunduğu enerji sistemi (sağda) arasındakı fərqi asanlıqla görmək olar.
Beləliklə, ağıllı şəhər konsepsiyası, sakinlərinə rahat, planlaşdırıla bilən, vaxta qənaət edən, fərdi şəkildə idarə edilə bilən, qazandıran, eyni zamanda ekoloji baxımdan sağlam yaşayış tərzini vəd edir.
Qeyd etmək lazımdır ki, yenidənqurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonarında da ağıllı kənd konsepsiyasının geniş tətbiqi nəzərdə tutulur ki, Zəngilanın Ağalı kəndində ilk belə layihənin icrası yerinə yetirilməkdədir.
Rəqəmsallaşmanın zamanın qaçılmaz tələbinə çevrildiyi bir dövrdə, Qarabağ və Şərqi Zəngəzur əhalisinin həmin ərazilərə böyük qayıdışında, əhalinin yeni “ağıllı kənd” yaxud “ağıllı şəhər” konsepsiyanın yaratdığı imkanlara və yeni texnologiyalara uyğunlaşması sürətli baş verəcəkdir. Əhali üçün yaradılan yaşayış şəraitinin üstünlüyü, həmin əraziləri məskunlaşmaq üçün daha cəlbedici edəcəkdir.
Nicat Ağalıyev