2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Yaşıllaşdırma və enerji effektivliyini bir vəhdətdə aparılır
2024-cü ilin “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində “AzərEnerji” yaşıl enerjinin əhatəsini genişləndirməklə paralel olaraq, kompleks yaşıllaşdırma aksiyaları da həyata keçirir. COP29-un əməliyyat şirkəti ilə razılaşdırılmış şəkildə ölkənin nəhəng enerji obyektlərində 29 min ədəd ağacın əkilməsi aksiyalarına başlanılıb. Artıq mart ayı ərzində “Mingəçevir” Su Elektrik Stansiyası, “Cəbrayıl” Enerji Qovşağı, Şirvandakı “Cənub” Elektrik Stansiyası və ən əsası gücünə görə müstəqillik dövründə tikilən ən böyük və hazırda da Mingəçevirdə inşası davam edən 1880 meqavatlıq yeni elektrik stansiyasının ərazisində minlərlə ağac əkilib və bu proses il boyu digər enerji obyektlərində də həyata keçiriləcək.
Qeyd edək ki, ağacəkmə aksiyası ilə paralel şəkildə tikintisi aparılan yeni elektrik stansiyası ölkədə yaradılan bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, enerji istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması, ətraf mühitin qorunması baxımından xüsusi önəm daşıyır. Belə ki, yeni stansiyanın şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə hər kilovat saat üçün 120 qram azalmaqla 225 qram təşkil edəcək ki, bununla da illik 1,2 milyard kub metr təbii qaza qənaət ediləcək, eyni zamanda ətraf mühitə atılan karbon qazının miqdarı 1,5-2 milyon ton azalacaq. Onu da nəzərə çatdıraq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının əsas müddəalarından biri məhz enerjinin effektivliyidir və yeni tikilən stansiya da bu xüsusda olduqca əhəmiyyətlidir.