ACE platformasının üst modulları dənizə yola salınıb

 ACE platformasının üst modulları dənizə yola salınıb

bp Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi elan edir ki, bu gün Azəri-Mərkəzi-Şərqi (ACE) platformasının üst modulları inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsindən dənizə yola salındı. Obyektin dənizdə quraşdırılması və işə-salınması üçün tələb olunan işləri minimuma endirmək məqsədilə yola salınmazdan əvvəl üst modulların əsas istismar sınaqları və yoxlamaları quruda həyata keçirilmişdi.

4 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üst modulların inşa edildiyi tikinti-quraşdırma sahəsinə baş çəkərək tikintisi artıq başa çatmış qurğu dənizə öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olmuşdu. Həmin vaxtdan bəri işçi heyəti quruda aparılması planlaşdırılan əsas istismar sınaqlarını və yoxlamaları uğurla başa çatdırmışdır. Bu işlərə qazma qurğusunun quruda işə salınması və sınaq əməliyyat işləri aparılması müddətinin uğurla bitməsi, inteqrasiya olunmuş qurğu sisteminin bütövlükdə əminlik sınaqları və sistemi dayandırarkən təzyiqin aşağı salınması əməliyyatının təhlükəsizlik sınağı daxil idi.

Bu işlər bitdikdən sonra üst modullar təhlükəsiz şəkildə lazımi hündürlüyə qaldırıldı və yükləmə çərçivəsi qurğusunun üzərinə endirildi ki, oradan da daşıma barjasının üstünə sürüşdürülsün.

May ayının 30-da STB-1 daşıma barjası Bibiheybət tikinti-quraşdırma sahəsinə gətirildi və üst modulların barjaya yüklənməsi əməliyyatı üçün hazırlıqlar başlandı. İyul ayının 2-də üst modullar bütövlükdə STB-1 barjasının üzərinə yükləndi və dənizdə dayaq blokunun üzərinə quraşdırılmaq üçün avqustun əvvəlində AÇG yatağı sahəsinə yola salınmağa hazır vəziyyətə gətirildi.

Üst modulların daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılıb və bu işlərin təxminən dörd günə tamamlanacağı gözlənilir. Üst modullar mart ayından bəri suyun 137 metr dərinliyində quraşdırılmış ACE platformasının dayaq blokunun üzərinə yerləşdiriləcək.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz: “Bu gün biz ACE platformasının son hissəsini dənizə yola saldıq. İnanırıq ki, bu platforma sistem və proseslərin avtomatlaşdırılması və rəqəmsal innovasiyaların geniş istifadəsinə imkan yaradacaq ən müasir dizayna malik möhtəşəm innovativ mühəndislik nümunəsidir. Bu platforma Səngəçal terminalından, yəni uzaq məsafədən, idarə ediləcək və bu mənada Xəzərdə sahildən idarə edəcəyimiz ilk dəniz platforması olacaq.

Operator olaraq biz çox məmnunuq ki, belə bir mürəkkəb layihənin quruda aparılması planlaşdırılan bütün tikinti işlərini və istismar sınaqlarını uğurla başa çatdırdıq. Bütün bu işlərdə əməyi olan hər kəsə dərin təşəkkürümü bildirmək istəyirəm. Möhtəşəm icra göstəricilərinə və əldə etdiyimiz nailiyyətlərə görə platformanın hazırlanmasında iştirak edən podratçılarımıza, tikinti, istismar sınaqları, əməliyyatlar, texniki təhlükəsizlik və mühəndis qruplarımıza və bütün işçi qüvvəsinə xüsusilə təşəkkür edirəm.

Üst modulların növbəti günlər ərzində təhlükəsiz şəkildə dayaq blokunun üzərinə quraşdırılacağını planlaşdırırıq. Bundan sonra isə platformadan ilk hasilat quyusunun qazma işlərinə başlamaq və 2024-cü ilin əvvəlində ilk nefti əldə etmək üçün dənizdə quraşdırma işlərinin və istismar sınaqlarının tamamlanmasına bizə bir neçə ay lazım olacaq.“

19600 ton çəkisi olan üst modulların tikintisinə 2019-cu ildə başlanıb və tikinti işləri möhtəşəm təhlükəsizlik göstəricisi ilə, yəni heç bir xəsarətə yol vermədən 21 milyon saat iş yerinə yetirilməklə tamamlanıb.

ACE platformasının üst modulları neft və qaz emalı qurğularından, qazma qurğusu və avadanlığı kompleksindən, qaz kompressorundan və yaşayış bloklarından ibarətdir.

Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində Azfen şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib.