2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
ACE platformasının dayaq bloku istifadəyə təhvil verilib
Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi “Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilmiş Azəri Mərkəzi Şərqi (ACE) platformasının dayaq blokunun Xəzər dənizində AÇG müqavilə sahəsindəki daimi yerinə yola salınmaq üçün barjaya yüklənməyə hazır olduğunu bildirib. BDÖZ sahəsində dayaq blokunun dənizə yola salınması mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. Dayaq blokunun tikintisi təhlükəsiz və qrafikə uyğun şəkildə tamamlanıb. Qurğu dənizə yola salınmaq üçün BDÖZ yanalma körpüsündə STB-1 daşıma barjasına yüklənəcək və 2023-cü ilin birinci rübündə dənizə yola salınacaq.
“BOS Shelf” tərəfindən inşa edilmiş dayaq bloku yerli tikinti infrastrukturundan və obyektlərindən istifadə edilməklə tam şəkildə ölkə daxilində quraşdırılıb. Subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərinə 2000 nəfərdən çox insan cəlb olunub və işçi qüvvəsinin əksəriyyəti Azərbaycan vətəndaşları olub.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib: “ACE layihəsi AÇG üzrə yenilənmiş müqavilənin əməldə başlandığını əks etdirir. Layihənin ilk böyük hissəsini – ACE platformasının dayaq blokunu təhlükəsiz və qrafikə uyğun tamamlamaqdan məmnunuq. Bu, ACE layihəsindən ilk neftin əldə edilməsinə doğru atılmış mühüm bir addımdır. İndi biz diqqətimizi layihənin digər hissələrinə – üst tikililərə, sualtı tikinti işlərinə və dənizdə quraşdırma fəaliyyətlərinə yönəldəcəyik ki, gələn il layihənin bütöv tamamlanmasına nail olaq və ACE layihəsindən hasilatın başlanması üçün ilk quyunu qazmağa başlayaq.
Bu mühüm mərhələnin həyata keçirilməsində göstərdikləri dəstəyə və əməkdaşlığa görə Azərbaycan Hökumətinə, SOCAR-a və bütün tərəfdaşlarımıza təşəkkür edirik. Həmçinin bu nailiyyətin gerçəkləşməsində zəhməti olan hər kəsə – bp-nin, podratçı və subpodratçı təşkilatların əməkdaşlarına təşəkkür edirəm. Xüsusilə də, üçillik tikinti fəaliyyətləri ərzində bp-nin texniki təhlükəsizlik standartlarına tam əməl edərək itirilmiş iş gününə səbəb ola biləcək heç bir hadisəyə yol vermədən 3 milyon saat işi təhlükəsiz yerinə yetirmiş “BOS Shelf” şirkətinə minnətdarlığımı bildirmək istəyirəm”.
ACE platformasının dayaq blokunun çəkisi 16000 ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvurma, biri neft ixracı və biri də qaz ixracı üçün nəzərdə tutulmuş üç hasilat dik borusu daxildir. Dayaq bloku suyun 137 metr dərinliyində quraşdırılacaq.