2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Cəbrayılda 35 kilovoltluq yarımstansiyanın və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub
Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayılda “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Dövləti başçısı yarımstansiya və idarəetmə mərkəzinin təməlini qoyub.
İnşa olunacaq Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasından qidalanacaq. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə olan tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçıya çatdırılmasında abonent məmnunluğunu təmin edəcək.
“Cəbrayıl şəhər” 35/0,4 kilovoltluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi ilə “Hadrut” qovşaq yarımstansiyası arasında əlaqələndirmə xətləri çəkilməklə dairəvi təchizat sxemi yaradılacaq. Eyni zamanda, “Qubadlı şəhər” 35/0,4 kilovoltluq yarımstansiyanı Mərkəzlə birləşdirəcək ikidövrəli kabel xəttinin çəkilməsi Cəbrayıl və Qubadlı şəhərlərinin qarşılıqlı enerji mübadiləsinə imkan verəcək.
Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malik olacaq.