ASAN və bp könüllülər akademiyası məzunlarına sertifikatlar təqdim edib
ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlandı
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru olaraq bildirir ki, dünən yeni Azəri Mərkəzi Şərqi (ACE) platformasında ilk hasilat quyusunun qazılmasına başlanıb. Bundan əvvəl 2023-cü ilin avqust ayında Bayıl tikinti-quraşdırma sahəsindən dənizə yola salınmış ACE platformasının üst modullarının dənizdə bütün quraşdırma işləri və istismar sınaqları təhlükəsiz şəkildə tamamlanıb.
Quyunun ümumi dərinliyinin 3188 metrədək olacağı planlaşdırılır və bu dərinliyə çatmaq üçün qazma işlərinin təxminən üç ay cəkəcəyi gözlənilir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Biz ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq və sevinirik. Bu, bizə 2024-cü ilin əvvəllərinə nəzərdə tutulmuş ilk ACE neftinin əldə olunmasına imkan verəcək. Qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün geniş hazırlıq işləri aparmışıq və bütün bunların əsasında bu sahədə olan təcrübəmiz, innovativ yanaşmalar, eləcə də avtomatlaşdırılmış proseslər və qabaqcıl texnologiyalardan geniş istifadə durur. ACE platformasında bu ilk hasilat quyusunu təhlükəsiz, səmərəli və qrafikə uyğun şəkildə tamamlayacağımıza inanırıq.”