2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
6 ayda ölkədə 16,5 milyon ton neft, 23,4 milyard kubmetr təbii qaz hasil edilib
2022-ci ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 16,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Respublika üzrə neft hasilatının 10,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 milyon ton təşkil edib.
Hesabat dövründə 13,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,6 milyon tona yaxın konsorsiumun, 780 min tonu isə SOCAR-ın payına düşür.
6 ay ərzində ölkədə 23,4 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,9 milyard kubmetri AÇG-dən, 12,6 milyard kubmetri “Şahdəniz”dən, 3,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz, yəni 3,1 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 11,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə 4,3 milyard kubmetr, Avropaya 5,4 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Bu dövrdə BTC boru kəməri sisteminə 55 milyon kubmetr qaz verilib. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 2,9 milyard kubmetrə yaxın qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyul 2022-ci il tarixinədək 594,8 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 556,8 milyon ton neft, “Şahdəniz”dən isə 38 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 01 iyul tarixinədək 593 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Yataqlar istismara veriləndən cari ilin 01 iyul tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 197 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 170 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 116 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.
Cari ilin yanvar-iyun aylarında ölkədə neftin emalı 2,7 milyon ton təşkil edib.