2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
ACE layihəsi
6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
ACE layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub. Bu, 2017-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından bəri AÇG sahəsinin işlənməsinə ümumilikdə 42 milyard dollar investisiya qoyulmuşdur.
ACE layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud Mərkəzi Azəri və Şərqi Azəri platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG Faza 2 sualtı ixrac kəmərlərinə qoşulacaq.
Bundan əlavə, laya vurulan suları Mərkəzi Azəri kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və Şərqi Azəri platformaları arasında suvurma üçün boru xətti də olacaq.
ACE platforması Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. Bunun üçün platformanın idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib və Səngəçal terminalında yeni ACE idarəetmə mərkəzi inşa edilib. ACE AÇG platformaları arasında uzaq məsafədən idarə olunan ilk platforma olacaq. Terminalda idarəetmə mərkəzi artıq tam hazırdır və işlək vəziyyətə gətirilib ki, sınaq işləri aparıla bilsin.
Ümumi layihənin tikinti işləri 2019-cu ilin sonlarında başlanıb və yerli resurslardan istifadə olunmaqla ölkə daxilində həyata keçirilib. İşlərin pik dövründə Azərbaycanda tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib.
Heç bir xəsarətə yol vermədən 25 milyon saat iş yerinə yetirilməklə layihənin iş həcminin 85%-i artıq tamamlanıb.
ACE platformasının dayaq bloku
ACE dayaq blokunun çəkisi 16000 ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvurma, biri neft ixracı və biri də qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir.
Dayaq blokunun tikinti işləri üç il çəkib və ötən ilin sonunda təhlükəsiz şəkildə (heç bir hadisəyə yol vermədən 3 milyon iş saatı təhlükəsiz yerinə yetirilərək) tamamlanıb. 13 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) sahəsinə baş çəkərək dayaq blokunun dənizə yola salınması prosesinə start verib.
Bütün istismar sınaqları bitdikdən sonra dayaq bloku 16 mart 2023-cü il tarixində dənizə yola salınıb və suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılaraq üst modulları qəbul etməyə artıq hazırdır.
Dayaq blokunun sualtı konstruksiyalarının və qovşaqlarının quraşdırılma işləri hazırda 94% tamamlanıb.
“BOS Shelf” tərəfindən inşa edilmiş dayaq bloku yerli tikinti infrastrukturundan və obyektlərindən istifadə edilməklə tam şəkildə ölkə daxilində BDÖZ-də tikilib. Subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərinə 2000 nəfərdən çox insan cəlb olunub və işçi qüvvəsinin əksəriyyəti Azərbaycan vətəndaşları olub.
ACE platformasının üst modulları
ACE platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19600 tondur.
Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində Azfen şirkəti tərəfindən inşa edilib. Hazırda tikinti işlərinin və istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqların artıq 95%-i tamamlanıb.
Üst modulların tikinti işlərinin kulminasiya nöqtəsi Xəzərdə bp-nin ilk dəfə icra etdiyi “qaldırma və sürüşdürmə” əməliyyatı idi ki, bu əməliyyat zamanı iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə ACE üst tikililər blokunun üzərinə yerləşdirilib.
İki qazma modulu – çəkisi 2350 ton, uzunluğu 43m, eni 20m və hündürlüyü 20m olan modullu qazmaya dəstək modulu (MQDM) və çəkisi 2400 ton, uzunluğu 32m, eni 22m, hündürlüyü 80m olan qazma avadanlığı dəsti (QAD) – üst tikililər blokundan kənarda “qaldırma və sürüşdürmə” əməliyyatınadək ayrıca inşa olunub. Hər iki modul Bayıldakı istehsalat-quraşdırma sahəsində inşa edilib.
Layihənin pik dövründə üst modulların tikintisi işlərinə 4400 nəfərədək işçi cəlb edilib və onların 90%-dən çoxu Azərbaycan vətəndaşı olub.
Sahədə əməyin təhlükəsizliyi üzrə göstəricilər yüksək səviyyədədir – üst modulları inşa edən işçi heyəti bu yaxınlarda heç bir xəsarətə yol vermədən 20 milyon iş saatı yerinə yetirilməsini qeyd edib.
Tikinti işlərinin və istismar sınaqlarının 2023-cü ilin ikinci rübündə tamamlanacağı gözlənilir. Həmin vaxt qurğu STB-1 daşıma barjasına yüklənəcək, dənizə göndəriləcək və dayaq blokunun üzərinə quraşdırılacaq. Tikinti işlərinin və istismar sınaqlarının dənizdə həyata keçirilən hissəsi tamamlandıqdan sonra ACE platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün ilk quyunun qazılmasına başlanacaq.
ACE sualtı boru kəmərləri
ACE layihəsinə qaz, neft və suvurma ixrac boru kəmərləri də daxildir və onların hamısı artıq dəniz dibində quraşdırılıb. ACE boru kəmərlərinin uzunluğu 6 ilə 12 kilometr arasında dəyişir və bunlar mövcud AÇG sualtı ixrac boru kəmərlərinə birləşir. Qaz xəttində sualtı birləşdirmə işləri artıq tamamlanıb. Neft və suvurma xətlərinin birləşdirilməsi isə hələ davam edir və 2023-cü ilin ikinci rübündə tamamlanacağı gözlənilir.