Binalar üçün minimum enerji effektivliyi Normaları

 Binalar üçün minimum enerji effektivliyi Normaları

AZƏRBAYCAN RESPUBLİKASININ N A Z İ R L Ə R K A B İ N E T İ
Q Ə R A R

“Binalar üçün minimum enerji effektivliyi Normaları”nın təsdiq edilməsi haqqında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Binalar üçün minimum enerji effektivliyi Normaları” təsdiq edilsin (əlavə olunur).
2.Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırmaqla on səkkiz ay müddətində binalarda enerji effektivliyini təmin etmək məqsədilə qüvvədə olan tikinti norma və qaydalarının təkmilləşdirilməsini təmin etsin.
3.Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla bu Qərarın 2-ci hissəsi ilə təkmilləşdirilmiş tikinti
norma və qaydaları əsasında “Binalarda enerji sərfinin hesablanması metodologiyası”nı altı ay müddətində hazırlayıb təsdiq etsin.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 26 avqust 2023-cü il
№ 287

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2023-cü il 26 avqust
tarixli 287 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Binalar üçün minimum enerji effektivliyi
NORMALARI

1. Ümumi müddəalar
1.1. “Binalar üçün minimum enerji effektivliyi Normaları” (bundan sonra – Normalar) “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və enerji effektivliyi sinifləri üzrə binaların minimum enerji effektivliyi normalarını müəyyən edir. 1.2. Bu Normalarda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. binanın enerji effektivliyi sinfi – istismarda olan və ya layihələndirilən binanın enerji effektivliyini xarakterizə edən binanın enerji istehlakının qənaətlilik səviyyəsi; 1.2.2. binanın enerji sərfi – binanın istilik və soyutma itkilərinin kompensasiyası, isti su, işıqlandırma, havalandırma üçün tələb olunan enerjinin miqdarı; 1.2.3.binalarda enerji sərfinin hesablanması metodologiyası – tikinti norma və qaydalarına əsaslanan və binaların enerji sərfiyyatına (istilik təchizatı, soyuqluq təchizatı, isti su, işıqlandırma, havalandırma) təsir edən bütün parametrlər nəzərə alınmaqla binada sərf edilən enerjinin hesablanması metodologiyası; 1.2.4. binalar üçün enerjinin normalaşdırılan xüsusi sərfi – binanın istilik təchizatı, soyuqluq təchizatı, isti su, işıqlandırma və havalandırma üçün sərf edilən enerjinin normalaşdırılmış sərfi;

1.2.5. bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerji – ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələri (hidroenerji, külək enerjisi, günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi, dəniz və okeanlarda dalğa enerjisi, qabarma və çəkilmə enerjisi, su axınlarının enerjisi və s.) hesabına istehsal edilən enerji; 1.2.6. ilkin enerji resursları – heç bir çevrilmə və ya transformasiya prosesinə məruz qalmayan enerji resursları. 1.3. Bu Normalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir. 2. Binanın enerji effektivliyi sinifləri üzrə minimum enerji effektivliyi normaları 2.1. Azərbaycan Respublikasında binalar üçün aşağıdakı enerji effektivliyi sinifləri və siniflər üzrə minimum enerji effektivliyi normaları tətbiq olunur:

Sinfin işarəsi- Enerji effektivli-yi sinfinin adı -Bina üçün enerjinin faktiki (hesablanmış) sərfinin bina üçün enerjinin normalaşdırılan xüsusi sərfindən kənarlaşma göstəricisi (faizlə)

А Çox yüksək – 51-dən az

B Yüksək – 10-dan – 50-dək

С Normal – 9-dan + 5-dək

D Aşağı + 6-dan +75-dək

Е Çox aşağı +75-dən çox

Qeyd. Kənarlaşma = (hesablanmış sərf – normalaşdırılan xüsusi sərf) / normalaşdırılan xüsusi sərf) x 100.
2.2. Binanın enerji effektivliyi sinfi “Binalarda enerji sərfinin hesablanması metodologiyası” üzrə binaların istilik təchizatı, soyuqluq təchizatı, havalandırma, isti su təchizatı, habelə binanın işıqlandırılması üçün enerjinin illik istehlak göstəriciləri nəzərə alınmaqla (bərpa olunan enerji mənbələrindən alınan enerji istisna olmaqla), binanın bir kvadratmetr sahəsi üçün hesablanmış faktiki illik enerji sərfinin bina üçün enerjinin normalaşdırılan xüsusi sərfindən kənarlaşma göstəricisi əsasında müəyyən edilir.

3. Binalarda enerji sərfinin hesablanması metodologiyası

3.1. Binalarda enerji sərfinin hesablanması metodologiyası binaların enerji sərfiyyatına təsir edən və bu Normaların 3.3-cü bəndində qeyd olunan parametrləri nəzərdə tutur. Hesablama ilkin enerji resursları əsasında aparılır. Bərpa olunan enerji mənbələrindən alınan enerji resursları istisna olunmaqla, digər mənbələrdən istixana qazlarının ətraf mühitə olan emissiyalarının hesablanması metodologiyada öz əksini tapır.

3.2. Binalar üçün enerjinin normalaşdırılan xüsusi sərfi aşağıdakı kateqoriya (tip) binalar üçün müəyyən edilir:

3.2.1. yaşayış binaları, mehmanxanalar, sosial xidmət müəssisələri, yataqxanalar;

3.2.2. tibb müəssisələri; 3.2.3. təhsil müəssisələri;

3.2.4. istehsalat binaları və anbarlar;

3.2.5. inzibati təyinatlı binalar (ofislər);

3.2.6. digər ictimai binalar.

3.3.Binalarda enerji sərfinin hesablanması metodologiya-sında bu Qaydanın 3.2-ci bəndində qeyd edilən kateqoriya (tip) binalar üzrə aşağıdakı parametrlər nəzərə alınır: 3.3.1. binanın qoruyucu konstruksiya elementlərinin istilikötürmə müqaviməti; 3.3.2. binanın qoruyucu konstruksiyalarının havanüfuzetmə qabiliyyəti; 3.3.3. binanın qoruyucu konstruksiyalarının nəmlənmədən mühafizəsi; 3.3.4. mərkəzi isitmə və soyuqluq təchizatı sistemləri, isti su təchizatı, o cümlədən onların izolyasiyasının xarakteristikası; 3.3.5. daxili iqlim şərtləri, o cümlədən layihələndirilmiş daxili hava kondisiyalaşdırması; 3.3.6. təbii və mexaniki havalandırma sistemləri;
3.3.7. işıqlandırma (təbii və ya süni) sistemləri; 3.3.8. binanın konstruksiyası, cəhətlənməsi, o cümlədən iqlim şərtləri; 3.3.9. bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerjidən istifadə.
__________________

 

Binalar üçün minimum enerji effektivliyi Normaları