2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Ucqar dağ kəndlərinin enerji təminatı üzrə Yaponiya şirkəti ilə əməkdaşlıq müzakirə edilib
Energetika naziri Pərviz Şahbazov ilə Yaponiyanın “Komaihaltec” şirkətinin bərpa olunan enerji və xarici biznes departamentinin icraçı direktoru Emi Komainin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Görüşdə bərpa olunan enerji avadanlıqlarının istehsalçısı, hibrid enerji sistemlərinin tətbiqi üzrə təcrübəyə malik “Komaihaltec” şirkəti ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində Azərbaycanın dağlıq rayonlarının kəndlərində bərpa olunan enerji mənbələrindən istifadə ilə elektrik enerjisi və istilik təchizatının təmin edilməsinə dair müzakirələr aparılıb. Şirkət ilə optimal hibrid sisteminin tətbiqinə əsaslanan pilot layihə üzrə əməkdaşlıq nəzərdən keçirilib. Layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair zəruri aspektlərlə bağlı fikir mübadiləsi aparılıb. Pilot layihənin nəticələrindən asılı olaraq bu təcrübənin digər dağ kəndlərinədək genişləndirilməsi, həmçinin azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” konsepsiyasının həyata keçirilməsində şirkətin iştirakı perspektivlərinə də toxunulub.
Söhbət zamanı Yaponiyanın dəstəyi ilə külək elektrik stansiyalarının tikintisi və xidmətlər üzrə mühəndislərin hazırlanması və peşəkarlıq keyfiyyətlərinin yüksəldilməsi ilə bağlı təlimlərin keçirilməsi təklifi də irəli sürülüb.